Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Müslüm Məmmədovun APA-ya müsahibəsi
– Siz son parlament seçkilərində millət vəkili seçildiniz və hazırda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni üzvlərindən birisiniz. Millət vəkili olmamışdan əvvəl də qeyri-hökumət təşkilatı çərçivəsində əsas fəaliyyətiniz Avropa strukturları ilə bağlı olub, AŞPA-nın işinə, prosedurlarına yaxşı bələdsiniz. Hazırda assambleya ilə Azərbaycanın münasibətlərini necə dəyərləndirirsiniz? Nümayəndə heyətimiz burada əsasən hansı istiqamətdə işlər aparır?
– Millət vəkili seçilməzdən əvvəl, təxminən on il QHT nümayəndəsi kimi AŞPA sessiyalarında iştirak etmişəm və burada xeyli işlər görmüşük. Yəni, buradakı qurumları yaxşı tanıyıram, onların iş fəaliyyətinə yaxından bələdəm. Ortada hansı problemlərin olduğunu, bizim nümayəndə heyətinin prioritetlərini assambleyaya üzv olmamışdan qabaq da bilirdim. Bizdə əsasən problemlər iki istiqamətdə olub. Birincisi əlbəttə ki, Dağlıq Qarabağ mövzusudur. Bu məsələ ilə bağlı həm AŞPA çərçivəsində, həm də QHT-lər və digər qurumlar formatında işimiz öz haqlı mövqeyimizi burada yaymaqdan ibarət olub. Qərarların, qətnamələrin qəbulunda yaxından iştirak etmişik. İkinci məsələ isə, bilirsiniz ki, AŞPA-da Azərbaycanda insan hüquqları mövzusunda həmişə bu və ya digər formada müxtəlif məsələlər qaldırılıb və bunların çoxu əsassız iddialar olub. Biz də bu istiqamətdə aydınlaşdırma, məlumatlandırma işləri aparmışıq. Azərbaycan rəhbərliyinin bu yaxınlarda atdığı müsbət addım nəticəsində assambleyanın sessiyası ərzində biz hiss etdik ki, bu problemli məsələlər daha gündəmdə deyil. Burada bəzi qruplar daxilində yenə müəyyən problemlərin qaldırılmasına baxmayaraq, ümumiyyətlə, demək olar ki, Azərbaycan və Avropa Şurası arasında insan hüquqları mövzusunda artıq bir çətinlik qalmayıb.
– AŞPA-nın hazırkı yaz sessiyası onunla yadda qaldı ki, aprel ayının əvvəllərində cəbhə bölgəsində gedən ağır döyüşlərdən sonra erməni tərəfi öz çıxışlarında, yaydığı sənədlərdə hər fürsətdə Azərbaycana qarşı böhtan xarakterli kampaniya aparırdı. Ümumiyyətlə, bu hadisələrdən sonra AŞPA-da Azərbaycana münasibətdə hər hansı bir dəyişiklik baş vermədi ki?
