ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik və Pyer Andriyu mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatla çıxış ediblər.
APA-nın məlumatına görə, bu barədə təşkilatın yaydığı məlumatda deyilir.
Həmsədrlər tərəfləri birgə bəyanatda qeyd edilmiş razılaşmalara hörmət etməyə çağırıblar.
“Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa çağırırıq. Həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq. Biz həmçinin prezidentlərin son iki görüşünün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işi davam etdirəcəyik”, deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. QrupATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMTTəhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA,ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.