AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, arxeoloq Pərviz Qasımov və AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zaur Ağamalıyevlə danışdıq.
Fuad Babayev: AMEA-nın nəzdində olan İnstitutların İctimaiyyətlə əlaqələr şöbələri nə ilə məşğul olur? Buyurun sizi dinləyirik.
Pərviz Qasımov: İlk baxışdan belə görünə bilər ki, ictimaiyyətlə əlaqələr yalnız institutun öz profilinə uyğun olaraq müəyyən məsələlərə aydınlıq gətirir və ya həmin institutun müəyyən elm sahəsində olan əlamətdar hadisələri, elmə verdiyi töhfələri işıqlandırır. Təkcə bununla bitmir. Konkret olaraq Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin işi çox müxtəlifdir, təqribən 10 əsas istiqamət üzrə işləyirik. İlk növbədə ictimai tədbirlər, onların işıqlandırılması, ikincisi sırf elmi tədbirlər. Onlar da öz növbəsində respublika və beynəlxalq əhəmiyyətli tədbirlərə bölünür. Digər bir istiqamət institut əməkdaşlarının fəaliyyəti nəticəsində əldə olunan uğurların işıqlandırılmasıdır. Sözsüz ki, arxeologiya ilə bağlı işləri, arxeoloji tapıntıları xüsusi qeyd etməliyik. Daha bir istiqamət ictimaiyyətlə əlaqələrdir. Məsələn, hər hansı bir bölgədə aparılmış qazıntı haqqında xəbər veririk. Çox operativ şəkildə respublikanın dövlət və özəl kanallarından, müxtəlif xəbər saytlarından, hətta əyləncə saytlarından müraciətlər gəlir. Jurnalistlər həmin qazıntıları aparan ekspedisiya rəhbərindən və ya digər məsul şəxslərdən geniş müsahibə almaq istədiklərini bildirirlər. İctimaiyyətlə əlaqələr şöbəsinin internet ünvanı açıq olduğu üçün hərdən sırf institutun elmi şöbələrinə aid olan məsələlərlə bağlı da müraciətlər olur. Məsələn, aparılan hansısa tikinti zamanı nəsə tapıldıqda bizə müraciət olunur və mən də aidiyyatı üzrə müvafiq şöbələrə məlumat verirəm. Problemlərlə bağlı müraciətlər də olur. Tutaq ki, bir mövsüm arxeoloji tədqiqat aparılır, gələn mövsümdə də həmin işlər davam etdirilməlidir. Bəzən onlara da müdaxilələr edirlər. Bir sözlə fəaliyyətimiz çoxşahəlidir. Nəticə etibarilə bizim üçün inhisar məsələsi ortaya qoyulmayıb ki, yalnız aparılan qazıntılar, əldə olunan uğurlar, arxeoloqlarımızın, etnoqraflarımızın xarici ölkələrdə ezamiyyəti, konfranslarda iştirakı işıqlandırılmalıdır. Fəaliyyətimiz çoxşaxəlidir.
Fuad Babayev: Zaur müəllim, məlum məsələdir ki, Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Neft-Kimya Prosesləri İnstitutu çox fərqli sahələrdə fəaliyyət göstərir.
Zaur Ağamalıyev: Pərviz müəllim çox ətraflı və geniş məlumatlar verdi. Bizim institutun ictimaiyyətlə əlaqələr şöbəsinin əsas vəzifəsi institutda olan tədbirlərin, alimlərin institutdan kənar konfranslarda iştirakını işıqlandırmaqdır. Bu məlumatlar daha sonra ölkədaxili mətbuata da ötürülür. Biz eyni zamanda elmi nəaliyyətlər, yeniliklər, alimlərin məqalələri və kitabları haqqında da geniş informasiyalar veririk. İnstitutun öz saytı (nkpi.az) və çıxan jurnallarımızla bağlı olan saytımız fəaliyyət göstərir. Həmin saytda sırf elmi məqalələr yerləşdirilir. Hətta “maraqlı məlumatlar” bölməsi adı altında bir rubrika da yaratmışıq. Bu bölmədə kimyaya aid ən çətin mövzular öz əksini tapıb.
Fuad Babayev: Məncə, bu abituriyentlər üçün də maraqlı olar.
Zaur Ağmalıyev: Bəli, abituriyentlərlə yanaşı müəllimlər üçün də nəzərdə tutulan informasiyalar var. Rubrikamızda insan sağlamlığına dair informasiyalar da öz əksini tapib. Məsələn, dərmansız müalicə üsulları və.s. Yalnız institut haqqında məlumat yerləşdirən vaxtlarda sayta maraq çox az idi. Ancaq indi belə deyil, biz geniş oxucu kütləsi qazandıq. 40-a yaxın ölkədən sayta giriş var.
