Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidməti AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinin aprel ayının 6-da Avropa Şurasının Sədarət Komitəsində müzakirə olunması və müsbət qərarı barədə bir az əvvəl məlumat vermişdi. Qeyd edilmişdir ki, Sərsəng su anbarındakı vəziyyət və onun ətraf rayonların əhalisi üçün yaratdığı təhlükə barədə qətnamə layihələri buna qədər 2 dəfə erməni lobbisinin səyləri nəticəsində bu mərhələni adlaya bilməmişdi.
Komitəsi Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsini AŞPA-nın sosial komitəsində baxılması və məruzəçinin təyin edilməsi barədə qərar qəbul edəndən sonra prosedur qaydalara görə məsələyə AŞPA-nın Bürosunda baxılmalı idi. Bu gün, aprel ayının 11-də, Bakı vaxtı ilə saat 12-də Büro məsələyə baxaraq Sədarət Komitəsinin qərarını təsdiqlədi və məruzəçi təyin olunması üçün sosial komitəyə göndərdi. Məruzəçi sosial komitənin 12 mayda Kiprda keçiriləcək növbəti iclasında təyin ediləcək. Qeyd edək ki, bu məruzə 25 il ərzində işğal altında olan Sərsəng su anbarının vəziyyəti, 410000 əhalisi olan 6 cəbhəyanı rayona (Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Goranboy, Yevlax) vurduğu iqtisadi, ekoloji, bioloji, mənəvi zərər, həmçinin, törədə biləcəyi humanitar fəlakətin nəticələrinə dair ilk məruzə olacaq.