AVCİYA rəhbəri: “Prezident İlham Əliyevin Qarabağ məsələsində möhkəm iradəsi və siyasi ustalıqları ilə məkrli oyunlar pozulduğu üçün anti-Azərbaycan şəbəkəsi dəfələrlə ölkəmizdə iğtişaşlar törətməyə çalışıb, bunların şəxsən şahidi olmuşam”
Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsindən, Qarabağın azad edilməsindən bədxahlarımız kifayət qədər narahat oldu. Postmüharibə dövründə ermənipərəst dairələrin müxtəlif təxribatlara əl atacağı da sirr deyildi. Hazırda sülh müqaviləsindən, sərhədlərin delimitasiyasından, paralel olaraq sülhməramlıların nəzarətindəki ərazilərimizdə mövcud olan separatçı rejimin ləğvinin şərt kimi qoyulduğu bir vaxtda Avropa coğrafiyasından növbəti dəfə Azərbaycana qarşı hücumlar, qarayaxma, böhtan kampaniyalarının artması müşahidə olunmaqdadır. Fransanın timsalında bir sıra Avropa dövlətləri, o cümlədən AŞ PA tərəfindən yenə də erməni təəssübkeşliyi, Azərbaycana qarşı siyasi məhbus iddiaları baş qaldırmaqdadır. Bu arada bəzi qərəzli şəxslər yenidən 96 nəfərlik bir “siyasi məhbus siyahısı” hazırlayaraq, dövriyyəyə buraxıblar. AŞ PA da güman ki, bunu həvəslə araşdıracaq…
Bütün bunlar yenə də Avropadakı anti-Azərbaycan, anti-türk, anti-islam dairələrin növbəti çirkin oyunlarıdır.
Bu oyunların daxili “anatomiya”sını Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanov bir neçə il bundan qabaq işıq üzü görmüş “Avropanın çirkli “demokratiya” oyunu” kitabında ətraflı təhlil edib. Hazırda bu məsələlərin müzakirəsi ciddi önəm daşıyır.
Odur ki, Elxan Süleymanovla bu mövzuda geniş polemika etdik, bu zaman olduqca ilginc faktlar ortaya çıxdı.
Birinci yazı
– Elxan müəllim, 2018-ci ildə Azərbaycana qarşı Avropa coğrafiyasında həyata keçirilən qərəzli kampaniyaların, hücumların arxasındakı səbəblər, bunu kimlərin və necə təşkil etməsi, əsas məqsədin isə məhz Qarabağla bağlı olması, erməni lobbisinin də dəstəyi ilə həyata keçirilən bu prosesləri çılpaqlığı ilə ortaya qoyan maraqlı bir kitab – memuar yazmısınız. Bu kitab indi daha aktualdır…
– Təəssüf ki, elədir. “Avropanın çirkli “demokratiya” oyunu” aktuallığını qoruyub saxlayır. Bu kitabda AŞ PA nümayəndə heyətinin üzvü olduğum dövrdə şahidi olduğum faktları, üzləşdiyim hadisələri, Azərbaycana qarşı qətnamələrin qəbulunun kimlər tərəfindən, necə həyata keçirilməsinə dair heyrətamiz faktları açıqlamışam. Bəli, faktların əsas hissəsi heyrətamizdir. Burada mübaliğə-filan yoxdur. Bu faktlardan bir daha aydın olur ki, Avropada demokratiya anlayışı yalnız özlərinə çatana qədərdir və AŞ PA-da baş verənlərin fonunda Avropa coğrafiyasında Azərbaycana, türk və islam dünyasına qarşı kin, qərəzli münasibət bir siyasət kimi həyata keçirilir.
– Və bu, kitabın əsas məğzini ifadə edir?
– Kitabdakı faktların, yazılanların məğzi bundan ibarətdir ki, Azərbaycana qarşı siyasi məhbus ittihamları, seçkilər zamanı heyrət doğuran hücumların baş verməsinin arxasında məhz Qarabağ məsələsinə görə Azərbaycana təzyiqlər göstərilməsi, nüfuzdan salınması, Ermənistanın əlinin gücləndirilməsi üçün baş verib. Prezident İlham Əliyevin Qarabağ məsələsində möhkəm iradəsi və siyasi ustalıqları ilə məkrli oyunlar pozulduğu üçün anti-Azərbaycan şəbəkəsi dəfələrlə ölkəmizdə iğtişaşlar törətməyə çalışıb, bunların şəxsən şahidi olmuşam. Yeganə məqsəd isə yalnız Azərbaycanı zəiflətmək, gözdən salmaq, hakimiyyət dəyişikləri edib oyuncaq bir hökumət qurmaq və Ermənistanın işğal etdiyi torpaqlarımızın geri alınmasına əngəllər törətmək olub. Bu prosesdə erməni lobbisinin, Soros Fondunun hansı canfəşanlıqları göstərməsinə dair konkret detallar kitabda əksini tapır.
– Etiraz etmirsinizsə, kitabı birlikdə vərəqləyək…
– Məmnuniyyətlə. Kitabda da yazdığım kimi, dövlət müstəqilliyini bərpa etdiyimiz ilk illərdə Azərbaycanın əhalisinin böyük əksəriyyəti, digər postsovet respublikalarında olduğu kimi, SSRİ dönəmində anadan olmuş və formalaşmış insanlardan ibarət idi: “Onlar sovet totalitar idarəetmə sistemindən xəbərdar idilər. Postsovet əhalisində Qərb demokratiyasına böyük inam və ümid var idi. Azərbaycan xalqı bu sırada öndə gedirdi.
Azərbaycan xalqında Qərb demokratiyasına, Avropanın demokratik institutlarına inteqrasiyaya və Avropa təsisatlarının obyektivliyinə böyük ümid var idi. Biz demokratik hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunda Avropa təşkilatlarının qarşılıqlı əməkdaşlıq çərçivəsində Azərbaycana tərəfdaş olacağına sadəlövhcəsinə inanırdıq. Cəmiyyətdə bu inam bir çox hallarda eyforik xarakter daşıyırdı və sentimental hisslərlə müşahidə edilirdi. Ümumiliklə, Azərbaycan cəmiyyətində Avropa demokratiyasına inam hədsiz dərəcədə idi.
Lakin XXI əsrin ilk iki onilliyi bu eyforiyaya son qoydu. Azərbaycan Avropa qurumlarında ikili standartlara, məqsədyönlü əsassız təzyiqlərə, ayrı-seçkiliyə məruz qaldı. Bir vaxt hədsiz dərəcədə ümid bəslədiyimiz Avropa qurumlarında, sözün əsl mənasında, Azərbaycana qarşı çirkli “demokratiya” oyunu aparılırdı.
Mən bu hadisələrin canlı şahidlərindən biri olmuşam və bu hadisələrdən bəzilərinin qarşısının alınmasında aktiv iştirak etdiyimə görə mənə qarşı əsassız ittihamlar irəli sürülüb. Bir sıra hallarda baş verənlər məni sevindirib, bəzən məyus edib, bir sıra hallarda isə ədalətsizlikdən dəhşətə gəlmişəm. Zənnimcə, geniş ictimaiyyət bu hadisələrin əsl mahiyyətini bilməlidir. Odur ki, baş verənləri sistemləşdirərək, oxucuların diqqətinə çatdırmağa çalışmışam və bunu zəruri hesab edirəm.