Bu yaxınlarda dövlət başçısının sərəncamına əsasən institutun 90 illik yubileyi keçirildi. İnstitutumuzda çox böyük beynəlxalq konfrans baş tutdu. Müxtəlif ölkələrdən qonaqlar dəvət olunmuşdu. Bu barədə saytımızda da, mətbuatda da informasiyalar verildi.
Bizim digər bir missiyamız isə kimyadan istifadə mədəniyyətini insanlara aşılamaqdır.
Fuad Babayev: AMEA İnstitutlarının mətbuat katibləri bir araya gəlirmi?
Zaur Ağamalıyev: Bəli, hər ilin sonu institutların ictimaiyyətlə əlaqələr şöbə müdirləri görülən işlər barədə hesabat verirlər.
Fuad Babayev: Hesabat kimə verilir?
Zaur Ağamalıyev: AMEA-nın İctimaiyyətlə Əlaqələr şöbəsinə.
Ən az ayda bir dəfə, əsasən, elmi-kütləvi mövzularla bağlı Akademiyada tədbirlər olur. İctimaiyyətlə əlaqələr şöbə müdirləri də həmin tədbirlərdə iştiak edirlər.
Fuad Babayev: Pərviz müəllim, sizin şöbədə ümümi mənzərə necədir? Sizin sahə ilə bağlı mediada gedən informasiyalar içərisində “fake” xəbərlər olması və buna bənzər neqativ hallar baş verirmi?
Pərviz Qasımov: Fuad müəllim, antireklam elə reklamın tərkib hissəsidir. Əgər hər hansı bir qurum və ya onun fəaliyyəti barədə “fake” xəbər yayılırsa və buna maraq yaranırsa, sözsüz ki, gec-tez qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə müraciət olunur ki, məsələyə aydınlıq gətirilsin. Bu ictimaiyyətlə əlaqələr şöbəsinin fəaliyyətinin tərkib hissəsidir. Şöbələr isə öz imkanları çərçivəsində fəaliyyət göstərir.
Fuad Babayev: Sırf elmi səciyyəli, ixtisaslaşmış jurnalistika haqqında danışaq.
Pərviz Qasımov: Arxeologiya və Etnoqrafiya İnstitutun öz spefikiasına aid bir şeydən danışmaq istəyirəm. Elə xəbərlər var ki, baxmayaraq ki, Azərbaycan elmi üçün böyük uğurdur, biz onu müəyyən səbəblərdən kütləviləşdirə bilmirik. Məsələn, hər hansı ölkə arxeologiya üzrə konfrans keçirir, dəvətlər göndərir, elanlar verir. Ora müxtəlif ölkələrdən məqalələrin tezisi göndərilir. Bu təşkilatlar ola bilsin ki, dünyada gedən siyasi proseslərdən xəbərsizdir. Azərbaycandan eləcə də qonşu respublikalardan hər hansı arxeoloq və ya etnoloq məqalənin tezisini göndərir. Sonradan ümumi konfrans ərəfəsində seksiyalar üzrə çıxışlar olur. Bu zaman alimlərimiz belə bir faktla üzləşirlər ki, bizə qarşı işğalçılıq siyasəti yeridən respublikadan hər hansı bir alim qanunsuz olaraq, Azərbaycanın işğal olunmuş ərazisində aparılan qazıntı barədə elmi məqalə vermək istəyir. Faktiki işğalın elm aspektində legitimləşdirilməsinə can atır. Yaxud, Azərbaycanın etnologiyası, etnoqrafiyası haqqında iftiralı bir məqalə olur. Sözsüz ki, bizim etnoqraflar da, arxeoloqlar da, antropoloqlar da buna etiraz edir və konfrans təşkilatçılarına bildirirlər ki, əgər bu məqalə dərc olunacaqsa, biz iştirakdan imtina edirik və sizinlə əməkdaşlıqda bir məna görmürük. Konfrans təşkilatçıları problemlə maraqlandıqdan sonra başa düşürlər ki, beynəlxalq hüquq Azərbaycanın lehinədir. Belə olan halda qarşı tərəfə, yəni erməni mütəxəssislərinə təşkilatçılar tərəfindən bildirilir ki, biz sizin bu məqalə ilə belə bir konfransda iştirakınızı məqbul saymırıq, ya mövzunu dəyişin, ya da ümumiyyətlə iştirak etməyin. Bizə isə bildirirlər ki, xahiş edirik bunu qələbə kimi qiymətləndirməyin. Bu bizim üçün əlverişsizdir. Nəticə etibarilə konflikt situasiya meydana gəlir. Ona görə də baxmayaraq ki, bizim mütəxəssislər beynəlxalq konfranslarda uğur əldə edirlər, biz təşkilatçı ölkənin, eləcə də mütəxəssislərin mənafeyini nəzərə alaraq bunları işıqlandırmırq.
