Erməni millətçiləri XIX əsrin sonlarında – 1885-ci ildə Marseldə “Armenakan”, 1887-ci ildə Cenevrədə “Qnçaq”, 1890-cı ildə isə Tiflisdə “Daşnaksütyun” partiyalarını yaratmaqla, “Böyük Ermənistan” dövləti qurmaq iddialarını ortalığa qoydular.
XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnaksütyun” partiyasının proqramında qarşıya qoyduğu “Böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün öz fəaliyyətlərini genişləndirmiş, bu məqsədlə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma ata – baba ocaqlarından qovmaqla kütləvi surətdə etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başlamışlar.
Osmanlı dövləti beynəlxalq güc mərkəzinin təzyiqi altında ağır günlərini yaşayarkən, daha bir zərbəni ölkədə yaşayan ermənilərdən almışdı. Əli silah tutan bütün ermənilər düşmən tərəfə keçərək türklərə arxadan zərbə vurmağa başlamışdılar. Ona görə də dövlət həmin erməniləri ölkənin elə yerlərinə köçürmüşdü ki, orada xarici qüvvələrlə əməkdaşlıq etmək mümkün olmasın. Təbii ki, həmin köçürmələr zamanı bir neçə yüz erməni xəstələnmiş və ya ölmüşdür. Sonra erməni siyasətçiləri (bəli, tarixçilər yox, məhz siyasətçilər – red.) bütün dünyanın başını ağrıtmağa başlamışlar ki, guya, Osmanlıda milyonlarla erməni öldürülüb. Halbuki həmin illərdə bütün regionda öldürüldüyü söylənilənlərin sayı qədər erməni yox idi. Bunu tarixçilər və tədqiqatçılar dönə-dönə sübut ediblər. Yəni, bütün soyqırımı vay-şivənləri azərbaycanlıların başına gətirilənlərin ört – basdır edilməsi məqsədini daşıyırdı.
Tarixi faktlar ondan ibarətdir ki, azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar Bakı, Quba, Şamaxı, Kürdəmir, Lənkəranla yanaşı, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə amansız şəkildə davam etdirilmişdir. Soyqırımı nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən bu vəhşiliklər törədilərkən məktəblər, məscidlər yandırılmış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.
Cənubi Qafqazın sovetləşməsindən öz məqsədləri üçün istifadə edən erməni millətçiləri şovinist hərəkətlərindən əl çəkməyərək, 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Bundan sonra isə həmin ərazilərdə tarixən yaşamış azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirdilər. Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə XIX əsrdə köçürülən ermənilərə 1923-cü il iyunun 7-də muxtar vilayət statusu verildi ki, bu da Sovet Rusiyasının himayəsi və iştirakı ilə həyata keçirildi. Bu hadisə təkcə Azərbaycanın inzibati-ərazi bölgüsünün pozulması deyil, həm də ermənilərin ölkəmizə qarşı gələcək ərazi iddiaları üçün bir vasitə oldu.
XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının dəstəyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün “aşkarlıq və demokratiyadan” istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. SSRİ-nin süqutu ərəfəsində Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət buna nail olmaq üçün Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırımı və təcavüzə məruz qoydu. Bununla yanaşı, 250 min azərbaycanlı tarixən yaşadığı torpaqlardan – Ermənistandan zorakılıqla deportasiya olunmuşdur.
XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Dünya tarixində Xocalı faciəsi yaddaşlardan heç vaxt silinməyən Xatın, Xirosima, Naqasaki, Sonqmi, Ruanda, Srebrenitsa və Xolokost kimi dəhşətli faciələrdən heç də geri qalmır. Adıçəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.
Ümumiyyətlə, ermənilər tarix boyu həmişə məqam gözləyiblər. Əllərinə düşən fürsətdən istifadə edərək zaman-zaman azərbaycanlılara qarşı dəhşətli qətliam və terror aktları törətmiş, sonra isə özlərini məzlum, əzilən millət kimi göstərərək, guya, türklər tərəfindən soyqırımına məruz qaldıqları barədə cəfəng iddialarla dünyanı gəzib-dolaşır, ictimai fikri çaşdırırlar.
