Müsahibimiz kino tədqiqatçısı, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Aydın Kazımzadədir.
– Aydın müəllim, Sizin müəllifi olduğunuz “Heydər Əliyev və kinematoqraf” kitabı uzun yaradıcılıq yolunuzun mühüm bir mənzilidir. “Heydər Əliyev və kinematoqrafiya” mövzusunda elmi axtarışların aparılması, dissertasiyalar yazılması və ali məktəblərdə kursların təşkili ilə bağlı məsələ nə yerdədir?
– Bildiyiniz kimi, Heydər Əliyevin fəaliyyəti ilə bağlı xeyli kitab nəşr edilib. Lakin kino ilə bağlı yeganə əsər yalnız mənim yazdığım kitabdır. Bəs necə oldu ki, mən bu ideyanı gerçəkləşdirdim? Mən Heydər Əliyevi 1965-ci ildən tanımağa başlamışam. O vaxt hələ Heydər Əliyev cəmiyyət üçün bir qədər qapalı insan idi. Çünki Dövlət Təhlükəsizliyi Komitəsində rəhbər vəzifədə çalışırdı. Yalnız müəyyən insanlar onu tanıyırdılar. O vaxt bizdə “İstintaq davam edir” filmi çəkilirdi. Maraqlı olarsa, bu barədə Sizə danışaram.
– Çox maraqlı olardı.
– Azərbaycan çekistlərinin fəaliyyətindən bəhs edən bu filmin rejissoru Əlisəttar Atakişiyev idi. Həm rejissor, həm operator, həm rəssam, həm də ssenari müəllifi kimi böyük sənətkar idi. Filmin məsləhətçisi Azərbaycan DTK-nın o vaxtkı rəhbəri Sviqun hesab olunurdu. Amma filmin ərsəyə gəlməsinə DTK sədrinin müavini Heydər Əliyev böyük yardım göstərirdi. Ə.Atakişiyev Heydər Əliyevdən mənə heyranlıqla danışırdı: “Aydın, bilirsən necə insandır? Söz ağzımızdan çıxan kimi hər şeyi hazır edir. Sanki bu insan üçün “yox” kəlməsi mövcud deyil. Bütün məsələlərlə özü şəxsən maraqlanır. Bizim üçün əməlli-başlı “yaşıl işıq” yandırıblar. Hamımız maraqlanırıq ki, görəsən, bu insan kimdir”. Mən o vaxt “Kino” qəzetini və “Film” jurnalını buraxırdım. Redaksiya respublikanın Kinoprokat idarəsinin nəzdində yerləşirdi. Hər həftə axşam oraya Mərkəzi Komitədən adamlar gəlir və oturub filmlərə baxırdılar. Təzə Azərbaycan və xarici filmlərə baxırdılar. Bir gün xəbər gəldi ki, bundan sonra Heydər Əliyev də filmlərə baxmağa gələcək. Mən də Heydər Əliyevi onda tanıdım. Hündürboylu bu adam general şinelində xidməti maşınından düşüb, zala keçir və filmləri diqqətlə izləyirdi. Qarşısına qoyulan suya və yaxud çaya da toxunmurdu. Sonrakı dövrdə Heydər Əliyev DTK sədri işləyərkən bizim bir filmimizi və onun yaradıcı heyətini fəlakətdən qurtardı – “Bir cənub şəhərində” filmini. Məni həmişə düşündürür: görəsən, “Bir cənub şəhərində” filmi ləğv olunsaydı, onun müəllifləri – rejissor Eldar Quliyev, ssenari müəllifi Rüstəm İbrahimbəyov və operator Rasim Ocaqovun sonrakı taleyi necə olacaqdı? Onlara bir daha film çəkmək etibar olunacaqdımı? Lakin Heydər Əliyev öz nüfuzu sayəsində bu filmi xilas etdi. Film ekranlara çıxdıqdan sonra “Kommunist” qəzeti onun Azərbaycanı və azərbaycanlıları bütün ölkədə biabır etdiyini yazdı. Lakin “Bakinskiy raboçiy” yazırdı: “Nəhayət ki, otağın nəfəsliyi açıldı və Azərbaycan kinosuna təzə nəfəs gəldi”.
– Diametral fərqli yanaşmadır.
– Elədir. Heydər Əliyev bu filmə baxan kimi onun əsas qayəsini görmüşdü. Axı film başlayanda dağlı məhəlləsi yox, təmiz, enli küçələri, böyük imarətləri olan Bakı ekrana gətirilir. Və müəlliflər əsil Bakını nümayiş etdirirlər. Yalnız bundan sonra Sovet küçəsində baş verənlərdən bəhs olunur. Göstərilir ki, təzə Bakıda köhnəliyin qalıqları olan adət-ənənələrin hökm sürdüyü köhnə məhəllələr də var. Heydər Əliyev bunu görmüşdü, başqaları isə yox. Xüsusilə də Moskvada yaşayanlar, bu filmi qəbul edənlər görə bilməmişdilər. Elə Heydər Əliyevin böyüklüyü də bundadır. Sənəti dərindən bilib və duyduğuna görə filmi ekranlara buraxdıra bildi. Və film böyük uğur qazandı. Azərbaycan kinosunda dönüş nöqtəsi oldu. Düzdür, o vaxta kimi də yaxşı filmlərimiz vardı, amma “Bir cənub şəhərində” Azərbaycan kinosunun istiqamətini dəyişdirdi. Ardınca da böyük problemlərin qabardıldığı “Dəli Kür”, “Şərikli çörək”, “Yeddi oğul istərəm” kimi filmlər gəldi. Bu filmlərin hamısında ciddi, ürəklə deyilən mətləblər var. Sonra Heydər Əliyev Azərbaycana rəhbər təyin ediləndə biz onu yeni yeni tipli rəhbər kimi tanıdıq. 8 il sonra isə o, məşhur “İstintaq” filmi çəkildi.
Film 1980-ci ildə Düşənbədə keçirilən Ümumittifaq kino festivalında ən yaxşı filmə görə baş mükafat aldı, 1981-ci ildə isə yaradıcı qrup SSRİ Dövlət mükafatına layiq görüldü. Azərbaycanda yalnız iki film bu yüksək mükafata layiq görülüb: “Arşın mal alan” və “İstintaq”. Bütün Azərbaycan kinosunun nailiyyətləri bundan ibarətdir.
– Deməli, bu nailiyyətin də ikisi “İstintaq” filminin payına düşüb.
– Bəli. İndi bəzən orda-burda deyirlər ki, “İstintaq” filmi dövrünü keçirib.
– Halbuki filmdə ümumbəşəri və hər dövrdə aktual olan məsələlər qoyulub.
– Tamamilə doğrudur. Bütün bunlara görə də mən Heydər Əliyev haqqında kitab yazmışdım. Çünki bu insan Azərbaycan kinosunun hamisi və təəssübkeşi olub. Elə bu adda da mənim məqaləm var. Heydər Əliyevin Azərbaycan kinosu üçün etdiklərilə bağlı yüzlərlə misal var. Mənim 76 yaşım var, bu az deyil. Ona görə də tələsirəm ki, bu cür faktları çıxarıb ortaya qoyum. Həm də şahidi olduqlarımı və eşitdiklərimi yazıram.
Bir misal da deyim. Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib. Əvvəllər SSRİ kinosu günü həm də Azərbaycan kinosu günü idi. Bu tarix Leninin kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi ilə əlaqədar dekreti ilə bağlıydı. 1963-cü ildə BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra, mən təsadüfən kinoya gəldim. Kino ilə bağlı qəzet və jurnal buraxırdım. 1966-cı ildə kinoprokat idarəsi rəisinin yanına gəldim ki, “Neft və milyonlar sənəti” filminin və deməli, həm də Azərbaycan kinosunun 50 illiyidir. Təklif etdim ki, bu məsələni qaldıraq. Rəis yaşlı adam idi. Mənə acıqlı baxıb, dedi: “ Ay yoldaş, sənin işin-gücün yoxdur? Get, öz işinlə məşğul ol”. Mən də suyum süzülə-süzülə otaqdan çıxdım. 1976-cı ildə isə mən öz sözümü deyə bilirdim. Dövlət Kino Komitəsinin sədri Məmməd Qurbanov alicənab insan idi. Aramızda ata-oğul ülfəti yaranmışdı. Nazim Sadıqov adlı alim vardı, ona da dedim ki, Kinomatoqrafçılar İttifaqının sədri Həsən Seyidbəyliyə də deyək, Məmməd Qurbanovun yanında yığışıb Azərbaycan kinosunun 60 illiyi ilə bağlı qərar verək. Biz Məmməd müəllimin yanında yığışdıq və M.Qurbanov SSRİ Kino Komitəsinin sədrinə zəng etdi. O vaxt böyük bir tədbir etmək istəyəndə Moskvadan icazə almaq lazımdı. Kişiyə telefonda nə dedilərsə, çox əsəbiləşdi və dəstəyi yerinə qoydu. Həsən Seyidbəyli soruşdu: “Nə oldu Sizə?”. Cavab verdi ki, “görmürsən, mən buna fikrimizi deyirəm, o isə cavab verir ki, bəlkə demək istəyirsiniz ki, Azərbaycan kinosunun tarixi rus kinosunun tarixindən də qədimdir?” Məmməd Qurbanovun sözləri indi də qulağımdadır: “Ümidimiz qaldı Heydər Əliyevə”. Ətraflı arayış hazırladıq, apardı Heydər Əliyevə. Heydər Əliyev baxan kimi göstəriş verdi ki, dekabr ayına kimi qəzetlər, televiziya və radio bu haqda məlumatlar yaysınlar.
– Yəni bir növ hadisənin ictimailəşdirilməsi lazım idi.
– Bəli. Bax, bu onun verdiyi qiymət idi. Beləcə indiki Heydər Əliyev sarayında təntənəli bir yubiley keçirildi. Azərbaycan kinosunun bütün salnaməsinin əks olunduğu nəhəng bir “stend” düzəltmişdik. Kino işçilərinə fəxri adlar, mükafatlar verildi. Bundan sonra başladıq iki yubiley qeyd etməyə: sovet kinosu gününü və may ayında isə Azərbaycan kinosu gününü. Heydər Əliyev o vaxt Məmməd Qurbanova demişdi ki, bizim tədqiqatçılarımız bir az dərinə getsələr, bəlkə də bizim kino tariximiz daha qədimdir. Məmməd müəllim bu sözləri deyəndə mən düşündüm ki, bu sözlər elə-belə deyilməyib. Axı Azərbaycanda iki neft bumu olmuşdu: biri 19-cu əsrin ortalarında, biri isə 19-cu əsrin sonlarında. Neftlə bağlı bütün dünyanın gözü burada olub. Əgər hər yandan insanlar gəlib burada çalışıb, pul qazanıblarsa, çox güman ki, kino da olub. Aleksandr Mixaloviç Mişonun da adı çəkilirdi. Ona görə də onun izinə düşüdüm. O, fransız olub, burada süjetlər çəkib, pul qazanıb, gedib. Bir ildən çox arxivdə, kitabxanalarda tədqiqat apardım. Məlum oldu ki, Mişon Xarkovdandır, bum olan vaxtı gəlib Bakıya. Bakıda laboratoriya kimi istifadə etdiyi yeri də tapdım. İlk dəfə filmləri nümayiş etdirdiyi yeri də tapmışam. Yeri gəlmişkən, həmin yerə xatirə lövhəsi vuirmaq müraciətlərim də cavabsız qalıb. 1898-ci ildə “Bibiheybətdə neft fontanı yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında xalq gəzintisi”, “Bazarnı” küçəsi sübh çağı” filmləri çəkilib. Ayaz Salayev Dövlət Film Fondunda işləyəndə bu filmlərin siyahısını ona verdim ki, Fransaya gedəndə arxivlərə baxsın, bəlkə həmin filmlər orada var. Və həmin filmlərin ikisi tapıldı. Dərinə getsələr bəlkə də Londonda, Amerikada başqa yerlərdə də var.
