AŞPA-nın 2005-ci və 2016-cı illərdə qəbul etdiyi qətnamələr Ermənistana sanksiyalar tətbiqinə və Sərsəng su anbarından Azərbaycanın istifadəsinə əsas verir, ancaq Avropa Şurası lal, kar və kor olub – kağız parçasına dönən qərarlar…
Azərbaycan 2001-ci ildən üzvü olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə sadiq qalsa da, bu qurum nəinki ölkəmizə qarşı qərəzlidir, hətta özünün qərarlarına, çıxardığı sənədlərə hörmətsizcə yanaşır. Avropa Şurası və AŞPA Azərbaycana münasibətdə davamlı olaraq ermənipərəst mövqeyini açıq şəkildə göstərir.
Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərinə Avropa Şurasının seyrçi, susqun mövqeyi bu qurumun ədalətsizliyi ilə yanaşı, artıq əhəmiyyətsiz, qeyri-ciddi təşkilata çevrilməsinin bariz nümunəsidir.
Öncə onu nəzərə çatdıraq ki, Prezident İlham Əliyev iyunun 3-də Tərtərdə səfərdə olarkən qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkilərinu “şou və təlxəklər tamaşası” adlandırıb və eyni zamanda bu prosesə heç bir reaksiya bildirməyən Avropa Şurasını da sərt tənqid edib. Dövlət başçısının bu məsələ dair mövqeyi mediada, o cümlədən Musavat.com saytında geniş şəkildə dərc edilib.
Dövlət başçısı çıxışında bir fikir də söyləyib: “Mən deyəndə ki, Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər mənim üçün bir kağız parçasından artıq deyil, bunu nəzərdə tuturdum. Bütün Azərbaycan ictimaiyyəti görüb ki, Avropa Şurası anti-Azərbaycan mövqedədir və bu təşkilatda anti-Azərbaycan meyilləri, azərbaycanafobiya hökm sürür və bizə ünvanlanmış bütün ittihamların təməlində məhz azərbaycanafobiyadır”. Təbii, prezident tamamilə haqlıdır. Çünki Avropa Şurası və AŞPA özü özünün qeyri-ciddi qurum olduğunu, öz verdiyi qərarlara, çıxardığı qətnamələrə hörmət qoymadığını uzun illərdir nümayiş etdirir. Özünün sənədlərinə əməl etməyən qurumun qərəzli qərar və tələbləri isə əlbəttə ki, ciddi dövlət, ciddi lider üçün kağız parçasından başqa bir şey sayıla bilməz.
Cəmi üç faktla AŞ-ın özünü necə bitirdiyini, nüfuzdan saldığını bütün dünyaya göstərmək, duyurmaq mümkündür.
Birinci FAKT: AŞPA 2005 və 2016-cı illərdə Azərbaycan tərəfinin gərgin əməyi, şəxsən Prezident İlham Əliyevin ciddi səyləri və dəstəyi ilə Ermənistanın işğalçılığını təsbit, Azərbaycanın haqlı tərəf olduğunu özündə edən qətnamələr çıxarıb.
Azərbaycan davamlı səyləri nəticəsində 25 yanvar 2005-ci ildə AŞPA-nın qış hissəvi-sessiyasında “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı Qətnamə və 1690 (2005) saylı Tövsiyə qəbul olunub. Assambleya bir üzv dövlət tərəfindən xarici ərazinin işğalının həmin dövlətin Avropa Şurasının üzvü kimi öz üzərinə götürdüyü öhdəliklərin ciddi şəkildə pozulması demək olduğunu xatırladıb və münaqişə ərazisindən köçkün düşmüş şəxslərin öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edib. Assambleya həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrini xatırladıb və tərəfləri silahlı əməliyyatlardan çəkinməklə və istənilən işğal olunmuş ərazilərdən silahlı qüvvələri çıxarmaqla onlara riayət etməsini tələb edib, habelə AŞPA Bürosundan ATƏT-in Minsk konfransı ölkələrinin milli nümayəndə heyətlərinin başçılarının da daxil olduğu ad-hoc komitə yaratmağı xahiş edib.
Bu prosesin davamı kimi 2006-cı il yanvar ayının 9-da AŞ PA-nın Dağlıq Qarabağ problemi üzrə alt komitəsinin Strasburqda keçirilən növbəti iclasında mərhum lord Rassel Constonun hazırladığı hesabatda Azərbaycan ərazilərinin işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının yurdundan didərgin düşməsi və s. faktlar öz əksini tapıb…
2016-cı ildə AŞPA nümayəndə heyətinin üzvü, millət vəkili olmuş Elxan Süleymanovun qətnamə layihəsi əsasında AŞPA 2085 (2016) saylı qətnamə qəbul edib. Həmin qətnamədə işğal faktı birmənalı şəkildə etiraf edilir və ilk dəfə tam açıq şəkildə, belə çılpaqlığı ilə əksini tapır. Bu sənəd 90-cı illərdən indiyədək erməni lobbisinin, ermənipərəst ölkələrin, təşkilatların Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflası idi. Həmin qətnamənin qəbulunun ardınca beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti cənab Pedro Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında ifadə ediB. Sənəd ermənilərin 20 ildə apardığı siyasəti alt-üst edib. 2085 (2016) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhvə kimi qiymətləndirilir.
Burada bir haşiyə də çıxaq: 26 yanvar 2016-cı ildə AŞPA-da 2085 saylı qətmanə çıxarılan gün Elxan Süleymanovun qətnamə layihəsi üzrə məruzə əsasında Azərbaycanın xeyrinə daha bir sənəd – Robert Volterin “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində gərginliyin artması” məruzəsi üzrə sənəd səsverməyə çıxarılmışdı. Volterin hazırladığı “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində gərginliyin artması” məruzəsi üzrə qətnamənin qəbul olunmaması üçün əksər beynəlxalq təşkilatlar, ən əsası, ATƏT Minsk Qrupunu dəridən-qabıqdan çıxıb. Təxribatlara, təzyiqlərə baxmayaraq, məruzə müvafiq komitədə böyük səs çoxluğu ilə qəbul edilmişdi və heç bir düzəliş olunmamışdı. Lakin qətnamə səsverməyə çıxarılan gün ATƏT-in Minsk Qrupu Avropa Şurasının nümayəndələrinə ultimativ olaraq bəyanat göndərdilər ki, “siz bu məsələyə müdaxilə edə bilməzsiniz”. Ardınca AŞ-yə üzv olan ölkələrin rəsmiləri bir-bir öz ölkələrinin AŞPA nümayəndə heyətini üzvlərini çağıraraq onlara göstəriş veriblər ki, siz bu məruzəyə səs verməməlisiniz. Bu qədər basqılara rəğmən, həmin qətnamə səsvermə zamanı cəmi 4 səs çatışmazlığı ilə qəbul olunmadı. Bu geniş bir mövzudur, onun məqsədi və incə detalları barədə ayrıca bir yazı təqdim edəcəyik.
Lakin həmin gün anti-Azərbaycan qüvvələr 2085 saylı qətnamənin qəbulunun qarşısını ala bilməyiblər.
Bu qətnamə qəbul edildikdən sonra AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və imzası ilə “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyası ilə ABŞ Prezidenti Administrasiyasına da müraciət edildi.
Məqsəd həm Ermənistanın işğalçı siyasəti ilə bağlı bütün dünyanı məlumatlandırmaq, həm də torpaqlarımızın işğaldan azad edilməsi üçün ABŞ kimi nəhəng bir güc mərkəzinin dəstəyini almaq idi. Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycan xalqının Obama Administrasiyasına müraciəti yerləşdirildi. Müraciətdə AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilirdi. 1 ay ərzində müraciəti 100 min nəfərin imzalaması lazım idi. AVCİYA-nın kampaniyanın nəticəsi olaraq petisiyaya 350 min nəfərdən artıq şəxs səs verdi. Nəzərə çatdıraq ki, bu, Ağ Ev Administrasiyasında başladılan petisiyalar içərisində ikinci ən çox səs toplayan petisiya olub.
