Elxan Süleymanov,
AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü
Cari ilin 10 dekabr tarixində Parisdə AŞPA Hüquq Məsələləri və İnsan Hüquqları Komitəsinin iclası keçirildi. İclasda digər məsələlərlə bərabər Azərbaycan üzrə məruzəçi cənab Pedro Aqramuntun hazırladığı “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?“ adlı məlumat memorandumu müzakirə edildi.
Cənab Pedro Aqramuntun məlumat memorandumunda hüquq müdafiəçiləri və vətəndaş cəmiyyətinin digər fəallarının son həbsi halları, ifadə azadlığı, sərbəst toplaşma və birləşmə azadlıqları kimi məsələlər öz əksini tapmışdı. Diqqəti çəkən məqam ondan ibarət idi ki, memorandumda təqdim edilən məlumatlarla bağlı əsasən hakimiyyətin və yerli QHT-lərin mövqeləri əks etdirilmişdi. Bir sıra hallarda məruzəçi beynəlxalq QHT-lərin də iddialarına memorandumda yer ayırmışdı.
Onu da qeyd etməliyəm ki, memorandumda təqdim edilmiş məlumatlara dair müxtəlif tərəflərin mövqeləri əks etdirilsə də, həmin məlumatların şərhinə ehtiyac hiss edilirdi. Odur ki, mən memorandumla bağlı izahat sənədi hazırlayaraq Komitə üzvlərinə paylamışdım və beləliklə də, Komitə üzvlərinə memorandumda əks etdirilmiş müddəalarla bağlı ətraflı məlumat imkanı yaradılmışdı.
Bildirməliyəm ki, məlumat memorandumu ilkin olaraq Komitənin Madriddə keçirilmiş iclasında təqdim edilmişdi və müzakirələrə başlanılmışdı. Odur ki, Paris iclasında həmin müzakirələr davam etdirilirdi. Məruzəçi məlumat memorandumunun əsas müddəalarını bir daha Komitə üzvlərinin diqqətinə çatdırdıqdan sonra sənədlə bağlı müzakirələr davam etdirildi. Bəzi Komitə üzvləri çıxış edərək sənədlə bağlı öz mövqelərini bildirdilər.
Mən öz çıxışımda Komitə üzvlərinin diqqətinə çatdırdım ki, qondarma siyasi məhbus məsələsi 2012-ci ildə qapanmasına baxmayaraq bəzi qüvvələr tərəfindən yenidən məqsədyönlü şəkildə şişirdilərək gündəmə gətirilmişdir. Danılmaz faktdır ki, bu məsələ Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Məruzənin adı da özü-özlüyündə bunun sübutudur: “Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqlarına hörmət ilə bağlı nə edilməlidir?“. Əziz həmkarlar, mən hər birinizə müraciət edirəm. 600-dən çox AŞPA üzvündən heç olmasa bir nəfər Ermənistanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi dövründə “Ermənistan Azərbaycan torpaqlarının işğalı ilə bağlı nə etməlidir” kimi hər hansı bir məsələ qaldırdımı?
Bildirdim ki, bu qüvvələr Azərbaycana qarşı barələrində istintaq tədbirləri davam edən şəxslərin dərhal və qeyri-şərtsiz azad edilməsi tələbləri irəli sürürlər. Belə tələblərin irəli sürülməsi həmin şəxslərin ədalətli məhkəmə baxışı hüququnu pozur və bu istintaqın gedişinə birbaşa müdaxiləyə çağırışdır. Bu tələblər insan hüquqlarının müdafiəsinə dair beynəlxalq konvensiyaların və digər sənədlərin müvafiq müddəalarına qarşı çıxır. Bu tələblər Azərbaycanın hüquq-məhkəmə sisteminin işinə etimadsızlıqdır, dövlət orqanlarının fəaliyyətinin legitimliyini şübhə altına alır və nəticə etibarı ilə dövlət suverenliyinə hörmətsizlikdir.
Xatırlatdım ki, məruzəçi memorandumda iddia edilən siyasi məhbuslar məsələsinin olduqca həssas və ziddiyyətli məsələ olduğunu bildirir. Məruzəçi bu məsələyə dair hüquqi qərarın verilməsini zəruri sayır və belə bir hüquqi qərarın verilməsinə dair müstəsna səlahiyyətin Avropa İnsan Hüquqları Məhkəməsinə air olduğunu vurğulayır. Məruzəçi memorandum sənədində eyni zamanda vurğulamışdır ki, Azərbaycan enerji daşıyıcıları ixrac edən dövlətdir və bir qayda olaraq siyasi məhbus olmaları iddia edilən şəxslər qlobal enerji bazarında Azərbaycanla rəqabət aparan ölkələrdə fəaliyyət göstərən təşkilatlar tərəfindən maliyyələşdirilən QHT nümayəndələridirlər.