– Bu yerdə biz hökmən “siyasi məhbus” məsələsinə diqqət ayırmalıyıq…
– Təbii ki, AŞ PA-nın əvvəlcədən müəyyən edilmiş məqsədlərə xidmət edən müvəqqəti “siyasi məhbus” meyarlarına dair çox ciddi şəkildə vurğu salmaq lazımdır. Ona görə ki, Azərbaycan və Ermənistan eyni vaxtda Avropa Şurasına qəbul edilən ərəfədə – elə ilk addımdaca “siyasi məhbus” məsələsi üzərindən ölkəmizə qarşı ikili standartların tətbiqinə başlanılıb.
Kitabımda yazdığım bəzi məsələləri sizə olduğu kimi çatdırım, birgə buna nəzərə salaq. Orada qeyd etmişəm və reallıq bundan ibarətdir: “Müstəqil ekspertlər qrupunun hazırladığı məruzə Ermənistan və Azərbaycanda siyasi məhbusların mövcudluğunu müəyyən etmək üçün meyarları özündə əks etdirsə də, AŞ PA-nın qəbul etdiyi 1272 (2002) saylı Qətnamə yalnız Azərbaycana aid edilmişdi. Ermənistanda siyasi məhbuslarla bağlı nə əvvəl, nə də sonradan heç bir qətnamə qəbul edilmədi!
Mütəmadi olaraq ölkədə prezident və parlament seçkiləri, AŞ PA-nın növbəti sessiyaları ərəfəsində qondarma “siyasi məhbus” problemi süni şəkildə müzakirə mövzusuna çevrilirdi və həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda bəzi dairələr tərəfindən genişmiqyaslı və qərəzli kampaniya formasında Azərbaycana qarşı siyasi təsir vasitəsi kimi istifadə edilirdi. Bu qeyri-obyektiv xarakterli kampaniyaların qarşısını almaq və problemin əsl mahiyyətini ictimaiyyətə çatdırmaq məqsədilə Azərbaycanda fəaliyyət göstərən bir çox QHT, o cümlədən öz sıralarında 70-dən çox QHT-ni birləşdirən “Siyasi məhbus problemləri üzrə Şura” təcrübəli ekspertlər qrupu formalaşdırmışdı. Ekspertlər qrupu Avropa Şurası tərəfindən “siyasi məhbus” kimi tanınmış 100-dən artıq məhbusun cinayət işlərini araşdırmışdı. Və bu şəxslərin “siyasi məhbus” kimi tanınmalarının heç bir hüquqi əsasının olmaması barədə birmənalı nəticəyə gəlmişdi. Hətta “siyasi məhbus” kimi tanınanlar arasında uşaq oğurluğu və terrorçuluq, dövlət çevrilişi cəhdləri və digər zorakı cinayətkar əməllər törətmiş insanların olduğunu aşkar etmişdi. Həmin QHT-lərin rəhbərləri aşkarladıqları faktlarla bağlı AŞ rəhbərliyini məlumatlandırmış, Avropa Şurası deputatları ilə ikitərəfli və çoxtərəfli görüşlər zamanı bu faktları onların diqqətinə çatdırmışdılar…
– Tez-tez hallandırılan “ikili standartlar” beləcə özünü göstərdi…
– Bəli, heç bir ümumqəbul edilmiş hüquqi meyar və beynəlxalq-hüquqi sənəd olmadan ayrı-seçkiliyə yol verərək, 47 üzv dövlətdən yalnız Azərbaycana qarşı siyasi məhbus probleminin olmasını iddia etdilər. Bu cür yanaşma ilə Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi də beynəlxalq hüquq normaları ilə ziddiyyət təşkil edirdi. Habelə, bu, nə ümumavropa dəyərlərinə, nə də Avropa Şurasının prinsiplərinə uyğun deyildi. Bu, faktiki olaraq AŞ PA-nın öz nüfuzuna vurmuş olduğu böyük zərbə idi.
– Kitabda yazırsınız ki, Azərbaycanla Avropa Şurası arasında konstruktiv davamlı əməkdaşlıqda maraqlı olmayan qüvvələr qondarma “Azərbaycanda siyasi məhbus problemini” vaxtaşırı AŞ PA-nın Hüquq Məsələləri Komitəsində gündəmə gətirməyə çalışırdılar. Bu necə baş verirdi?
