MANERA.AZ Nəriman Əbdülrəhmanlının yeni yazısını təqdim edir:
1.
…2008-ci ildə həyatımın yeddiillik uğursuzluq zolağı hələ də davam eləyirdi: cürbəcür səbəblərdən o yeddi ildə dördüncü iş yeriylə (“Lider” TV, “Ulduz” jurnalı, “Xəzər” jurnalı, “Qanun” nəşriyyatı) vidalaşmışdım, irəlidə də müəyyən bir perspektiv görünmürdü…
Belə bir vaxtda Azərbaycan Prezidentinin 150 cildlik Dünya Ədəbiyyatı Kitabxanasının nəşriylə bağlı sərəncamı çıxdı, icrası Bakı Slavyan Universitetinə tapşırıldı, məndən ötrü də sanki zülmətdə bir çınqı işıq parladı. Amma uşaqlıqdan qapı açmaqla bağlı fobiyam olduğuna görə, özümü nəinki universitetin rektoru, görkəmli alim və yazıçı Kamal Abdullaya, hətta həmin vaxt tədris işləri üzrə prorektor olan professor Asif Hacılıya belə, üz tutmağa məcbur eləyə bilmədim…
Halbuki, Asif Hacılını Bakı Dövlət Universitetinin filoogiya fakültəsində oxuduğu illərdən az-çox tanıyırdım, müxtəlif tədbirlərdə qarşılaşmışdıq, 2003-cü ildə “Lider” televiziyasında ssenarim üzrə Ahıska türkləri haqqında “Ömürdən uzun yol” sənədli filmi çəkiləndə araşdırmalarından yararlanmış, düşüncələrini süjetdə daxil eləmişdim…
O qapını universitetin tərcümə laboratoriyasına rəhbərlik eləyən qələm dostum Etimad Başkeçid açdı. Günlərin birində zəng elədi: sən demə, dünya ədəbiyyatı inclərinin tərcüməçiləri siyahısına mənim adımı da salıblarmış. Bu ağlagəlməz təsadüf sayəsində həmin layihədən səkkiz müəlifin seçilmiş əsərlərini dilimizə çevirdim, sonra da Salam Sarvan və Aqşin Yeniseylə birgə kitabların redaktəsi və çapa hazırlanmasıyla məşğul oldum…
O altı illik dövrdə Sarvan elinin, eləcə də Borçalının professor Abbas Hacıyev, Cümşüd Hacıyev, Vəkil Hacılı, Tofiq Hacıyev kimi tanınmış şəxsiyyətlər yetişdirmiş adlı-sanlı Nəyvəlilər nəslindən olan Asif Hacılını yetərincə tanımağa fürsət qazandım, təsəvvürümdə məsul vəzifəsindən irəli gələn işləriylə yanaşı, təşkilatçı, tədqiqatçı, ədəbiyyatşünas, folklorşünas, tərcüməçi və ümumiyyətlə, yaddaş adamı, vətənsevər ziyalı obrazı formalaşdı…
2.
