
Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel Brüsselin Ukraynada davam edən münaqişə barədə növbəti qərarının anonsunu verib.
AZƏRTAC xəbər verir ki, yaxın vaxtlarda qüvvəyə minəcək yeni qaydaya görə Rusiya vətəndaşlığını qəbul etmiş Ukrayna vətəndaşlarının Avropa İttifaqına girişi qadağan olunacaq. Borrel xəbərdarlıq edərək deyib: “Bu insanların naturallaşması və Rusiya pasportları almaq üçün müraciət etməsi onların Avropa İttifaqının daxil olmalarının qadağan edilməsi deməkdir”.
Xatırladaq ki, rəsmi Moskva tərəfindən daha əvvəl qəbul edilmiş fərmana əsasən, ukraynalıların adına Rusiya Federasiyası vətəndaşlarının pasportlarının rəsmiləşdirilməsi sadələşdiriləcək. Onlara bu proseduru pulsuz keçmək imkanı veriləcək.
Brüsselin son qərarı Rusiya rəhbərliyinin bu addımına Avropa İttifaqının ani reaksiyası oldu. Lakin təəccüb doğuran odur ki, Azərbaycanın Qarabağ bölgəsi otuz il erməni işğalı altında qaldığı müddətdə analoji reaksiya verilmədi. Yaxın keçmişə qədər Azərbaycanın Dağlıq Qarabağ regionunun, hazırda isə ölkəmizin Qarabağ iqtisadi regionunun sakinləri həm dondurulmuş münaqişə illərində, həm də münaqişədən sonrakı dövrdə Ermənistan Respublikası vətəndaşlarının pasportları ilə Avropa İttifaqına gedirdilər. Biz Azərbaycanın yaxın vaxtlara qədər işğal edilmiş əraziləri barəsində Ukraynada Kiyevin nəzarətindən çıxarılmış regionları barəsində bu gün Avropa İttifaqı tərəfindən atılan addımlara oxşar bircə təşəbbüs də görmədik. Əksinə, biz tam laqeydlik, bəzən hətta izahedilməz və qarşı tərəfə beynəlxalq hüquq normaları çərçivələrinə sığışmayan rəğbət gördük.
Deyək ki, Luqansk, Donetsk, Xerson və ya Krım Xankəndidən və ya Ağdərədən nə ilə fərqlənir? Avropa İttifaqında bu suala ağlabatan cavab verə bilərlərmi? 44 günlük müharibəyə qədər Brüsseldə istənilən belə sorğuya çeynənmiş cavab verirdilər: “Avropa İttifaqı Dağlıq Qarabağda münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində dinc yolla nizamlanmasını dəstəkləyir”. İstənilən suala standart cavab. Görəsən indi və deyəcəklər, “yolunu azmış” ukraynalılar barəsində sanksiya tədbirləri tətbiq edən Avropa İttifaqında Azərbaycan regionunun Ermənistanın pasportlarını daşıyan sakinlərini nəyə görə əvvəlki kimi qəbul edirlər? İndi bunu izah edə biləcəklərmi, axı daha nə ATƏT-in Minsk qrupu var, nə münaqişə, nə də Dağlıq Qarabağ!
Hərçənd, bu sualın cavabı o vaxt da açıq-aydın idi, bu gün də: çoxdan bəri Qərbin vizit vərəqinə çevrilmiş ikili standartlar.