– Bizdə məlumat var idi ki, ermənilər bu sessiyaya mənbəyi məlum olmayan qondarma fotolar gətiriblər, hətta onu broşur şəklində çap ediblər. Mən AŞPA katibliyinə müraciət etdim ki, burada mənbəyi məlum olmayan fotoların yayılmasına imkan verməsinlər. Erməni tərəfi bununla guya azərbaycanlıların necə vəhşi olduğunu nümayiş etdirmək istəyirdi. Mən assambleyaya öz etirazımı bildirdim ki, əvvəla, qurumun qaydasına görə bu tipli çap məhsullarını burada yaymaq olmaz. Bizim nümayəndə heyətində hətta Qırmızı Xaç Təşkilatı tərəfindən təsdiq olunmuş fotolar, materiallar var, amma biz etikaya və daxili qayda-qanuna riayət edərək bunları nümayiş etdirmirik. Yalnız lazımi şəxslərə bildirdik ki, biz bu şəkilləri göstərməyə hazırıq. Amma erməni tərəfi heç bir icazə olmadan bu şəkilləri yayaraq, assambleya üzvlərinə bir növ, psixoloji təsir göstərməyə çalışırdı. Lakin onların bu hay-küyü heç bir nəticə vermədi. Biz bütün bunları bilirdik və nümayəndə heyətimiz preventiv addımlar atmışdı. Müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşlər keçirmişdik və demişdik ki, belə bir təxribatlar gözlənilir. Ona görə də ermənilər burada apardıqları kampaniya ilə heç nəyə nail olmadılar. Onlar ilk gündən çox çalışdılar ki, assambleyanın plenar iclasında cəbhə bölgəsindəki son gərginliklərlə bağlı dinləmələr keçirsinlər. Həm ermənilər, həm də onlara çox yaxın olan Fransa nümayəndə heyətinin rəhbəri Rene Ruke tərəfindən AŞPA Bürosunda iki təklif irəli sürülmüşdü. Biz də öz tərəfimizdən bir təklif vermişdik. Lakin Büro belə bir qərara gəldi ki, bu məsələ qurumun plenar iclasında deyil, daha dar formatda müzakirə edilsin. Dediyim kimi, buna nail ola bilmədilər. Ermənilərin burada hay-küy salmasına baxmayaraq, AŞPA-da aparılan fəaliyyətimiz nəticəsində üzvlər anladılar ki, ermənilərin bütün bu iddialarının əsası yoxdur. Bildilər ki, Azərbaycan əsgəri əlinə silah alıb işğalçı qüvvələrlə döyüşür, bizim əsgərimiz mülkü əhali ilə döyüşmür.
– Yeri gəlmişkən, dünən AŞPA-nın Monitoinq Komitəsi çərçivəsində xüsusi olaraq münaqişələrlə bağlı fəaliyyət göstərən alt komitənin iclasında Dağlıq Qarabağ münaqişəsi və cəbhədəki son gərginliklər müzakirə olundu. Siz də bu iclasda iştirak etmisiniz. Aparılmış müzakirələri necə qiymətləndirirsiniz?
– Monitorinq Komitəsinin ötən yanvar sessiyasında yaradılmış alt komitəsi ümumilikdə Avropa Şurasına üzv ölkələrdəki münaqişələrə aiddir. Bu komitə yalnız Azərbaycanla Ermənistan arasında deyil, Rusiya ilə Ukrayna, Rusiya ilə Gürcüstan, Rusiya ilə Moldova, eləcə də Türkiyə ilə Kipr arasında olan münaqişələrlə bağlı platformadır. Dağlıq Qarabağla bağlı müzakirələrin detallarını təəssüf ki, açıqlaya bilmərəm. Çünki razılaşdıq ki, bunlar məxfi saxlanılsın. Amma ümumilikdə deyə bilərəm ki, belə təşəbbüslər assambleyanın tarixində əvvəllər də olub. Bildiyiniz kimi, AŞPA-da ayrıca Dağlıq Qarabağ üzrə xüsusi alt komitə fəaliyyət göstərirdi, lakin erməni tərəfi bu komitədə iştirak etməməklə onun fəaliyyətini sıfıra endirmişdi. Bu komitə ona görə yaradılmışdı ki, iki ölkənin nümayəndə heyətləri bir-birinin arasında danışsınlar. Amma ermənilərin deməyə sözü yox idi. Torpaqları işğal ediblər, nə desinlər? Hamı bunu bilir, bir çox sənədlərdə əks olunub. Və beləcə, bir çox bəhanələrlə həmişə bu danışıqlardan qaçıblar. Dünən biz bir daha bunun şahidi olduq. Bizim nümayəndə heyətinin sədri Səməd Seyidov da qeyd etdi ki, ermənilər həmişə assambleyanın əsas plenar iclaslarında qışqırmağa, ittihamlar irəli sürməyə üstünlük verirlər və hamının diqqətini cəlb etmək istəyirlər ki, bəs yazıq ermənilər yenə də atəş altındadır və s… Amma konkret faktlara, müzakirələrə gəldikdə, bundan boyun qaçırırlar və deyirlər ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur, gəlin, biz bu məsələni müzakirə etməyək. Xatırladım ki, bizim nümayəndə heyətinin üzvü Elxan Süleymanovun iki il bundan əvvəlki təşəbbüsü nəticəsində “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artması” adında qətnamə layihəsi hazırlanmışdı. Biz bu məsələnin AŞPA-da müzakirə olunmasında əlbəttə ki, maraqlıyıq. Çox təəssüf ki, Minsk Qrupu bu illər ərzində yenə də erməni tərəfinin qeyri-konstruktiv mövqeyinə görə heç bir iş görə bilmir. Biz də çalışırıq ki, hansısa paralel platforma tapaq və bu məsələni orada qaldıraq. Amma ermənilər nə Sərsəng su anbarı ilə bağlı qətnamə, nə də cənab Valterin hazırladığı qətnamə ilə bağlı heç bir müzakirə aparmaq istəmədilər. Yəni, real məsələlərlə bağlı danışmaq istəmirlər, amma plenar iclaslarda qışqıra-qışqıra bizə qarşı əsassız ittihamlar yağdırırlar.
– AŞPA-nın ötən qış sessiyasında Sərsəng su anbarı problemi ilə bağlı 2085 saylı qətnamə qəbul olundu. Bu sənəddə Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı əkini tapıb. Bundan sonra bu sənədin müddəalarının yerinə yetirilməsi istiqamətində assambleyada hansı addımlar atıla bilər?
– Məsələ bundan ibarətdir ki, AŞPA-nın bəzi qaydalarında boşluqlar var. Qətnamə qəbul olundu və bu sənəddə Ermənistan ilk dəfə olaraq açıq şəkildə işğalçı tərəf kimi göstərildi. Konkret deyildi ki, Ermənistan bu torpaqları işğal edib və onları boşaltmalıdır. Qeyd olundu ki, Sərsəng su anbarına yol açılmalıdır və orada susuz qalan ərazilərə su verilməli, insanlar bundan yararlana bilməlidir. Lakin təəssüf ki, AŞPA-da həmişə başa düşülməyən bir tendensiya var. Mən indi onları birbaşa günahlandırmaq istəmirəm, amma elə məsələlər olur ki, dərhal icra edilir, ancaq Ermənistanın kobud şəkildə iki il ərzində qurumun bütün qaydalarını pozaraq, onun mandat verilmiş nümayəndələri ilə əməkdaşlıq etməməsinə baxmayaraq, Ermənistanı indiyə kimi buna görə cəzalandırmırlar. Bu, ilk növbədə AŞPA-nın öz marağında olmalıdır. Çünki Ermənistan bu şərtləri yerinə yetirməməklə digər dövlətlər üçün mənfi presedent yaratmış olur. Yeri gəlmişkən, mən bu məsələni dünən də iclasda qaldırmışdım.
– Ümumiyyətlə, Avropa Şurası və onun assambleyası Azərbaycanın işğal edilmiş ərazilərini azad edilməsi məsələsində nə kimi yardım edə bilər?
– Biz bu təşkilatda açıq-aydın ikili standart siyasətinin aparılmasının şahidi olmuşuq. Misal üçün, 2008-ci ildə Rusiya və Gürcüstan arasındakı gərginliyə görə Rusiya nümayəndə heyəti cəzalandırılmışdı, 2013-ün sonundan da Rusiya-Ukrayna məsələsinə görə Rusiya nümayəndə heyəti ümumiyyətlə, bura gəlmir. AŞPA Rusiya Krımı anneksiya etdiyi üçün onun nümayəndə heyətini cəzalandıraraq, səs hüququnu əlindən almışdı, indi də ruslar özləri bura gəlməməyə üstünlük verirlər. Yəni, biz görürük ki, başqa münaqişələrdə işğalçı tərəflərə AŞPA-nın bacara biləcəyi qədər ən ağır sanksiyalar tətbiq olunur. Əlbəttə ki, biz Avropa Şurasından hansısa işğal olunmuş ərazilərin boşaldılması və ya geri qaytarılmasını gözləyə bilmərik. Bu, onun səlahiyyətləri çərçivəsində deyil. Lakin ən azı, başqa münaqişələrdə olduğu kimi, biz bu təşkilatın Ermənistana qarşı eyni münasibətdə olmasını gözləyirik. Bildiyiniz kimi, tarixi bağlar səbəbilə burada Ermənistanla Fransa nümayəndə heyətləri bir-birinə çox yaxın olublar. Bizim apardığımız iş nəticəsində müəyyən uğurlar əldə edilib. Artıq Fransa nümayəndə heyəti üzvləri arasında Dağlıq Qarabağ məsələsini yaxşı bilən, Azərbaycanı