1905.az portalının suallarını “Kəpəz TV” MMC -nin sənədli filmlər redaksiyasının rəhbəri, Difai barədə filmlərin müəllifi Ayaz Hüseynov cavablandırır.
– Difai haqqında nələri bilirik və nələri bilməliyik?
– Difai Azərbaycanın ilk siyasi partiyasıdır və bu partiya xalqın yadellilərdən ( ermənilər və onların havadarları olan Çar Rusiyasından ) özünümüdafiəsi zəminində yaradılıb.Onu da qeyd edim ki, Difai haqqında çoxlarımızın bildiyi elə yalnız bundan ibarətdir. Bilirsiniz, Difai haqqında əsasən o insanlar məlumatlıdırlar ki, onlar onun cığırına düşüblər və onunla maraqlanıblar, inanın ki, bu da əhalinin cəmi 3-5 faizini ancaq əhatə edər… Bəs qalanlarımız? Niyə tariximizin ən şanlı və fəxrverici anlarından birinə, alnıaçıqlığımızın qarantı olan Difaimizə maraq defisiti yaşanır? Çünki, nə orta, nə də ali məktəb dərsliklərində Difai haqqında əsaslı bilgilər yoxdur. Bu gün ermənilik bütün dünyaya “Difai”-ni Azərbaycanın ilk “terror” firqəsi (demək ermənilərin əsassız düşüncələrinə görə Azərbaycanın bir neçə “terror” firqəsi olub) kimi təqdim edir , bunu öz orta məktəb dərsliklərinə daxil edib öncə öz gənclərinə aşılayır…Biz isə sanki bununla “barışmış” kimi tariximizin Difai qeyrətiylə ancaq internet portallarında rast gələcəyimiz bir- iki yazıyla tanış oluruq və sadə bir məqalə oxumuş kimi yanaşırıq məsələyə. Halbuki, Difaiylə bağlı oxumalı, nəticə çıxarmalı, arxivlərə müraciət etməli, sənədləri araşdırmalıyıq. Özünümüdafiə zəminində yaranan partiyanı nəyə əsaslanıb terrorla əlaqələndirirlər ? Əlbəttə bu da onların, erməni məfkurəsinin iç üzüdü və biz bu üzlə üzləşəcəyimizi hər an düşünməli, hazırlıqlı olmalıyıq… Bir şeyi xüsusi vurğulamaq istəyirəm.O zamanlar milli satqınlar istisna olmaqla, xalq onların təəssübkeşi olan Difainin ümdə simalarının hər zaman arxasında olub. Difainin sirrini az qala bütün Gəncə və az qala bütün Azərbaycan bilib…Lakin, tapdansa da, bir qaşıq qanından ötrü bu sirri düşmənə verməyib. Qonşunun ailəsini öz ailəsi , qonşunun namusunu öz namusu bilib köhnə kişilərimiz. Milli birlik nümayiş etdirib , bizi millət kimi formalaşdırıb və bütün bunlar azğın düşmənin gözünə od salıb.
– Məlumatımızın məhdudluğunu nə ilə izah etmək olar?