Mən bilən, Asif Hacılının təşkilatçılıq qabiliyyəti ailə və universitet mühitində inkişaf eləyib, sonralar C.Naxçıvanski adına hərbi liseydə, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun tərcümə kafedrasında işlədiyi illərdə formalaşıb. Çünki qısa müddətdə namizədlik dissertasiyası müdafiə eləmək, rus ədəbiyyatı tarixi kafedrasında müəllim, baş müəllim, dosent kimi çalışmaq, eyni zamanda da məhsuldar yaradıcılıqla məşğul olmaq yalnız yüksək daxili intizam sayəsində mümkün idi…
1998-ci ildə doktorluq dissetrasiyasını uğurla başa vurmaq, professor məqamına çatmaq, həm də ədəbiyyat nəzəriyyəsi kafedrasında ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr oxumaq, xüsusi seminarlar aparmaq da ancaq məqsədyönlülük, tükənməz enerji əlaməti sayıla bilərdi…
Düz on dörd il (2000-2014) Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru kimi, həddən artıq tələbkar rəhbər olan Kamal Abdullayla çalışmaq, iki il (2014-2016) həmin tədris ocağının rektoru kimi fəaliyyət göstərmək isə professor Asif Hacılının illərlə cilalanmış təşkilatçılıq bacarığının nəticəsiydi…
Bunun üzərinə əsərlərinin Rusiya, Türkiyə, İran, Almaniya, Ukrayna, Bolqarıstan, Belarus, Özbəkistan, Tacikistan, Gürcüstan, Bolqarıstanda… işıq üzü gördüyünü, 200-ədək elmi əsərin, o cümlədən, monoqrafiya və dərs vəsaitlərinin müəllifi, 50-dən artıq monoqrafiya, elmi məcmuə, dərsliyin və s. elmi redaktoru, məsləhətçisi, rəyçisi, 30-acan dissertantın opponenti, bir neçə doktorantın elmi rəhbəri olduğunu, Moskva, Kiyev, Ankara, İstanbul, Bursa, Kayseri, Astana, Daşkənd, Aşqabad, Düşənbə, Drezden, Tbilisi, Roma, Minsk, Sankt-Peterburq, Volqoqrad, Varna və b. şəhərlərdə keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak elədiyini gəlsək, onun elmi-ictimai fəaliyyyətinin miqyası daha aydın görünər…
Professor Asif Hacılı həm də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və BSU nəzdində dissertasiya, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Filologiya üzrə Ekspert Şuralarının üzvü (2007-2011), Bakı Slavyan Universiteti Dissertasiya Şurasının sədri olub (2011-2016), Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyədə nəşr olunan məcmuə və dərgilərin redaksiya kollegiyasının üzvü kimi yardımını əsirgəməyib…
3.
Asif Hacılı tələbəlik illərindən elmi araşdırmalara ciddi meyil göstərib, cəmi 24 yaşında “Epik ənənə və müasir bədii nəsr” (1984) monoqrafiyasını qələmə alıb. Hələ 1986-cı ildə onun “Epik folklor ənənəsi və 60-80-ci illər Azərbaycan sovet nəsrinin poetik xüsusiyyətləri” adlı namizədlik dissertasiyasına rəy verən filologiya elmləri doktoru, professor Cəlal Abdullayev yazırdı: “Yüksək elmi səviyyədə və zəngin faktik material əsasında yazılmış, müasir Azərbaycan nəsrinin tarixi poetikasının ilk dəfə olaraq, bir problem kimi irəli sürüldüyü və tədqiq olunduğu bu dissertasiya ciddi nəzəri və praktik əhəmiyyətə malikdir”.
Asif Hacılı sonralar araşdırmalarının miqyasını daha da genişləndirdi, ədəbiyyat nəzəriyyəsi, türk folklorunun poetikası, tarixi poetika, müasir ədəbiyyat, mifologiya sahələrində də təfəkkür siqlətini göstərdi, “Müasir nəsrin mifologizmi və folklorizmi” (1993), “Müasir nəsrin poetikası. Mifoloji və və foklor genezisi” (1997) “Bayatı poetikası” (2000, 2019), “Mifopoetik təfəkkür fəlsəfəsi” (2002), “Kamal Abdulla: seçimin morfologiyası” (2010) monoqrafiyalarını elmi ictimaiyyətə təqdim elədi.
Rus ədəbiyyatının tarixi, müasir rus nəsrinin mifopoetik aspektləri, rus ədəbiyyatında islam və Şərq motivlərinin bədii-fəlsəfi dərki də professor Asif Hacılının axtarış yönümləri sırasındadı. Bu araşdırmaların uğurlu nəticəsi olan “Rus ədəbiyyatında Qurani-Kərim” monoqrafiyası elmi aləmdə böyük maraq doğurub, Azərbaycanla yanaşı Türkiyə və İranda da nəşr olunub…
Şübhəsiz ki, Asif Hacılının bu yönümlərdəki araşdırma planında daha neçə-neçə mövzular var, özünəməxsus səbir və təmkinlə yeni əsərlərini üzə çıxarmaq üçün məqam gözləyir…
4.