Bunun əsas səbələrindən biri, daha dəqiq desək, Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların hələ də göz yummaları və ikili mövqe nümayiş etdirmələridir. Azərbaycan torpaqlarının işğalı faktı beynəlxalq təşkilatlar tərəfindən lazımı formada müdafiə edilmir. Dünya birliyi, həmçinin beynəlxalq qurumlar təcavüzkar Ermənistana lazımı formada sanksiyalar və təzyiqlər göstərmirlər. Belə ikili yanaşmanın nəticəsidir ki, bu gün beynəlxalq hüquq işləmir, iflic vəziyyətinə düşüb. Bu da Azərbaycan kimi neçə-neçə suveren, müstəqil dövlətlərin ərazilərinin təcavüzkarlar tərəfindən işğal edilməsinə gətirib çıxarıb. Bəzi beynəlxalq təşkilatlar bu cür hallara quru bəyanatlar verməklə seyrçi mövqe sərgiləyir və bununla da öz işlərini bitmiş hesab edirlər. İşğalçılıq siyasətinə son qoyulması ilə əlaqədar qəbul olunan qətnamələr isə icra olunmamış qalır. Elə buna görə də ermənilərin müxtəlif qondarma iddialarla çıxış etmələri, soyqırımına məruz qalmaları barədə vay-şüvən salmaları beynəlxalq hüququn bərbad vəziyyətdə olmasından xəbər verir.
Hazırda ermənilər qondarma soyqırımına məruz qalmalarının 100 illiyinə hazırlaşırlar. Hətta Eçmiədzinin partnyorluğu altında təcavüzkar ölkənin baş yepiskopu və dünya erməniləri bu günlərdə İrəvanda qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar tədbir də keçirib. Həmin tədbirdə əsas məqsəd qondarma erməni soyqırımında, guya qətlə yetirilmiş 1,5 milyon ermənini əziz (müqəddəs) elan etməkdir.
Təəssüf ki, ermənilərin saxta iddialarına dəstək verən beynəlxalq təşkilatlar və parlamentlər də var. “Erməni soyqırımı”nı qəbul edən 19 ölkə arasında Avropa dövlətləri də var. Əslində, bu uydurma soyqırımını qəbul edənlər, ölkələr, xalqlar deyil, obyektivlik hissini itirən siyasətçilərdir. Bir çox halda isə bu siyasətçilərin və ya dövlət rəhbərlərinin özləri də hadisənin mahiyyətindən bixəbərdirlər. Təki öz maraqları təmin olunsun. Məsələn, Fransanın sabiq prezidenti Sarkozinin təşəbbüsü ilə ölkədə qondarma erməni soyqırımını inkar edənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərar qəbul etmək istəyirdilər. Ancaq buna nail ola bilmədilər. Sarkozi bu qərar ilə türklərdən intiqam almaq və Türkiyənin Avropa Birliyinə qəbulunu əngəlləmək istəyirdi. Həm də bu qərar Fransada növbəti prezident seçkiləri ərəfəsində qəbul olunmalı idi.
Sarkozi bu seçkilərdə məğlubiyyətini başa düşdüyü üçün, xarici siyasətə müdaxilə etməklə özünü vəziyyətdən çıxarmaq istəyirdi.O, qarşıdakı seçkilərdə ermənilərin səsinə ümid edirdi. Bu bədnam “ siyasətçi” eyni zamanda həmin addımla Avropa Birliyində də rəhbərliyi ələ almaq niyyətində idi. Əslində isə Sarkozinin “erməni soyqırımı” barədə müfəssəl məlumatı olmayıb. Çünki o, Fransa jurnalistinin suallarına cavab verərkən demişdir ki, erməni soyqırımı İrəvanda baş verib.
