Aprelin 11-də Vilnüsdə “Postsovet məkanında dondurulmuş münaqişələr: onların siyasi mənası və mümkün həll üsulları” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransda əsas diqqət postsovet məkanında, xüsusən dondurulmuş münaqişələr zonasında geosiyasi vəziyyətin müzakirəsinə yönəldilmişdir. Konfransın işində Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev başda olmaqla Azərbaycan nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Moldova, Ukrayna və Gürcüstanın Litvadakı səfirləri, siyasi analitik, İsrail teleradiosunun şərhçisi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü, “Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut, beynəlxalq ekspertlər, KİV nümayəndələri iştirak ediblər.
A.Qut konfransda çıxışı zamanı qeyd edib ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20%-i işğal olunub, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. “Bu gün Ermənistan tam olaraq Rusiyanın siyasi və iqtisadi ambisiyalarından asılıdır. Ermənistanı aclıqdan erməni diasporu xilas edir. Şəxsi pul köçürmələri ildə iki milyard dollara çatır, üstəgəl ABŞ Konqresinin maliyyə yardmı”, – deyə israilli analitik bildirib.
A.Qut daha sonra konfrans iştirakçılarına Xocalı soyqırımına dair geniş və ətrafli prezentasiya təqdim edib. Qutun sözlərinə görə, bu faciənin amansız və dəhşətli səhnələri Azərbaycanın qəlbində yara kimi əbədi qalacaqdır. A.Qut demişdir: “Xocalı faciəsi bir tərəfdən Xocalının hər bir sakininin öz torpağına, millətinə, vətəninə sədaqətinin nümunəsidir. Digər tərəfdən, bu, Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi soyqırımıdır, barbarlığın və faşizmin görünməmiş təzahürüdür”.
“Xocalıya ədalət” beynəlxalq kampaniyasının İsraildə rəsmi koordinatoru Arye Qut qeyd edib ki, Ermənistan silahlı birləşmələrinin vəhşiliyi nəticəsində Xocalı sakinlərindən 613 nəfəri öldürülmüş, 487 nəfəri şikəst olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülmüş, ağlasığmaz işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalmışlar. 150 nəfərin taleyi indiyədək məlum deyildir. Bu, əsil soyqırımı idi. Xocalıda qətlə yetirilmiş 613 nəfərdən 106-sı qadınlar, 63-ü uşaqlar, 70-i qocalar olmuşlar.
Arye Qutun sözlırinə görə, ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasına, ölkədə bir milyondan çox qaçqın və məcburi köçkünün yaşamasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsidir. “Qədim Azərbaycan torpağında islam, iudaizm, atəşpərəstlik, xristianlıq və s. dinlər mövcud olub. Bu ölkədə indinin özündə də yüksək tolerantlıq və dözümlülük vardır. Belə bir əhəmiyyətli tarixi fakt da var ki, müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətində dörd nazir yəhudi xalqının nümayəndələri olublar ki, bu da Azərbaycanda tarixən yəhudilərə bəslənilən münasibəti göstərir”.
1905.az