Professor Asif Hacılının folklorşünaslıq sahəsində gördüyü işlər, sözün əsl mənasında, ayrıca bir araşdırmanın müvzusudu. Onun ümumtürk yaddaşından qaynaqlanan, az qala, qırx ildi ki, elmi fəaliyyətinin bütöv bir yönümünü təşkil eləyən bu sevgisi Borçalı və Axısqa türklərinin folklorunun toplanması, tədqiqi və nəşriylə bağlı uğurlu nəticələr verib. “Köküm Borçalıdandır, Borçalı da elə folklorun məskənidir, – sonralar müsahibələrinin birində deyəcəkdi. – Aşıq sənəti, elat, tərəkəmə mədəniyyəti, qarapapaq adətləri qanımızda var. Həm də 1980-ci illərdə mifologiya, folklor çox aktuallaşmışdı… Türklük, türkçülük haqqında açıq danışmaq olmurdu, ona görə də qədim türk mifologiyası, türk folkloru sanki elə türkçülüyə aparan yol idi… Sonradan təkcə folklorla yox, folklor-ədəbiyyat əlaqələri ilə də məşğul oldum…”
Alimin xüsusilə Axısqa türklərinin mifologiyasına, folkloruna, etnik tarixinə və etnoqrafiyasına həsr olunmuş kitabları türkologiyanın bu sahəsində ilk sanballı əsərlər kimi yüksək qiymətləndirilib. “Ahıska adət, mərasim və tabirləri” kitabının müəllifi Tahircan Kukulov onun qələmindən çıxan “Qəribəm bu vətəndə. Ahıska türklərinin etnik mədəniyyəti” (1992) monoqrafiyası haqqında haqlı olaraq yazır: “Asif Hacılı adı çəkilləndə Ahıska türk fokloru yada düşür. Özbəkistandakı Fərqanə hadisələrindən sonra mütəxəssislərin əlində ahıskalıların etnik kimliyi ilə bağlı bir qaynaq omadığı dövrdə alim onların tarixinə, folkloruna, bir sözlə, etnik kimliklərinə işıq tutacaq “Qəribəm bu vətəndə” kitabını nəşr etdirməklə bu suala vavab verdi…”
Sonralar təəssübkeş tədqiqatçının “Ahısqa türk folkloru” (A.Poladoğlu ilə birgə, 1998, 2008; 2001-ci ildə Ankarada da işıq üzü görüb), “Ahısqalı Aşıq Molla Məhəmməd Səfili” (2014), “Ahıska türkləri: inanc dünyası” (2014), “Ahıska türklərinin sürgün folkloru” (2014), “Ahısqalı şair Usta Mürtəz” (2015) topluları və monoqrafiyaları nadir, həm də çox dəyərli mənbələr kimi yüksək qiymətləndirildi.
Üstəlik, professor Asif HacılıI Uluslararası Ahıska türkləri və Ahısqa türkləri “Vətən” Cəmiyyəti qurultaylarının iştirakçısı olub, beynəlxalq simpoziumlarda Ahıskanın tarixinə və etnik mədəniyyətinə dair məruzələrlə çıxışlar edir, davamlı olaraq aşıqları, el şairləri, dastançılar, klassik, eləcə də müasir şair-yazıçılar, onların əsərləri haqqında portret yazılar, ədəbi-tənqidi məqalələr qələmə alır.
Alimin çox az öyrənilmiş türkdilli xristian xalq olan urumlarla bağlı “Urumlar: tarix və folklor” (2014) monoqrafiyası da türkologiyaya sanballı töhfəsidi. Bu dəyərli araşdırmanı əcnəbi alimlər belə, yetərincə dəyərləndirib, haqqında sanballı rəylər dərc etdiriblər.