Ağ Evin müraciətə cavabı Azərbaycan üçün böyük bir siyasi dəstək kimi qiymətləndirilir. Ağ Evin cavabında deyilirdi: “Biz tərəfləri münaqişənin hərtərəfli nizamlanmasına, o cümlədən Dağlıq Qarabağ ətrafı ərazilərin Azərbaycanın nəzarətinə qaytarılmasına və Dağlıq Qarabağın statusunun müəyyən olunmasına dair təcili danışıqlar aparmağa və təmkinli olmağa çağırırıq”…
Beləliklə, AŞPA Azərbaycan Prezidentinin, diplomatiyasının və qətnamə layihəsinin müəlliflərinin prisipiallığı nəticəsində 2005 və 2016-cı illərdə bu iki qətnaməni qəbul edib. Mahiyyət də məhz odur ki, hər iki qətnaməsində Ermənistanın işğalçı ölkə olduğu aydın şəkildə öz təsdiqini tapır. Belə olan halda AŞ nədən öz qəbul etdiyi qətnamələrə kor olur və xunta rejimində keçirilən saxta seçkilərə dair mövqe sərgiləmir? Deməli, bu qurum tamamilə qərəzlidir, özü də özünün qərarlarını heçə sayır, ciddiliyini tamamilə itirib.
Yeri gəlmişkən, hazırda Azərbaycanın bölgələri susuzluqdan ciddi əziyyət çəkir. “Azərbaycanın cəbhəboyu rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı 2085 saylı qətnamədə ən əsas məqamlar ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistan Respublikası tərəfindən işğal edildiyi birmənalı olaraq Assambleya tərəfindən pislənilir. Məruzədə həmçinin aparılmış araşdırmaların nəticələri əks etdirilmiş Sərsəng su anbarının işğal altında saxlanması ilə 400 minə yaxın insan üçün həyatın mümkünsüz edildiyi, təsərrüfatların məhv edildiyi, sosial durumun kəskin surətdə pisləşdiyi, əhalinin yayda susuzluqdan əziyyət çəkdiyi bildirilir.
AŞPA isə özünə hörmət qoyub, özünün qəbul etdiyi qətnamənin icrasını Ermənistandan tələb etmir. Qurum bir daha qərarını kağız parçasına döndərmiş olur…
Faktiki olaraq AŞ özünü ciddi saymayıb, yəni, bu qərarların icrasını sona çatdırmağa cəhd belə etməyib. Hansı ki, Ermənistan işğalçıdır və bu işğalla əlaqədar beynəlxalq qanunlar əsasında onun üzərinə sanksiyalar qoyulmalıdır. Beynəlxalq qanunun bu şəkildə tətbiqi bütün başqa münaqişələrin də həllinə müsbət təsir göstərmiş olardı…
İkinci FAKT: AŞPA daim Azərbaycan əleyhinə qətnamələri sevincək və tələm-tələsik şəkildə müzakirəyə çıxarır və bu proseslər əsasən Azərbaycanda seçkilər keçirilən ərəfələrdə baş verir. Qətiyyən təsadüfi deyil və bunu zaman-zaman AŞPA üzvləri olan müxtəlif ölkələrin deputatları da öz açıqlama və bəyanatlarında müxtəlif qrupların Azərbaycanda seçkilər zamanı qərəzli sənədlərin müzakirəyə təqdim edilməsinin bir tendensiya halını aldığını etiraf ediblər. Bu faktlar AŞPA-nın ikili standratlardan çıxış etdiyinin, qərəzliliyinin və azərbaycanafobiyanın mərkəzində dayandığının bariz nümunələridir.
Üçüncü FAKT: Azərbaycan özünün haqlı mövqeyini isbat edərək, ciddi əmək verərək, beynəlxalq arenada haqlı mövqelərini çatdıran qərarlar qəbul edilməsinə, həmçinin, erməni lobbisinin təzyiqi ilə hazırlanan layihələrin rədd edilməsinə nail olduqda AŞPA nədənsə qeyzlənir, qərəzini bir növ “rəsmiləşdirir”. Prezident İlham Əliyev Tərtərəki çıxışında bu məsəsələyə toxunub: “Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz ki 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır”. Deməli, bu qurum həqiqətən özünə hörmət etmir və məqsədi yalnız qaralama kampaniyası aparmaqdır…
Beləliklə, göstərilən faktlar və onlar üzrə təqdim edilən sənədlərdən, sübutlardan ciddi bir nəticə hasil olur: AŞPA ya bu şəkildə davam etməməli, özünü buraxmalıdır, ya da qurumda ciddi islahatlar aparılmalı, müasir dünyanın tələblərinə uyğun, ədalətli bir təşkilata çevrilməlidir. Əks təqdirdə AŞPA dünyanın indiki gedişatı üçün ən pis nümunəyə çevriləcək və bəşəri dəyərləri zədələyəcək, insanların hüquq və ədalət anlayışına zərbələr vurmuş olacaq.