APA TV-nin xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uolrik Karnegi Fondunda çıxışı zamanı deyib.
“Gələn həftə biz atəşkəsin elan olunması ilə bağlı razılaşmanın 20 illiyini qeyd edəcəyik. Düzdür, biz bir qədər fəxr edə bilərik ki, münaqişənin bilavasitə canlanmasının qarşısını almışıq. Amma etiraf etmək lazımdır ki, hazırkı vəziyyət qəbuledilməz və qeyri-stabildir. Bitməyən danışıqlar, zorakılıq hallarının olması, Ermənistan və Dağlıq Qarabağda yaşayan əhalinin izolyasiyası, Azərbaycanın narazılığı və yerlərini məcburi şəkildə dəyişmiş insanların qəzəbi sülh və stabilliyin resepti ola bilməz və bu həqiqətən də çiçəklənməyə aparan yol deyil. Regiondakı əhali daha yaxşısına layiqdir”, – deyə Uorlik qeyd edib
Onun sözlərinə görə, uzunmüddətli və stabil sülhə nail olmaqla bağlı razılaşmada hər iki tərəfin maraqları təmin olunmalıdır.
“Hər iki ölkənin paytaxtında mən daha ümidverici bəyanatlar eşitdim, hər iki ölkənin prezidenti irəliləyişə nail olmağa çalışır. Hər ikisi razılaşır ki, son bir neçə ildə ətrafında müzakirələr aparılan sənəd yekun razılaşmanın bütün elementlərini özündə birləşdirir. ABŞ hər iki ölkə prezidentini yaxın vaxtlarda görüşməyə və sülhün əldə olunması üçün bu imkandan istifadə etməyə çağırıb”, – deyə Uorlik əlavə edib.