Professor Asif Hacılı AMEA Folklor İnstitutu elmi-nəzəri seminarının sədri, AMEA Folklor İnstitutu nəzdində Folklorşünaslıq üzrə Problem Şuranın üzvü, Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərləri I Forumunun, Türk Dövlət və Cəmiyyətləri X və XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultaylarının iştirakçısı kimi, Borçalı və Axısqa türklərinin problemləri, xüsusən, milli maarif və mədəniyyət, repatriasiya məsələlərinə həsr olunmuş məruzələrlə çıxış eləyib…
5.
Professor Asif Hacılı fəal və yaradıcı pedaqoqdu, rəhbər vəzifələrdə çalışmadığı illərdə belə, təhsilin səviyyə və səmərəliliyinin artıqılması üçün əlindən gələni əsirgəməyib, uzun illər Təhsil Nazirliyi Elmi-Metodik, Fasiləsiz Pedaqoji Təhsil üzrə Koordinasiya və Elmi-Koordinasiya şuralarının üzvü kimi fəaliyyət göstərib.
Ali məktəblər üçün müəllifi, tərtibatçısı olduğu onlarla dərslik, dərs vəsaiti və mühazirə proqramları onun bu yönümdəki fəaliyyətinin mühüm bir hissəsidi. “Rus nəsri. XX əsrin ikinci yarısı. Mofopoetik yozum təcrübəsi” (2003), “Ədəbiyyatşünaslığın tarixi və metodologiyası” (2011), “Şəbəkə ədəbiyyatı: rus şəbəkə əsəbiyyatının tarixi, tipologiyası və poetikası” (2012), “XX və XXI əsrlər qovşağı rus nəsrinin tipologiyası” (2012), “XX və XXI əsrlərin qovşağı rus nəsri. Əsas istiqamət və cərəyanlar” (2022) və s. dərs vəsaitləri nəinki Azərbaycanda, eyni zamanda, RF-da da nəşr edilib, universitetlərdə geniş istifadə olunur. Onun “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” vəsaiti isə Almaniyanın “LAP LAMBERT Academic Publishing” beynəlxalq nəşriyyatında işıq üzü görüb, haqqında rusiyalı professor D.Tereşkina sanballı resenziya dərc etdirib.
Professor Asif Hacılının 2016-cı ildə rus dilinin, rus ədəbiyyatının və mədəniyyətinin yayılmasında böyük töhfəsinə görə Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimləri Aassosiasiyasının A.Puşkin medalı ilə təltif edilməsi bu yönümdə çəkdiyi əməyə verilmiş yüksək dəyərdi.
Müəllif, həmmüəllif, elmi redaktor kimi orta məktəblərin rus bölmələri üçün “Ədəbiyyat” dərsliklərinin yaradılması isə professor Asif Hacılının bu yönümdəki fəaliyyətinin miqyasını daha aydın təsəvvür eləməyə imkan verir. O, həm də Təhsil Nazirliyi rusdilli məktəblər üçün V-XI siniflərdə tədris olunan “Ədəbiyyat” fənni üzrə proqram və dərsləri yazan müəlliflər, kurrikulum hazırlayan və müəllimləri qiymətləndirən işçi qruplarının sədri kimi genişmiqyaslı təşkilati iş aparıb…
Bu səmərəli fəaliyyətinin nəticəsidi ki, professor Asif Hacılı Rus dilinə dəstək Beynəlxalq Pedaqoji Cəmiyyətinin (Moskva) təsisçilərindən biri (2004), Ekspert-konsultativ şurasının üzvüdü (2008), cəmiyyətin “Müəllim adına sədaqət” medalıyla (2014) təltif edilib, Moskva Humanitar Pedaqoji İnstitutunun Fəxri professoru adına layiq görülüb…
6.
Asif Hacılı sözün klassik mənasında tərcüməçi deyil, yəni, hər qarşısına çıxan, xoşuna gələn mətnə vaxt sərf eləmir, üstəlik də tərcümədən maddi gəlir gözləmir…
Onun elmi araşdırmalarının bir ünsürü kimi yanaşdığı tərcüməçilik fəaliyyətində ilk baxışdan aydın sezilən ardıcıllıq, sistemlilik, konseptuallıq, həm də məqsədyönlülük var.
Asif Hacılı uzun illər dövri mətbuatda oxuculara Filippo Tommazo Marinetti, Xuqo Ball, Rixard Hülzenbek, Salvador Dali, Luis Montaya, Sebastyan Qaş, İvan Qoll, Kazimir Edşmid, Nikolay Qumilyov, Osip Mandelştam, Harri Martinson, Espen Hovardsholm, Umberto Eko, Blas de Otero, Alfonso Sastre, Xavyer Boveda, Gilyermo de Torre, Alberto Arbazinonun… qələmindən çıxan ədəbi manifestləri təqdim eləyib…
Eyni səbir və nizamla da Vladimir Solovyov, Nikolay Berdyayev, Yohan Heyzinqa, Nikolay Trubetskoy, Valeri Bryusov, Semyuel Hantinqton, Seyid Hüseyn Nəsr, Cino Cermani, Alfred Kreber, İbn Həldun, Arnold Toynbi, Mirça Eliade, Çezare Lombrozo, Ernst Kreçmer, Jan-Pol Sartr, Federiko Qarsia Lorka, Tomas Sternz Eliot, Anri Barbüs, Lev Tolstoy, Rolan Bart, Vasili Rozanov, Con Qolsuorsi, İlya Erenburq, Rölən Rob-Qriyenin… fəlsəfi, ədəbi və sosioloji düşüncələrini Azərbaycan türkcəsinə çevirib…
Nəticədə ortaya 2018-ci ildə işıq üzü görən “XX əsr ədəbi düşüncələr tarixi (xatirələr, manifestlər, konsepsiyalar)” adlı sanballı toplu çıxıb. Ali məktəblər üçün dərs vəsaiti kimi nəzərdə tutulan bu nəşr ədəbiyyat tarixi və ədbiyyatşünaslıq baxımından da dəyərli mənbədi…
Professor Asif Hacılı Azərbaycan Dövlət Tərcümə Mərkəzi Elmi-bədii Şurasının üzvü kimi konseptual düşüncələrini və dəyərli məsləhətlərini peşəkar tərcüməçilərdən əsirgəmir…
7.
2016-cı ildən Azərbaycan Universiteti Aərbaycan dili və ədəbiyyatı kafedrasının professoru olan professor Asif Hacılı hələ də işgüzarlığını və yaradıcılıq enerjisini qoruyub saxlayır…
Tez-tez sorağını nəinki Azərbaycanda, eyni zamanda, xarici ölkələrdə keçirilən elmi simpoziumlardan alıram. Hər tədbirdən dönəndə də təəssüratlarını cəmiyyətlə bölüşmyi, elmi arenada Azərbaycanın məqamını dəyərləndirməyi özünə borc bilir…
Söhbətlərimizdən, ya da mətbuatdan Asif Hacılının yaradıcılıq diapazonunun konturlarını cızan xəbərlər tuturam…
İndi Heydər Əliyev İrsini Araşdırma Mərkəzi Elmi-Redaksiya Şurasında və Qafqaz Universitetlər Birliyi Elmi Konseyində (Türkiyə) səmərəli fəaliyyətini davam etdirir, eyni zamanda, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidentidi…
2019-cu ildə Türkiyədə nəşr edilmiş “Ahıska türk folkloru” və “Rus ədəbiyyatında Qurani-Kərim” kitabları beynəlxalq “amazon.com” saytı vasitəsilə elektron satışa çıxarılıb…
2021-ci ildə İranın İran-Rusiya Dostluq Cəmiyyəti islamın rus diyarlarına daxil olmasının min iki yüz illiyi münasibətilə “Rus ədəbiyyatında Qurani-Kərim” kitabını fars dilinə tərcümə və nəşr eləyib…
2022-ci ildə Qarabağ zəfərimizi həs olunmuş “Şuşa: ədəbi-mədəni mühit” kitabı işıq üzü görüb…
Əlbəttə, bütün bunlar yaradıcılıq ömrünün yetkin dövrünü yaşayan alim, ziyalı və vətəndaş üçün hələ son deyil…
yanvar 2024