Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Obama administrasiyasına “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə petisiya” layihəsi çərçivəsində AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun universitetlərdə keçirilən görüşləri davam edir. Xatırladırıq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
Aprelin 14-də Bakı Dövlət Universitetində növbəti görüş baş tutub. BDU-nun professor-müəllim, tələbə heyətinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə rektor, akademik Abel Məhərrəmov açıb. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. A.Məhərrəmov AVCİYA-nın bu layihəsini yüksək qiymətləndirib və tədbir iştirakçılarını petisiyanın imzalanması işində fəal olmağa çağırıb.
AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov petisiyanın dəstəklənməsi ilə bağlı Azərbaycanda və Türkiyədə həyata keçirilən tədbirlərlə bağlı danışıb. E.Süleymanov qeyd edib ki, hər iki ölkədə kifayət qədər tanınmış insanlar petisiya layihəsinə səs veriblər. Hazırda petisiyaya səs verənlərin sayının 110 mindən yuxarı olduğunu qeyd edən millət vəkili, mayın 6-dək səs verənlərin sayının dəfələrlə çox olacağına əmin olduğunu bildirib.
Layihənin eksperti İradə Yaqubova tədbir iştirakçılarını petisiyaya səsvermə qaydaları ilə tanış edib və sualları cavablandırıb.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe