Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib. Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət açılıb.
Aprelin 7-də bu layihə ilə bağlı Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirildi. Mətbuat nümayəndələri, gənclər və tələbə təşkilatları təmsilçilərinin, alim və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov açdı. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. E.Salmanov layihə ilə bağlı mətbuat konfransının iştirakçılarını məlumatlandırdı.
AVCİYA-nın prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov son günlər ərzində Azərbaycan milli ordusunun cəbhədəki uğurlu əməliyyatlarından bəhs edərək, ordumuzun bir daha torpaqlarımızı azad etmək iqtidarında olduğunu göstərdiyini vurğuladı. E.Süleymanov bildirdi ki, bu hadisələr həm də onu nümayiş etdirdi ki, dünya hələ də Ermənistanın Azərbaycan ərazilərini işğalı faktını “görmək” və onu təcavüzkar kimi tanımaq istəmir. ATƏT-in hazırki sədri və 5 il Azərbaycan üzrə məruzəçisi olmuş, hadisələrə obyektiv qiymət vermək iqtidarında olan Pedro Aqromunt kimi vicdanlı siyasətçilər isə erməni deputatlarının təhqir və hədyanları ilə üzləşirlər. E.Süleymanov yalnız Türkiyə, Belarus və Pakistanın ölkəmizin haqq işini müdafiə etdiyini xatırlatdı. Azərbaycana qara yaxan ölkələrin və beynəlxalq təşkilatların əsas məqsədinin torpaqlarımızın işğalını unutdurmaq istəyi olduğunu bildirən AVCİYA prezidenti Azərbaycanın media nümayəndələrini diqqətli olmağa, yanlış materialların mediaya yol tapmasına imkan verməməyə çağırdı. Millət vəkili Azərbaycanın təbliğatı gücləndirməsinin və həqiqətlərimizi daha geniş auditoriyalara çatdırmasının vacibliyini diqqətə çatdırdı. Elə Ağ Ev Administrasiyasının internet resursunda Obama Administrasiyasına petisiya ilə müraciət ideyası da bu zərurətdən irəli gəlib. Müraciətdə ATƏT-in Minsk Qrupunun torpaqlarımızın işğaldan azad edilməsində 23 il ərzində heç bir nəticə əldə etmədiyi bəyan edilir, AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan: Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırki durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır, Administrasiyaya AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir. Millət vəkili E.Süleymanov qeyd etdi ki, petisiyanın qeydə alınması üçün ən azı 100 min nəfərin müraciəti (elektron) imzalaması tələb olunur. Bu məqsədlə AVCİYA türkdilli dövlətlərdə geniş təbliğat işləri aparır. Elxan Süleymanov ölkə ictimaiyyətini bu müraciətin imzalanması işində fəal olmağa çağırdı.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova petisiyanın imzalanma qaydası ilə mətbuat konfransının iştirakçılarını tanış etdi. İ.Yaqubova bildirdi ki, artıq layihənin icrasına başlandığı 1 gün ərzində petisiyanı 8 min nəfərdən artıq şəxs imzalayıb.
Petisiyaya bu linkdən səs verə bilərsiniz:
https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe
1905.az