Sizə bir hadisədən də danışım. Azərbaycanda çalışmış əcnəbi bir arxeoloq çox gözəl bir məruzə ilə xarici ölkərdən birində çıxış edib və çıxışında tez-tez neolit dövründə Azərbaycanda Qarabağın Dağlıq hissəsində olan xüsusiyyətləri danışıb. Bu zaman həmin ölkədə olan erməni diaspor nümayəndələri ona qarşı hücuma başlayıblar ki, ya sən Qarabağın adını çəkməməlisən, ya da Azərbaycanın. Mütəxəssis öz etirazını bildirib və qeyd edib ki, axı necə çəkməsin. Bütün dünya tərəfindən tanınan bir faktdır ki, bu ərazilər Azərbaycana məxsusdur. O, İnstitut rəhbərliyi ilə məktublaşanda bu barədə məlumat vermişdi. Yəni bu kimi hallar da baş verir. Çox təəssüf ki, bunları da kütləviləşdirə bilmirik.
Fuad Babayev: Elm və diplomatiya fərqli sahələrdir. Düzdür, elmin də, diplomatiyanın da öz etikası var. Amma əsas məsələ odur ki, bizim alimimiz hansısa beynəlxalq konfransda iştirak edib və onun haqqında informasiya yaymaq özü də kifayət qədər əhəmiyyətlidir. Zaur müəllim, neft-kimya prosesləri sferasında elmi jurnalistika barədə nə deyə bilərsiniz?
Zaur Ağamalıyev: Bizdə situasiya bir qədər fərqlidir. Məsələn, tutaq ki, alim yeni bir gübrə icad edir. Haqqında geniş bir məqalə hazırlayır ki, bu iqtisadi cəhətdən sərfəlidir, ekoloji cəhətdən heç bir ziyanı yoxdur. Bu kimi məlumatlar ancaq məhdud bir dairəni cəlb edə bilər. Biz elmi məqalələr yazan zaman çalışırıq onu elə edək ki, oxucu üçün anlaşılan olsun. İnstitutda Yusif Məmmədəliyevin memorial muzeyi fəaliyyət göstərir və Azərbaycanda ilk muzeydir ki, ikili tabeçiliyi var. Həm AMEA-ya, həm də Mədəniyyət Nazirliyinə tabedir. Muzeyin yaradılmasında Azərbaycan Dövlət Neft Şirkətinin xüsusi rolu var.
Fuad Babayev: Yusif Məmmədəliyev elə həmin binada işləyib?
Zaur Ağamalıyev: Bəli. Məşhur “Molotov kokteyli” vaxtilə bizim institutda Y.Məmmədəliyev tərəfindən düzəldilib. Sadəcə olaraq Stalinə Molotov tərəfindən təqdim olunduğu üçün adı belə olub.
Naftalan nefti barədə də çoxlu məqalələr hazırlayıb mətbuatda işıqlandırmışıq. Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin aradan qaldırılmasında əvəzsizdir. Bizim institutda təmizlənib və qara neftdən ağ neft almışıq. 30-a yaxın xəstəlikdə istifadəsi nəzərdə tutulan bu neft hal-hazırda AMEA-nın Təcrübə-Sənaye zavodunda istehsal olunur. Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyata alınıb, apteklərdə satışı da var. Onun müxtəlif bitkilərin yağları ilə konsentrasiyasını da hazırlanır. Bu barədə də mətbuatda tez-tez məlumatlar veririk. Naftalan nefti dünyada analoqu olmayan neftdir. Yalnız Azərbaycanda çıxır. Bütün kimyəvi analizi bizim institutda yerinə yetirilib. Neftin tərkibində müəyyən maddələr var ki, insanın genində olan maddələrlə yaxındır. Ona görə də orqanizmə ziyanı yoxdur.
Fuad Babayev: Məvaciblərin kiçik olması səbəbilə gənclərin elmə həvəssiz gəlməsi, intensiv elmi fəaliyyətlə məşğul olmaq yaşında və iqtidarında olan insanların da elə həmin səbəbdən paralel olaraq fərqli işlərlə məşğul olmaq məcburiyyətində qalması elmlə bağlı ən böyük probləmlərdən biridir, elə deyilmi?
Zaur Ağamalıyev: Çox yaxşı məsələyə toxundunuz. Biz bu yaxınlarda Rusiyada elmi konfransda idik və plenar məruzə ilə çıxışımız oldu. Müxtəlif ölkələrdən alimlər, mütəxəssislər iştirak edirdi, çox maraqlı diskussiyalar alındı. Ölkəmiz dünyada zəngin neft ölkəsi kimi tanınır, onlar elə düşünürlər ki, neft sahəsində elmə böyük pullar ayrılır. Hətta söhbət əsnasında mənə bu barədə suallar da verdilər ki, dünyada nefti ilə tanınan ölkədə yəqin ki, bu sahədə çalışan şəxslər də çox yaxşı məvacib alırlar.
Düzdür bizim institutda şərait çox yaxşıdır. Dövlət Neft Şirkətinin maddi dəstəyi ilə bizim instituta bahalı və müasir avadanlıq aparaturalar alınıb.
Fuad Babayev: Yəni, laboratoriyalarınız dünya standartlarına uyğundur.
Zaur Ağamalıyev: İnstitutda elə texnikalar var ki, dünyada sadəcə 2 ədəddir, biri Almaniyada biri isə bizdə. Elmi-tədqiqat işləri görmək üçün heç bir maneə yoxdur. Bəzən insanlara maraqlı gəlir ki, necə olur sovet vaxtı elmi işlərimizi 10 ilə müdafiə edirdik, indi isə 3 ilə. Əvvəllər bir çox analizlər xarici ölkələrdəki laboratoriyalara göndərilirdisə, artıq elə deyil. Məvacib məsələsinə gəldikdə onu deyim ki, 2015-ci ilə qədər yaxşı idi. Həm də yeni çıxan qərarla qrant məsələləri dayandırıldı. Bu isə elmi işlə məşğul olanlara çox böyük təsir etdi.
Fuad Babayev: Yəni bir növ elmi qrantlar qanundan kənar hala salındı.
Zaur Ağamalıyev: Bəli. Hər hansı alim əvvəllər beynəlxalq qrantda iştirak edib, qrantı qazanırdısa demək olar ki, heç maaşa ehtiyac olmurdu.
Fuad Babayev: Bəs necə düşünürsünüz sizin institutlar potensiallı gəncləri elmə gəlməyə təşviq edə bilirmi?
Pərviz Qasımov: 2012-2013-cü illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində dərs deyirdim. İndiki gənclər sovet dövrünün gənclərindən çox fərqlidir. Onlar daha çox rasional düşünürlər. Addım atanda da yüz ölçüb bir biçirlər.
Fuad Babayev: Və elmə gəlmirlər.
Pərviz Qasımov: Dərs dediyim qrupda bir neçə dil bilən gənclər var idi. Hətta mən dərs dediyim qrupda öz istəyi ilə qədim sanskriti öyrənmiş bir tələbə təhsil alırdı. Özünə də bildirdim ki, Azərbaycanda indiyə qədər sanskriti belə təmizliyi ilə bilən ikinci bir şəxs hələ mənim rastıma çıxmayıb. Mən ona təklif etdim ki, bu sahədə çalışsın. Təbii ki, maraqlandığı ilk nüans məvacib məsələsi oldu. 2013-cü ildən bu yana fərqli arxeoloji qruplarla çalışırıq, onların içində gənclər də kifayət qədərdir. Xüsusilə Fransa, Almaniya kimi ölkələrdə sırf arxeologiya üçün deyə bilərəm ki, hətta ehtiyac olduğu halda əcnəbi kadrlar da cəlb edirlər. Baxırsan ki, Fransa arxeoloji ekspedisiyasıdır, amma tərkibində əcnəbi nümayəndələr də var.
Aytac Hüseynova: Çünki elm artıq beynəlmiləlləşib.
Pərviz Qasımov: Həm də həmin ölkələrdə tədqiqat elminə xüsusi diqqət yetirildiyi üçün digər ölkələrdən də özlərinə “beyin axını”nı təşkil edirlər. Belə rəqabətin getdiyi dünyada ilk növbədə tədqiqatçı alimlərin təminatına diqqət yetirilməlidir. Yəni alimi digər sosial və ya məişət məsələləri məşğul etməməlidir, bütün diqqətini, enerjisini işinə verməlidir. Belə şəraitdə dövlət də qazanır, millət də.
Zaur Ağamalıyev: Bizdə isə son 2 ilə qədər gənclərin xüsusilə oğlanların elmə gəlməsi problem idi. İnstitumuzda magistr pilləsi yaranandan sonra gənclərin axını yarandı. 5 nəfərdən 2-si getsə də 3-nü saxlamaq olur. Məvaciblər yenə də azdır, amma gənclər şəraiti gördükdən sonra bir növ həvəslənirlər. Düzdür hər bir sahə önəmlidir, amma bugünkü dövrdə bütün qabaqcıl ölkələr elmi cəhətdən inkişafda olan ölkələrdir. Bu səbəblə elmə daha çox diqqət ayrılmalıdır.
Məqalədə www.bmc.gov.in saytının fotosundan istifadə edilmişdir.
Hazırladı: Aytac Hüseynova, 1905.az