Minsk Qrupunun fəaliyyətsizliyi göz qarşısındadır. Hesabat xarakterli səfərlər və mücərrəd ifadəli bəyanatlar 22 illik Minsk Qrupunun fəaliyyətsizliyindən xəbər verir.
1992-ci ildən- 2014-cü ilə qədər, yəni 22 il ərzində ATƏT-in Minsk qrupuna 6 ölkədən ümumilikdə 27 nəfər sədrlik (həmsədrlik) etmişdir:
İtaliya – 1 nəfər; İsveç – 1 nəfər; Finlandiya – 1 nəfər; Rusiya – 7 nəfər; Fransa – 7 nəfər; ABŞ – 10 nəfər.
Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqların tarixinə nəzər salıb qeyd edə bilərik ki, 1992-ci ildən beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri ilə yanaşı, 1999-cu ilin aprelindən yeni formada da addımlar atılıb. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqunun aparılması olmuşdur. Həmin vaxtdan indiyə qədər prezidentlər Moskvada, Vaşinqtonda, Cenevrədə, Yaltada, İstanbulda, Davosda, Nyu-Yorkda, Minskdə, Parisdə, Ki-Uestdə, Soçidə, Kişinyovda, Praqada, Strasburqda, Varşavada, Astanada, Kazanda, Rambuyedə, Buxarestdə, Sankt-Peterburqda, Sürixdə, Münhendə, Həştərxanda, Vyanada və Sədərəkdə 47 görüş keçirimişlər.
Çox ağır və çətin keçən danışıqlar zamanı Azərbaycan dövləti öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan keçən dövr ərzində aparılan danışıqlarda təcavüzkar Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prinsipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret fəaliyyət göstərməməsi danışıqlar prosesində irəliləyişin əldə olunmasına maneə törədir.
Ümumiyyətlə, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. Buna səbəb bir tərəfdən Ermənistan Respublikasının qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətini davam etdirməsi, digər tərəfdən beynəlxalq təşkilatların, qarşılıqlı güzəşt prinsipini üstün tutmasıdır. Bundan istifadə edən Ermənistan Respublikası ərazi ələ keçirmək məqsədilə başladığı təcavüz üçün daşıdığı məsuliyyətdən qaçmağa can atır, Dağlıq Qarabağ ermənilərinin münaqişədə iştirak edən tərəf kimi tanınmasını bütün vasitələrlə Azərbaycana qəbul etdirməyə çalışır.
Bununla yanaşı, keçən dövr ərzində ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa həmsədrlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin ədalətli həll olunmasında məsuliyyət daşımayıblar və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmayıblar. Bundan əlavə, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, işğal etdiyi ərazilərdən çıxmasını tələb etmədən və qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirmişdir.
Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, eləcə də Təhlükəsizlik Şurası sədrinin qəbul etdiyi 7 bəyanatda Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal çıxması qeyd olunsa da, bu sənədlər qəbul edilərkən şuranın üzvü olan böyük dövlətlər, xüsusilə də ABŞ, Rusiya, Fransa nümayəndələri Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin atəşkəs və danışıqlar yolu ilə həll olunmasına üstünlük vermişlər.
Minsk qrupunun göstərdiyi səylər Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvərlik fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Azərbaycan Respublikasına qarşı Ermənistan Respublikasının birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.
Ermənistan Respublikası BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində və ATƏT-in Yekun Aktında ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobud şəkildə pozmasına baxmayaraq nüfuzlu beynəlxalq təşkilatların faktlar toplamaq sahəsində çoxsaylı missiyaları öz nəticələrini çıxararkən Ermənistan silahlı qüvvələrinin münaqişədə bilavasitə iştirakını etiraf etməkdən çəkinir və ya bunu etmək istəmirlər. Halbuki beynəlxalq təşkilatların məlum sənədlərində Ermənistan Respublikasının münaqişədə iştirakı etiraf olunub, təcavüz faktları öz əksini tapmışdır. Ona görə də böyük dövlətlər müasir beynəlxalq münasibətlər üçün təhlükəli olan təcavüzkarın qarşısını almaq istəyirlərsə, BMT Nizamnaməsinin VII fəslinə müvafiq surətdə, qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.
Strategiya.az
Elçin Əhmədov