Müsahibimiz İsrail-Azərbaycan Beynəlxalq Təşkilatı (AZİZ) İdarə Heyətinin üzvü, “Justice for Khojaly” (“Xocalıya ədalət!”) beynəlxalq kampaniyasının İsraildəki rəsmi koordinatoru, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutdur.
Arayış: Arye Qut 1975-ci ildə Bakı şəhərində anadan olub. 1999-ci ildə BDU-nun beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra, həmin ali məktəbdə iki il müəllim kimi çalışıb. 2000-ci ildə İsrailə köçən Arye Qut hazırda İsrail televiziya və radiolarında Cənubi Qafqaz və Türkiyə ilə bağlı siyasi şərhçi, eyni zamanda yüksək texnologiya sahəsində layihə rəhbəri vəzifəsində çalışır.
– Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası 110 il öncə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş soyqırımla bağlı kampaniya həyata keçirir. İsraildə Azərbaycanın məruz qaldığı təcavüz, bizim təqribən 110 il əvvəl ermənilər tərəfindən soyqırıma məruz qalmağımız haqqında məlumatı olanlar haqqında nə deyə bilərsiniz?
-Təəssüflə bildirmək istərdim ki, İsraildə azərbaycanlıların təqribən 110 il bundan əvvəl ermənilər tərəfindən soyqırıma məruz qalması haqqında məlumat yox dərəcəsindədir. İndiyə kimi bu barədə məlumat dünyaya çatdırılmayıb. Yaxud başqa bir faktı söyləyim. 1918-ci ildə Quba ərazisində erməni daşnakları tərəfindən öldürülmüş azərbaycanlılar və dağ yəhudiləri haqqında dolğun məlumat yoxdur. Mən bu yaxınlarda Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Quba Soyqırım Muzeyini ziyarət etdim. Yüksək səviyyədə bir muzey tikilib, yaradılıb. Lakin orada video və audio effektlər üzərində hələ çox çalışmaq lazımdır. Bu, həqiqətən qanlı faciə ilə bağlı dünyada və internet aləmində elmi ədəbiyyat çatışmır. Ona görə də həmin ədəbiyyatı BMT-nin 6 əsas dilinə çevirmək lazımdır. Məsələn, İsraildə İkinci Dünya muharibəsi zamanı həlak olan və qətlə yetirilən 6 milyon Avropa yəhudisinin xatirəsinə tikilmiş Xolokost (Yad Vashem) elmi institutu-muzeyi mövcuddur. Bu muzey yalnız sadə anlamda muzey deyil, həm də Xolokost sahəsində dünyanın ən böyük tədqiqat mərkəzidir. Qubada olanda Soyqırım Muzeyi rəhbərinə müraciət etdim ki, İsrailə səfər etmək, həmin Xolokost muzeyini ziyarət edərək, müvafiq təcrübə qazanmaq olar. Mənim bu muzeydə çox gözəl əlaqələrim var. İşləmək və çalışmaq üçün böyük bir elm və təbliğat meydanıdır.
-Xocalı ilə bağlı çox böyük layihənin təmsilçisisiniz. Bu layihə çərçivəsində gördüyünüz işlərdən danışmağınızı xahiş edirik.
-Misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. 2013 –ci il bizim diaspor təşkilatında – İsrail-Azərbaycan Beynəlxalq Təşkilatında (AZİZ) Xocalı ili elan olunmuşdu. “Xocalıya ədalət!” sənədli foto-sərgisi Heydər Əliyev Fondunun dəstəyi ilə bir il ərzində İsrailin 12 ən iri şəhərlərində keçirildi. Hər bir şəhərdə keçirilən bu foto-sərgilər insanlarda şok yaradırdı. Bütün sərgilərdə onun keçirildiyi şəhərin rəhbərliyi, ictimai təşkilatların başçıları, mətbuat nümayəndələri iştirak edib, sərgi yerli və xarici KİV-lərdə geniş işıqlandırılıb. Disk şəklində videofilm və sərgidən bəhs edən kitabça da buraxılıb.
İnsanların əksəriyyətinin Xocalı qətliamı haqqında heç bir məlumatı yox idi. Bu foto-sərgidə nümayiş etdirilən fotolarda, dözülməz səhnələrin əks olunduğu sənədli şəkillərdəki dəhşətli həqiqət Azərbaycan xalqının yaşadığı faciə haqqında dolğun məlumat verir. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan günahsız Xocalı sakinlərinə aman verməyiblər. Erməni silahlı birləşmələrinin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar.
Bu foto-sərgidə iştirak edən israillilərə başa salmağa çalışırdıq ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi, bu insanlara yalnız azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşıyıb. Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı faciəsinə əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir 2014 ilin fevralın 23-də Təl-Əvivdəki “Şimon Peres Sülh Mərkəzi”ndə Xocalı faciəsinin 22-ci ildönümünə və 2009-cu ildə Leyla xanım Əliyeva tərəfindən başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının 5 illiyinə həsr olunmuş anım mərasimi keçirilib. Xocalı faciəsi ilə bağlı sənədli film nümayiş etdirilib və orada İsrail Knessetinin deputatları, İsrail hökumətinin üzviləri və KİV nümayəndələri iştirak ediblər.
-Qondarma erməni soyqırımı ilə bağlı bütün dünyaya car çəkən ermənilərdən nəyi öyrənə bilərik? Niyə onlar yalanlarını bütün dünyaya sırıya bilirlər, biz isə öz həqiqətimizi çətinliklə çatdırırıq dünyaya?
-Yenə ilk sualınıza qayıdırıq. Ermənilər illərlə təbliğat aparıb, qondarma erməni soyqırımı məsələsini 20-dən artıq Avropa ölkəsində tanıtdıra biliblər. Hər bir təbliğat dünyada bu gün maliyyədən və bizim istəyimizdən aslıdır. Bizim təbliğatımız aqressiv və güclü olmalıdır. Məsələn, diaspor təşkilatlarımız Xocalını yalnız fevral ayında yada salmamalıdır. Xocalı hər zaman bizim ürəyimizdə, canımızda olmalıdır. Bununla əlaqədər biz yalnız anım mərasimləri deyil, daha çox dünyada Xocalı ilə bağlı böyük və səviyyəli beynəlxalq konfranslar keçirib, oraya dünyada tanınmış hüquq və insan hüquqları üzrə mütəxəssisləri, jurnalistləri, ombudsmanları, elm adamlarını dəvət etməliyik. Xocalı ilə bağlı sənədli və bədii filmləri dünyada çəkdirməliyik. Bu bizim təbliğatımızın əsas istiqaməti olmalıdır. Eyni zamanda bu beynəlxalq konfranslar vasitəsi ilə biz Azərbaycanın dünyadakı dostlar koalisiyasını yarada bilərik. Qanlı hadisələrlə, faciələrimizlə bağlı müxtəlif saytlar yaradıb onları dünyanın əsas dillərinə tərcümə etməliyik. Burada dünyada olan diaspora təşkilatları və Azərbaycanın diplomatik nümayəndələri bir nöqtədən çıxış etməlidirlər.
1905.az