– Təbii ki, bunu bir neçə amillə izah etmək olar.Onların arasında 70 il Sovet imperiyasının qanunları çərçivəsində yaşamağa məcbur edilməmiz əsas məqamlardandır. Ancaq, ilk növbədə onu qeyd edim ki, Difainin fəaliyyəti gizlin olub.1906 – cı ildən 1908 – ci ilə qədər hətta güclü rus kəşfiyyatı və ermənilər özləri də Difainin hardan idarə olunmasının, düşünən beyinlərinin kimlər olmasının izinə düşə bilməyiblər. Axı Difaiçilərin özləri də imkan verməzdilər ki, hər hansı bir sənəd sonralar onların, xalqın əleyhinə işləsin, Çar Rusiyasının əlinə keçsin. Sadə bir misal gətirə bilərəm.Mirzə Məhəmməd Axundzadənin evindən tapılan və təhlükəsizlik orqanlarına aparılan, seyfə qoyulub ağzı qıfıllanan Difainin möhürünün aqibəti. Dəridən qabıqdan çıxırlar bir gün ərzində Difainin baş bilənləri, amma məqsədlərinə çatırlar.Nağı bəy Şeyxzamanlının sayəsində həmin möhür seyfdən çıxarılır, başqa möhürlə əvəz olunur, özü isə sobaya atılaraq məhv edilir və bu hadisə ermənilər pərt edir, difaiçilərin kimliyi yenə də naməlum qalır, xalq rahat nəfəs ala bilir.Əlbəttə ,gizlin fəaliyyəti olan bir qurumla bağlı məlumat kasadlığı təbii qəbul olunandı və öncə bundan qaynaqlanır.İkincisi Sovet dönəmində arxivlərimizin silinməsi və ya metropoliyaya sərf edəcək şəkildə günümüzə gəlib çatmasıdır. Əgər Cümhuriyyət dönəmindəki arxiv materiallarının cəmi 50 fazini biz bu gün oxuya biliriksə, Difainin məlumat azlığı bir daha vurğulayım ki ,təbii qəbul edilməlidir Difainin fəaliyyət kitabəsi imperiya tərəfindən silinməli idi və silindi də. Ancaq xalqın düşüncələrini, dildən dilə söylənən, nəsildən nəslə keçən Difainin qeyrət qığılcımlarını silə bilmədilər. Unudulan arxiv materialları və yaşlıların damarlarından axan qan kimi süzülən köhnə xatirələr çox şükürlər olsun ki,Difai haqqında bu gün nələrsə söyləməyə əlimizə əsas verdi.Bütün bunlar 2-ci müstəqillik illərimizdən etibarən zamanla toplandı. Düzdür, buna qədər Nağı bəy Şeyxzamanlı özünün Azərbaycan İstiqlal mücadiləsindən bəhs edən kitabında Difai ilə bağlı müəyyən lazımi məqamlara yer ayırıb, xatirələrini paylaşıb. Amma Sovet İttifaqının süqutundan sonra bu mıvzuda kitablar yazılır. Sabir Rüstəmxanlı “Difai fədailəri” kitabının adını çəkməmək olmaz. Difainin izinə düşən gənclərimiz onun adını daşıyan qəzet çıxardılar, sayt yaratdılar. Bu gün də Difaiylə bağlı olan araşdırmalar üçün nə tapsaq ,nə məlumat əldə etsək qənimətdi deyib yola çıxanlar var. Çünki, tapılan hər bir yeni arxiv materialı, xalqımızın qəhrəmanlıq salnaməsini, düşmənin isə mənfurluğunu ortaya çıxarır.
– Difai ilə bağlı məlumatların geniş auditoriyaya çatdırılması üçün müəyyən işlər görülüb. Sizin bu sahədə gördüyünüz işlər barədə nə deyə bilərsiniz?
– Əlbəttə, görülən işlərdən bir neçəsini sadaladım. Ancaq təbii ki, bunlar kifayət deyil. Mən hesab edirəm ki, məlumatların geniş auditoriyaya çatdırılması istiqamətində aparılan addımlar müxtəlif səpkilərdə olmalı və silsilə xarakter almalıdır.Tək məqalələr, jurnallar, kitablarla kifayətlənmək olmaz. Bu mövzu izləyici kütləsi çox olan mediada, xüsusən də televiziya kanallarında gündəmdə olmalı və aidiyyatı insanlar, tarixçilər, tədqiqatçılarla diskussiyalar aparılmalıdır. Çünki, hər keçən il Difai ilə bağlı yeni bir məlumat ortaya çıxır, bunları toplamaq və geniş ictimaiyyətlə tanış etmək lazımdır.Bununla bağlı tarixçi və tədqiqatçıların üzərinə olduqca böyük məsuliyyət düşür. Qeyd edim ki, mən özüm də televiziya jurnalisti olaraq həmişə Difai ilə bağlı öz üzərimdə böyük bir ağırlıq hiss etmişəm. Çünki,Azərbaycan tarixi mənimçün hələ orta məktəb illərimdən maraq kəsb edib…Həmişə bu reallıqları obrazlı şəkildə, sənədli faktlara söykənərək ekrana daşımaq üçün fürsət axtarmışam . 2011-ci ildə bunu reallaşdıra bildim. “Kəpəz” kanalının təşəbbüsü və təşkilatçılığı ilə “Difai” və “Difai hamisi” adlı iki sənədli film çəkdik.O zaman üçün əldə olan materialları topladım. Mənə elə gəlir ki, filmi izləyənlərdə az da olsa bu partiya ilə bağlı təəssürat yarada bilmişik.
