1905.az portalının bu dəfəki müsahibi hərbi-vətənpərvərlik mövzusunda ixtisaslaşan jurnalist Asəf Quliyevdir
– Bilmək olarmı, jurnalist Asəf Quliyevin karyerasının əsas mərhələləri hansılardır?–
Əslində mənim jurnalistikaya gəlişim bir qədər qəribə oldu. Təsadüf məni 1995-ci ildə“7 gün” qəzetinə gətirdi. Və baş redaktor Emin Eminbəyli jurnalistikada heç bir təcrübəm olmasa da məni müxbir kimi işə götürdü. Daha sonra elə həmin qəzetdə şöbə müdiri və nəhayət redaktor oldum.
2001-ci ildə özümü televiziyada sınamaq qərarına gəldim. Telejurnalistikada məsuliyyətli bir işin qulpundan yapışdım. Müəllif proqramı hazırlamaq iddiam vardı. Space TV-nin prezidenti mənim haqqımda qərar verməyi hamımızın yaxşı tanıdığı Mehriban Ələkbərzadəyə həvalə elədi. O da mənə inandı və şans verdi. Daha doğrusu təklif elədiyim hərbi-vətənpərvərlik mövzusunda olan ssenarilər onun diqqətini cəlb elədi. Doğrudur ilk vaxtlar televiziyanın bilmədiyim çox reallıqları ilə qarşılaşdım. Amma zaman-zaman məni əhatə edən peşəkarlardan öyrəndim.
Daha sonra “GÜN səhər” qəzetinə dəvət olundum. Burada informasiya xidmətinə rəhbərlik etdim. Növbəti dəvət isə AzTV-dən oldu. Hərbi-vətənpərvərlik proqramı “Hərbçilərimiz” ərsəyə gəldi. Və daha sonra onun bazasında bir az da geniş formatda “Azərbaycan Respublikasına xidmət edirəm” proqramı hazırlandı.
Son bir neçə il müstəqil jurnalist araşdırmaları ilə məşğul oldum. Hazırda bir vaxtlar populyar qəzetlərdən biri olmuş “Bu gün” qəzetinin internet versiyasının, yəni “Bugun.az” saytının redaktoru kimi fəaliyyət göstərirəm. Bundan başqa həm də “Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyini sədriyəm.
– Jurnalist araşdırmaları ilə məşğul olduğunuzu dediniz. Əsasən hansı mövzularda idi araşdırmalarınız?
– Hərbi-vətənpərvərlik mövzusunda.
– Hərbi vətənpərvərlik mövzusunda TV proqramlarımız da var, onların tamaşaçıları da az olmamalıdır. Bu proqramlar barədə nə deyə bilərsiniz? Sizin sahənizdir deyə soruşuram.
– Bu məsələdə bir az məni qane etməyən məqamlar var. Ümumiyyətlə hərbi-vətənpərvərlik mövzusu yumşaq desək bir o qədər də populyar deyil. Görünür bunun nəticəsidir ki, Azərbaycanda fəaliyyət göstərən özəl telekanallardan ancaq birində daimi hərbi-vətənpərvərlik proqramı var. Dövlətin maliyyələşdirdiyi televiziyalarda isə həftəlik 168 saat efirin ən çoxu cəmi 1 saatı daimi hərbi vətənpərvərlik proqramına həsr olunur. Əlbəttə ki, müharibə şəraitində yaşayan bir ölkə üçün bunu sevindirici göstərici hesab etmək olmaz. Hərbi vətənpərvərlik mövzusu bir də bizim yadımıza ərazilərimizin işğal tarixlərində düşür. Bu isə çox xoşagəlməz bir məqamdır. İnsanlarda pessimizm yaradır.
Hərbi vətənpərvərlik mövzusunun mühüm komponenti olan sırf hərbi mövzuların işıqlandırılmasında da problemlər var. Peşəkar hərbi jurnalistlər barmaqla sayılan qədərdir. Və olanların da çoxu hərbi jurnalistika ilə məşğul olmur.
– Ermənilərin hərbi vətənpərvərlik mövzulu media işlərindən xəbəriniz varmı? Onlarda da olmamış olmaz belə proqramlar.
– Təbii ki, belə proqramlar ermənilərdə də var. Açığı deyim ki, onlarda situasiya çox da fərqli deyil. Etiraf edim ki, belə proqramlar erməni dilində olduğundan məğzi barədə nəsə deməyə çətinlik çəkirəm. Amma görüntü baxımından bir o qədər də fərqlənmir. Biz yanaşmanı dəyişsək kəmiyyətdə də, keyfiyyətdə də onları üstələyə bilərik.
– Söhbətimizin əvvəlində jurnalist karyeranızın mərhələlərindən danışdıq. İndi də gələcək planlardan danışaq. Sizin planlardan.
– Dediyim kimi hazırda “Bugun.az” saytının redaktoruyam. Sayt cəmi 6 aydır ki, fəaliyyət göstərir. Amma məhdud qüvvə ilə müəyyən auditoriya toplaya bilmişik. İndi məqsədimiz saytın Azərbaycan media mühitinin söz sahiblərindən birinə çevirməkdir. Bundan başqa mənim öz araşdırmalarım da var. Qarabağ müharibəsinin aktiv fazasının müəyyən qaranlıq məqamları var ki, bir jurnalist kimi məni həmişə cəlb edib. Bundan başqa hazırda danışıqlar gedir və bu da jurnalist yaradıcılığı üçün kifayət qədər maraqlı mövzular deməkdir.
– 1905.az portalına tövsiyyələrinizi bilmək çox maraqlı olardı bizim üçün.
– Əvvəla sizə uğurlar arzulayıram. Nədənsə 1905 deyəndə ilk yadıma düşən kəlmə “atan kazaklardır” oldu. Dahi Cəfər Cabbarlının “1905-ci ildə” dramı çox böyük əsərdi. Cəfər Cabbarlı bu əsəri yazdı. O kimin haqqında nə yazdığını bilirdi. Amma təəssüf ki, indi çoxları qarşıda kimin olduğunu bilmədən mülahizələr yürüdür. Əlbəttə ki, bu əsasən gənclərə aiddir. Mən son vaxtlar iki qütbə bölünən gəncliyimizi görürəm. Bir qütb deyir ki, barışaq, digər qütb deyir ki, ancaq müharibə. Və heç bir qütb qarşısında kimin dayandığını və onun arxasında kimlərin, hansı məqsədlərin durduğunu dərk etmədən bunu deyir. Mən çox arzulayardım ki, 1905.az gənclərə düzgün yol göstərən mayak olsun. Və əminəm ki, kollektivinizin peşəkarlığı buna imkan verəcək. İndi Azərbaycanın Qarabağla bağlı konkret məqsədi hamıya bəllidir – ərazi bütüvlüyümüz təmin olunmalıdır. Bunun necə həyata keçirilməsi müəyyən suallar yaradır. Azərbaycanın hazırda taktiki addımı Ermənistanın iqtisadi təcrid vəziyyətinə salmaqdır. Təəssüf ki, bu siyasətin mahiyyəti çoxları üçün aydın deyil. Bu sahədə görüləsi işlər çoxdur. Ona görə də hələ portalınızın görüləsi işləri çoxdur.
– Minnətdaram Sizə.
Fuad Babayev, 1905.az