daim dəstəkləyən bir çox deputat var. Fransa nümayəndə heyəti AŞPA-nın ən böyük nümayəndə heyətlərindən biridir, burada daimi olaraq Büroda təmsil olunur. Bu və digər faktorlar bir çox məsələlərdə Ermənistanı indiyə kimi qoruyurdu. Amma indi artıq bir çoxları başa düşür ki, Azərbaycan haqlı olan tərəfdir. Bu dəfə heç kim ermənilərin gözlədiyi reaksiyanı vermədi. Hamı deyir ki, bu məsələ sülh yolu ilə həll edilməlidir və s. Lakin Azərbaycanı bu məsələdə tənqid edəcək, pisləyəcək bir adam tapa bilmədilər. Biz onların necə gülməli vəziyyətə düşdüklərinin şahidi olduq. Erməni nümayəndə heyəti özünü burada tam şəkildə ifşa edib və onlara dəstək verənlərin sayı azalmaqdadır. Mən əminəm ki, çox yaxın vaxtlarda biz onun şahidi olacağıq ki, ermənilər burada öz layiqli cəzalarını alacaqlar. Bu, artıq sənədlərdə öz əksini tapıb, indi qalıb onları əməldə həyata keçirmək. Biz bu məsələni çox kəskin şəkildə qoyacağıq. Əgər Avropa Şurası öz imicini, nüfuzunu saxlamaq istəyirsə, qəbul etdiyi qərarların icrasına çalışmalıdır.
– AŞPA-nın son sessiyalarında Azərbaycan üzrə həmməruzəçilər yeniləri ilə əvəz olundu. Hazırda assambleyada Azərbaycanda insan hüquqları, demokratiya ilə bağlı məsələlərə dair aparılan müzakirələri necə dəyərləndirirsiniz?
– Bilirsiniz ki, mən AŞPA-da sosialist qrupun üzvüyəm. Bu qrupun keçmiş sədri var idi, Andreas Qross. Onun Azərbaycana qarşı olan açıq-aydın qərəzi nəticəsində sosialist qrup həmişə Azərbaycanı tənqid edən qrup olub. Cənab Stefan Şennax bu qrupun liderlərindən biridir və o, bu vəzifəyə təyin olunanda biz ehtiyatlanırdıq ki, Azərbaycana qarşı qeyri-səmimi, qərəzli mövqe tuta bilər. Lakin keçirilən görüşlərdən sonra, ölkədə aparılan son islahatlar, qəbul olunan qərarlar nəticəsində cənab Şennaxın çox müsbət bəyanatları oldu. Hətta sosialist qrupunda Azərbaycana qarşı ən tənqidi mövqe tutan Stefan Şennaxın Azərbaycandakı son müsbət dəyişikliklər haqqında etdiyi məruzəsindən sonra qrupda hamı əl çaldı. Ümid edirəm ki, bu tendensiya bundan sonra daha sürətlə gedəcək və AŞPA rəhbərliyi ilə Azərbaycan rəhbərliyi arasındakı bu uğurlu əməkdaşlıq digər sahələrdə də özünü büruzə verəcək. Digər həmməruzəçi isə Avropa Xalq Partiyası qrupundan olmalıydı. Amma çox təəssüf ki, Azərbaycanda gedən proseslərə yaxından bələd olmuş cənab Avqustin Konde İspaniyadakı son seçkilərdə seçilmədi və buna görə də onun yerinə hazırda Monitorinq Komitəsinə rəhbərlik edən rumıniyalı deputat, cənab Sezar Preda seçildi. Biz ondan da obyektiv mövqe gözləyirik və ümid edirik ki, o da Azərbaycana qarşı qərəzli mövqe tutmayacaq.