– Sənədli film janrında işləmək. Bu gün bu nə deməkdir? Əlbəttə ki, Azərbaycanda.
– Sənədli film janrında işləmək böyük bir araşdırma tələb edən,qalın cildli kitab yazmağa bərabər qəliz prosesdi.Həm də insanın üzərinə böyük məsuliyyət qoyur.Çünki, 5 , 10 ,hətta 50 ildən sonra da hər bir filmin izləyicisi olur.Əgər bir kitabı orta hesabla 3 faiz insan oxuyursa, bu kitabdan əldə edilən məlumatlar əsasında çəkilən filmi artıq böyük faizlə və istənilən yaş təbəqəsindən olan insan izləyir.İnsan, kitaba ayıracağı zamanın çox cüzi bir hissəsini sərf etməklə,filmin verdiyi imkanlar çərçivəsində yaddaşına görüntülü şəkildə həkk edir baş verənləri. Kitab oxumağa marağın azaldığı bir dövrdə insanları sənədli faktlara söykənərək maarifləndirmək bu gün Azərbaycanda xüsusilə vacibdi.
Əlbəttə , ölkəmizdə filmlərin çəkilməsi dünənə nisbətdə bu gün daha böyük əhəmiyyət kəsb edir. Xocalıda, 1990-cı ilin 20 yanvarında lentə alınan kadrlar yeni nəsil azərbaycanlısına Difai illərindən daha çox başımıza açılanları mənimsəməyə imkan verir.Çünki, faktiki video görüntülər və fotosənədlər var. Difaidən danışanda isə məcburiyyət qarşısında filmi özümüz hadisələrə uyğun ,aktyorlar vasitəsilə canlandırmalı oluruq. Mən hesab edirəm ki, Azərbaycanda bu gün müxtəlif mövzularda və kifayət sayda faktlara, konkret sənədlərə söykənən filmlər lentə alınıb və alınır. Ancaq yaxşı olardı ki, bu filmlər dünya standartlarına uyğun hazırlansın.”History channel” ,”Discovery” kimi məşhur beynəlxalq televiziya kanallarının təcrübəsi öyrənilsin və kəmiyyət qədər filmlərin keyfiyyətinə də diqqət artırılsın. İnşallah zamanla bu sahədə də irəliləyişə nail olarıq.
– Ermənilər də sənədli filmlər çəkməmiş olmaz. Xəbəriniz varmı onların işlərindən?
– İnanın ki, onların əlində bizim arxivlərin yarısı qədər sənəd olsaydı bizdən 10 dəfə artlq iş görərdilər bu istiqamətdə. Əlbəttə çəkirlər, hətta bununçün bizdən 5 qat artıq səy göstərirlər. Hətta çəkdikləri “sənədli” uydurmalarının birində Qarabağda dünyasını dəyişən yerlilərimizi dünyaya öz vətəndaşları kimi təqdim etdiklərinə də rast gəlmişəm. Bu gün sənədli film sahəsində də erməni yalanı ayaq tutub yeriyir.
– Planlarınız?
– Planlarım qarşıma qoyduğum məqsəddən qaynaqlanır. Məqsəd isə bundan ibarətdir ki, “Kəpəz” televiziyasının yaratdığı şəraitdən və verdiyi imkanlardan maksimum yararlanaraq əməli işlər görüm.Bu gün artıq ssenari müəllifi olduğum və aparıcılığını etdiyim 12 sənədli filmin müəllifiyəm. “Kəpəz” televiziyasının sənədli filmlər redaksiyasında ərsəyə gələn bu filmlər əsas etibarilə Azərbaycanın keçmişindən və keçmiş azərbaycanlıdan xəbər verir.Bu işə başlayanda öncəliklə Difainin öndə gedən simalarının,Cümhuriyyət liderlərinin hər birinin həyat və fəaliyyətini əks etdirən filmlərlə atdım addımımı.Məqsədim budur ki, bu addımların kəsərliliyini daha da artırım, gördüyüm işlər silsilə xarakter alsın.Bu gün olduğu kimi gələcəkdə də istəyirəm ki, Azərbaycanın şanlı keçmişindən xəbər verən hər nə varsa ekranlara daşıyım.
– Sizə uğurlar arzulayıram.
Dadaş Musayev, 1905.az