Şuşa şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində infrastruktur layihələri ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir. İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı mədəni irsimizə böyük diqqət və qayğının növbəti təzahürüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla, 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirilib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı, ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan əvvəl və sonra. Dirçəliş” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.