Mən qeyd edilən məsələlərlə bağlı məruzəçi ilə tam razı olduğumu bildirdim. Xüsusi olaraq vurğuladım ki, siyasi məhbus məsələsi hüquqi məsələdir, bu məsələnin həlli siyasi müstəvidə deyil, hüquqi müstəvidə həll edilməlidir. Məsələ ilə bağlı qərarın qəbul edilməsi məhkəmələrin, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müstəsna səlahiyyətinə aiddir. Odur ki, kimin siyasi məhbus olub-olmamasını və ya saxta ittihamlarla həbs edilib-edilməməsini məhkəmə müəyyən etməlidir.
Qeyd etdim ki, həmin qüvvələr öz məkrli məqsədlərinə çatmaq üçün bəzi yerli QHT-lərin fəaliyyətində mövcud olan qeyri-şəffaflığa və qanun pozulmalarına bəraət qazandırırlar. Belə hüquqazidd çağırışlar edən Human Rights Watch, Amnesty International, Avropa Stabillik Təşkilatı, Beynəlxalq İnsan Hüquqları Tərəfdaşlığı, People in Need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və digər beynəlxalq QHT-lərin xüsusilə fərqləndiyini diqqətə çatdırdım. Vurğuladım ki, bu beynəlxalq QHT-lər əsasən eyni mərkəzdən idarə edilirlər və öz himayədarlarının iradəsini yerinə yetirirlər.
Misal üçün göstərdim ki, Açıq Cəmiyyət təşkilatının təsisçisi Corc Soros bir neçə il əvvəl qatı anti-Azərbaycan mövqeyi nümayiş etdirən Human Rights Watch təşkilatına 100 mln ABŞ dolları məbləğində yardım edib. Beləliklə, Human Rights Watch təşkilatının faktiki olaraq Corc Sorosdan asılı olduğunu və onun məqsədlərinə xidmət etdiyini sübuta yetirir. Bildirdim ki, Human Rights Watch təşkilatının Azərbaycana insan hüquqları ilə bağlı hücum etməyə mənəvi haqqı yoxdur. Belə ki, bu təşkilat onları maliyyələşdirənlərin sifarişlərini icra edir.
Digər bir misal gətirərək, Avropa məkanında Azərbaycana qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirən Avropa Stabillik Təşkilatının 14 noyabr 2014-cü ildə yaydığı hesabatda daha da uzağa gedir və təhlükəli anti-Azərbaycan çağırışı edir: “ Hərəkət etmək vaxtıdır. Həmişəki tədbirlər artıq çıxış yolu deyil”. Bu təşkilat bu çağırışla Azərbaycanda ixtişaşlara çağırır, Azərbaycanda Ukraynada olduğu kimi yeni maydan yaratmaq istəyir.
Eyni zamanda, konkret misallarla People in Need, Front Line, Norveç İnsan Hüquqları Evi, Norveç Helsinki Fondu və s. beynəlxalq təşkilatların siyasi mühacirətlə bağlı geniş biznes qurduqlarını iclas iştirakçılarının diqqətinə çatdırdım.
Bildirdim ki, bu təşkilatlar Azərbaycana qarşı qərəzlilik və açıq-aşkar düşmənçilik nümayiş etdirirlər, insan hüquqları sahəsində mövcud reallıqları məqsədyönlü şəkildə təhrif edirlər, bununla da Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar.
Qeyd etdim ki, son vaxtlar beynəlxalq təşkilatlarda belə hallar normaya çevrilməkdədir. Görünür bu səbəbdən, Roma Papası Fransisk Avropa Parlamentində çıxışı zamanı demişdir: “Avropa Ittifaqının genişləndiyi son illərdə insanlar arasında uzaq və fərdi xalqlara qarşı laqeyd bəzən isə onların ziyanına qanunların qəbulu ilə məşğul olan qurumlara qarşı inamsızlıq yaranmağa başlamışdır. Bir çox sahələrdə Avropa, artıq bərəkətini və gücünü itirmiş, yorğun və yaşlı “nənə” təəssüratı yaradır. Nəticədə isə bir zamanlar Avropanı ilhamlandıran böyük fikirlər artıq cazibəsini itirir və yerini qurumlardakı bürokratik məsələlərə verir”.
Çıxışımı yekunlaşdıraraq vurğuladım ki, müxtəlif bəhanələrlə Azərbaycana qarşı siyasi təzyiqlərin göstərilməsi cəhdlərinin arxasında yeganə bir məqsəd dayanır – bu Azərbaycanın diqqətini süni şəkildə şişirdilərək gündəmə atılmış məsələlərə cəlb etmək və ərazilərin Ermənistan tərəfindən işğal edilməsi faktından yayındırmaq, işğal faktının yaddan çıxarılmasına nail olmaq və Ermənistanı işğalçılıq fəaliyyətinə görə mümkün sanksiyalardan sığortalamaqdan ibarətdir. Bunu ərazi bütövlüyü pozulmuş Ukraynaya beynəlxalq səviyyədə çoxtərəfli dəstək nümayiş etdirildiyi halda əraziləri 23 ildən artıq müddət ərzində işğal altında olan Azərbaycana heç bir dəstəyin göstərilməməsi bir daha sübuta yetirir.
Paris, 10 dekabr 2014-cü il