Oktyabrın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Azərbaycana dair hesabatlar üzrə iki qətnamə qəbul edilib.
AZƏRTAC xəbər verir ki, həmməruzəçilər Stefan Şennakın və Sezar Florin Predanın hazırladıqları “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” hesabatı üzrə qətnamənin lehinə 117 deputat, əleyhinə 18 deputat səs verib.
Belçikalı parlamentari Alen Desteksin hazırladığı “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” adlı hesabat üzrə qətnamə isə 114 səs lehinə, 24 səs əleyhinə olmaqla qəbul edilib. Alen Deteks sessiyada olmadığından onu məruzəçi qismində ukraynalı deputat Olena Sotnik əvəz edib.
Məruzəçilər Azərbaycana səfərləri, keçirdikləri görüşlər barədə danışıb, hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. “Biz səfər zamanı Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin şahidi olduq. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq”, – deyə Stefan Şennak bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq