AVCİYA prezidenti Elxan Süleymanovdan aldığımız məlumata görə bu günlərdə assosiasiyamızın “Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində 4 yeni kitab işıq üzü görüb.
Oxuculara təqdim edilən “Şuşa: müxtəsər tarix (1752-2022)” kitabının müəllifi AVCİYA-nın vitse-prezidenti, tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlıdır.
Kitabda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinin 270 illik tarixi öz əksini tapıb. Nəşrdə Şuşanın 1752-ci ildən başlanan tarixi mərhələlərə bölünməklə təhlil edilir.
“Şuşa: ədəbi-mədəni mühit” kitabı müəllifi AVCİYA-nın vitse-prezidenti, filologiya elmləri doktoru, professor Asif Hacılıdır.
“Şuşa: ədəbi-mədəni mühit” kitabında bu qədim şəhərin mədəni və ədəbi həyatının səciyyəvi xüsusiyyətlərindən, şuşalı ədiblərin və mədəniyyət xadimlərinin yaradıcılığından, Şuşa ədəbi-mədəni mühitinin milli mədəniyyətin inkişafına təsirindən, işğalın ağır nəticələrindən və 44 günlük müharibədəki tarixi zəfərdən sonra şəhərin mədəni mühitinin bərpasından bəhs edilir.
“İkinci Qarabağ müharibəsi və yeni geosiyasi reallıqlar” kitabının müəllifləri AVCİYA-nın eskperti, siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və AVCİYA-nın üzvü, Leyden Universitetinin magistri Emin Sevdimalıyevdir.
Kitabda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin beynəlxalq-hüquqi əsasları, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin iflasa uğraması və İkinci Qarabağ müharibəsinin başlamasının səbəbləri araşdırılır.
Azərbaycan Silahlı Qüvvələrinin cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Ermənistan ordusunu dağmadağın edərək 30 ilə yaxın işğal altında olan əraziləri azad etməsi, müharibə dövründə Ermənistanın mülki əhaliyə qarşı ağır cinayətləri, Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə XXI əsr müharibələrinin taktikasını göstərməsi, Azərbaycanın qələbəsini ehtiva edən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanması ilə Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlar, bölgə siyasi-hərbi və digər proseslərində Türkiyənin de-facto və de-yure iştirakı, Şuşa Bəyannaməsi və digər məsələlər təhlil edilir.
Kitab beynəlxalq münasibətlər, dünya siyasəti, politologiya, konfliktologiya üzrə mütəxəssislər və tədqiqatçılar üçün faydalı ola bilər. Kitab eyni zamanda qeyd edilən sahələr üzrə dərs vəsaiti kimi istifadə edilə bilər.
AVCİYA-nın “Şuşa İli”ndə gerçəkləşdirdiyi layihələr çərçivəsində işıq üzü görən dördüncü kitabı “Bizim Şuşa” (söhbətlər)” adlanır.
Kitaba Assosiasiyanın 1905.az portalının redaksiyasında cari təqvim ilində, 26 yanvardan 10 oktyabra kimi baş tutmuş söhbətlər daxil edilib. Şuşa ilə bağlı ən müxtəlif mövzuların onlarla mütəxəssisin iştirakı ilə müzakirəsinin materialları əsasında hazırlanmış bu nəşrintərtibçisi 1905.az portalının direktoru Fuad Babayevdir.
“Bizim Şuşa (söhbətlər)” kitabı AVCİYA-nın 1905.az portalının redaksiyasında 26 yanvar – 10 oktyabr 2022-ci ildə baş tutmuş söhbətlər silsiləsinin materialları əsasında tərtib edilib.
2022-ci il ərzində 1905.az portalının “Kvartet” rubrikasında dərc edilmiş söhbətlərdə Şuşa ilə bağlı ən müxtəlif mövzular onlarla mütəxəssisin iştirakı ilə müzakirə edilib.
Assosiasiyamızın“Şuşa İli”ndə gerçəkləşdirdiyi layihə əsasında hazırlanan bu kitablar geniş oxucu kütləsi üçün nəzərdə tutulub. AVCİYA prezidenti Elxan Süleymanov həmçinin qeyd edib ki, assosiasiyamızda Şuşanın 270 illik tarixinin ən mühüm məqamlarından söhbət açacaq daha bir layihə üzərində iş gedir. Bu layihə çərçivəsində hazırlanan kitab-albom da bir neçə həftədən sonra oxucu auditoriyasında təqdim ediləcək.