Artıq ermənilərin məkrli niyyətlərinə inanan yoxdur. “Məzlum” ermənilərin soyqırımına məruz qalmaları barədə səslərinə səs verənlər, demək olar ki, qalmayıb. Bir neçə il müəyyən məqsədlər naminə qondarma soyqırımını tanıyanlar da artıq həmin qərarlarını ləğv edirlər. Fakt üçün qeyd edək ki, Ukraynanın Xarkov Vilayətinin İzyum Şəhər Şurası 2009-cu ildə “erməni soyqırımı”nın tanınması haqqında qəbul etdiyi qərarı 2010-cu ildə ləğv edib. Bu barədə Şəhər Şurasının növbəti sessiyasında qərar qəbul olunub. Bu qərar Ukrayna qanunvericiliyinə zidd hesab olunub və yerli idarəetmə orqanının belə bir qərar qəbul etməyə səlahiyyəti olmadığı bildirilib. Yəni, kimsə öz maraqlarını dövlət maraqlarından üstün tutarsa, son nətisədə əli boşda qalar.
Artıq beynəlxalq ekspertlər və dünyanın nüfuzlu tədqiqatçıları da Osmanlı dövlətində ermənilərin soyqırımına məruz qaldığının yalan olduğunu bildirirlər. Araşdırmalar zamanı məlum olub ki, Luisfil Universitetinin professoru Casten Makkartinin ABŞ Konqresinin arxivindəki mənbələrə əsasən yazdığı “İtirilmiş hesabatlar” əsəri ermənilərin soyqırımı iddialarının uydurma olduğunu rəsmən sübut edib.
“İtirilmiş hesabatlar” əsərində xüsusilə qeyd olunur ki, ABŞ-ın o zamankı prezidenti Vudro Vilson qondarma erməni soyqırımına ciddi önəm verirmiş. Bundan əlavə, Sarıqamışdakı rus ordusunun Qafqaz cəbhəsinin qərargah rəisi, general Mixail Bloxovitinov tərəfindən çar Rusiyasının Tiflisdə yerləşən rus ordusunun kəşfiyyat şöbəsinə göndərilən “məxfi qirifli” 50 səhifəlik hesabatda da soyqırımının uydurma olduğu tam sübuta yetirilir.
ABŞ-ın görkəmli elm xadimləri də soyqırımı iddiasını erməni uydurması hesab edirlər. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Ohayo ştatından seçilmiş Jan Şmidt “erməni soyqırımı”nı tanımadığı üçün ermənilərin qəzəbinə tuş gəlmişdi. J.Smidt bildirmişdi ki, 1915-ci il hadisələrini soyqırımı kimi qiymətləndirmək doğru deyil. O deyib ki, Konqresin üzvü kimi heç vaxt “erməni soyqırımı” haqqında layihələrə səs verməmişəm. Hər zaman hesab etmişəm ki, bu məsələ Konqresin problemi deyil. Bu problemin birdəfəlik həlli üçün mütəxəssislərdən ibarət müstəqil beynəlxalq komissiyanın yaradılması fikrini dəstəkləmişəm.
J. Şmidt xatırladıb ki, ABŞ-ın bir sıra nüfuzlu alimləri də 1915-ci ildə baş vermiş faciəvi hadisələr üçün “soyqırımı” ifadəsinin işlədilməsinin doğru olmadığını bəyan ediblər. Bu alimlər arasında Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson … kimi elm adamları var.
Erməni lobbisinin bütün cəhdlərinə baxmayaraq, İsrail parlamenti (Knesset) də “erməni soyqırımı”nı tanımadığını bəyan edib. İsrail xarici işlər nazirinin müavini Danni Ayalon deyib ki, İsrail Azərbaycanla strateji əlaqələrini pozmaq istəmir. Onun sözlərinə görə, Knessetin erməni soyqırımı”nı tanımaq şansı yoxdur. Diplomat bildirib ki, 100 il öncə olan hadisələr üçün Azərbaycanla münasibətlərimizi poza bilmərik”. Nazir müavininin fikrincə, İsrail hökuməti populist qərarlara qarşıdır və bu kimi davranışları qəbul etmir.
Belə faktların sayı getdikcə artır və artıq dünya birliyində də ermənilərin uydurmalarına, yalanlarına inanmırlar. Bəzi siyasilərin öz maddi maraqlarının təmin olunması naminə, ermənilərin soyqırımına məruz qalmaları barədəki iddialrı dövlət səviyyəsində qəbul edilmir. Bu da ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurların bariz nümunəsidir.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”, 24 aprel 2014