– Sözügedən komitənin 24 mart 2009-cu il tarixli iclasında Azərbaycanda siyasi məhbus problemi üzrə xüsusi məruzəçinin təyin edilməsi barədə qərar qəbul olunmuşdu. O qərarla almaniyalı deputat Kristof Ştrasser Azərbaycanda siyasi məhbus problemi üzrə xüsunsi məruzəçi təyin edildi.
Ştrasser Azərbaycana bir dəfə də olsun səfər etmədən, ölkəmizdəki real vəziyyətlə tanış olmadan, obyektiv hüquq müdafiəçilərinin rəylərini almadan “Azərbaycanda siyasi məhbuslar məsələsinin izlənilməsi və siyasi məhbusların müəyyənləşdirilməsi” adlı memorandum hazırladı və onu 17 iyun 2010-cu ildə Hüquq Məsələləri Komitəsinə təqdim etdi (AS/Jur (2010) 28).
Ştrasserin yalnız öz mülahizələrində nə dərəcədə “obyektiv” və “qərəzsiz” mövqedən çıxış etməsini nümayiş etdirən ciddi bir məqam diqqəti xüsusilə cəlb edir. Belə ki, məruzəçi hazırladığı layihənin 2-ci bənddə göstərirdi ki, Azərbaycanda siyasi məhbus məsələsinin tarixi ölkənin Ermənistanla birlikdə Avropa Şurasına qəbul edilməsinə dair danışıqlar vaxtına təsadüf edir və təşkilata qəbul 25 yanvar 2001-ci ildə qüvvəyə minib. Ştrasser daha sonra “fikrini bildirməyən dövlətlərin Azərbaycan və Ermənistanın təşkilata qəbul edilməsinə müqavimətini dəf etmək üçün kompromis həll üsulu tapıldı”ğını vurğulayır. Kitabda bunu konkret yazmışam: “O, həmin ifadədə “Ermənistanın” sözündən sonra qeyd işarəsi qoyaraq, həmin səhifənin sonunda yazır ki, “Ermənistan da bura aid idi; lakin kiçik sayda məhkəmə işləri dərhal həll edilmişdi; bu səbəbdən, məqsədəuyğun olaraq, mən bu andan yalnız Azərbaycandakı siyasi məhbuslara istinad edəcəyəm”. Artıq bununla da qərəz, ikili yanaşma aydın şəkildə ortaya qoulmuşdu.
– Yəni Ermənistandakı durum əməlli-başlı idealizə edilirmiş, yaxud ört-basdır edilirmiş?
– Faktiki olaraq Ermənistanda mövcud olan real vəziyyət qətiyyən deyildiyi kimi deyildi. Ermənistanda durum Ştrasserin fikrinin tam əksinə idi. Ermənistanın tanınmış hüquq müdafiəçisi Mikael Danielyan hələ 2001-ci ilin mart ayında öz müsahibəsində bildirmişdi ki, İnsan Hüquqlarına dair Ümumdünya Bəyannaməsində göstərilmiş 30 maddənin hamısı üzrə Ermənistanda insan hüquqları pozulur, məhkəmə sistemi tamamilə korrupsiyalaşıb, hakimlər müstəqil deyillər, siyasi iradəyə tabedirlər. O, xüsusi olaraq vurğulamışdı ki, Ermənistanda polisin özbaşınalığı baş alıb gedir, ilkin saxlama kameralarında bütün həbs edilənlərə psixoloji və fiziki işgəncə verilir. Ştrasser və digərləri bunu qulaqardına vururdular, Ermənistanın ifşasında maraqlı deyildilər.
– Ştrasserin “Siyasi məhbusların müəyyənləşdirilməsi” məruzəsi AŞ PA-nın 1-5 oktyabr 2012-ci il tarixli payız sessiyasının gündəliyinə salınmışdı, doğrudurmu?
– Məruzəyə iki düzəlişin olması irəli sürülmüşdü. Bundan dərhal sonra bitərəf davranmalı olan komitə katibləri Drjemçevski və Şirmer, o cümlədən Baş Katibin ofisinin əməkdaşları əl-ayağa düşdülər. Onlar 2 oktyabrda axşamtərəfi və növbəti gün ərzində komitə və assambleya iclaslarına qədər dəhlizdə, bufetdə AŞ PA üzvlərinə yaxınlaşıb, separat danışıqlar aparmağa başladılar. Müxtəlif üsullarla düzəlişlərin əleyhinə və məruzənin lehinə deputatların səs vermələri üçün lobbiçilik fəaliyyəti göstərirdilər…
Heyrət edirdim, 3 saata yaxın davam edən plenar iclas zamanı sanki siyasi məhbus meyarları ilə bağlı müzakirələr aparılmırdı, Azərbaycan əleyhinə yönəlmiş qərəzli və düşmən mövqelər nümayiş olunurdu. Bu biabırçılıqda o zaman əsasən almaniyalı deputatlar, sosialist və liberallar canfəşanlıq edirdilər.
Məhz bu cür ermənipərəstlərin, Qrossun təzyiq etdiyi sosialistlər və liberalların çıxışları mövqelərə ciddi təsir etdi, hətta bu cür siyasi oyunbazlıqdan sonra belə səsvermə 89/89 hesabı ilə heç-heçə nəticələndi…
Bu, hamını şoka salmışdı. AŞ PA-da hətta bəzi qocaman, təcrübəli deputatlar deyirdilər ki, Avropa Şurasında belə səs bərabərliyi və böyük fikir ayrılığı indiyədək görməmişdilər.
Bunu kitabımda belə xarakterizə etmişəm: “Strasburqda əvvəllər çox nadir hallarda görülmüş bu siyasi trillerdən sonra, sözsüz ki, bu müzakirə və səsvermə AŞ PA-nın etibarlılığını həqiqətən sarsıtdı və məsələ ilə bağlı assambleyada dərin parçalanma olduğunu göstərdi.
Hamıya aydın oldu ki, Ştrasser diqqətini yalnız Azərbaycana hücum etmək üzərində toplayıb və meyarlara dair müzakirə ilə heç vaxt həqiqətən də maraqlanmayıb…
Bu 89/89 hesabı ilə heç-heçə siyasi oyun Avropa Şurası kimi nüfuzlu təşkilatın tarixinə ləkə kimi yazıldı. Avropa Şurasında yalnız prosedur qaydalarının mübahisəli olması nəticəsində 89/89 hesab ilə heç-heçə nəticələnən bu “qələbə” qurumun nüfuzuna, onun haqq və ədalətin keşiyində duran imicinə ağır zərbə vurdu. Strasburqda 89/89 hesabı ilə qərar qəbul edilən gün demokratiya sanki ölmüşdü…
Demokratik dəyərlərin istinadgahı kimi təsvir edilən qurumun məruzəçisinin gənc demokratiyanı devirmək istəyən şəxslərə rəsmi dəstək verməsi çox qəribə idi. Bundan əlavə, Ştrasserin məruzəsində 2001-ci ildə AŞ Baş Katibi tərəfindən təsis edilmiş müstəqil ekspertlər qrupunun siyasi məhbus hesab etmədikləri şəxslərin, xüsusilə ağır cinayətlərdə, insan öldürməkdə, terrorçuluqda, insan oğurluğunda, soyğunçuluqda, narkotik maddələrin istifadəsində və digər təhlükəli cinayətlərdə təqsirləndirilən şəxslərin adları siyasi məhbuslar kimi təqdim edilmişdi”…
(Davamı növbəti saylarımızda)