– Beləcə Azərbaycan kinosunun tarixi 1898-ci ilə getdi.
– Elədir. 2000-ci ildə Heydər Əliyev fərmanla bunu təsdiq etdi. Və o vaxtdan da 1898-ci il Azərbaycan kinosunun tarixi kimi qəbul edilir. Heydər Əliyevin kinomuza qayğısı misilsiz olub. Əgər Heydər Əliyev olmasaydı, məsələn, “Babək” filmi belə alınmazdı.
– Aydın müəllim, bu müsahibə Milli Qurtuluş Günü ərəfəsində dərc ediləcək. Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışı Azərbaycan kinosuna nə verdi?
– 1993-cü il çətin dövr idi. Azərbaycanın bir hissəsini ermənilər ələ keçirmişdi, insanlarımız öz torpaqlarında məcburi köçkün həyatı yaşayırdı. Bir yandan da Heydər Əliyevə qədər bütün kino infrastrukturu dağıdılmışdı, büdcə boş idi. Kinostudiyanın həyətində çayxanalar, restoranlar tikilmişdi. Kinostudiyanın yeməkxanasını saunaya çevirmişdilər. Bütün bunları “Bizim “Azərbaycanfilm” kitabımda yazmışam. Belə bir vəziyyətdə Heydər Əliyev kino işçilərini yığıb, bildirdi ki, vəziyyət ağırdır, amma Azərbaycan kinosunu yaşamalıyıq. Və yaşatdı da. Kino üçün pullar buraxıldı. İncəsənət adamları üçün prezident təqaüdləri verildi. Fəxri adlar və mənzillər verildi. Yəni imkan daxilində əlindən gələni edirdi. Cənab İlham Əliyev də Azərbaycan kinosuna çox diqqətlə yanaşır. Hal-hazırda isə artıq bədii, sənədli filmlərin çəkilişinə artıq 7 milyon manat pul ayrılır.
– Dünya kinosu özlüyündə bir dünyadır. Azərbaycan kinosu da az qala dünya kinosunun yaşıdıdır. Azərbaycan kinosunun gələcəyini necə görürsünüz?
– Mən Azərbaycan kinosunun gələcəyinə inanıram. Mən kinonu dənizə bənzədirəm. Vaxtilə Qız qalası dənizin içində olub. Sonra geri çəkilib. İndi isə Xəzər yenə qalxmağa başlayır. Kino da belədir. Renessans vaxtı və durğunluq dövrü olur. Təsəvvür edin, torpaqlarımız işğal altında olmasaydı, hərbi xərclər üçün bu qədər vəsait ayırmasaydıq, indi kinomuz hansı səviyyədə ola bilərdi. Kino üçün böyük vəsait lazımdır.
– Yəni problem vəsaitdədir. Kadr potensialı var?
– Kino sintetik sənətdir. Bizə vəsait, texnika lazımdır. Aktyor potensialımız var. Bizdə indi seriallar çəkilir. Əksəriyyətini bəyənmirəm və sənətimlə əlaqədar baxanda, əsəbiləşirəm. Amma bu seriallarda xoşuma gələn cəhət odur ki, təzə-təzə simalar görürük. Geniş kütləyə tanış olmayan aktyorları görürük. Bunların içərisində çox yaxşı aktyorlar var. Rövşən İsaqın “Vicdan haqqı” serialını çox bəyənirəm. Özünü tanımıram.
– Rövşən İsaqın “Aktrisa” filminə biz bu otaqda rejissorun iştirakı ilə baxışını keçirmişik.
– “Aktrisa” filmi aləmdir. Elə orada çəkilən İlham adlı aktyor bu serialda da çəkilib. Rövşən çox gözəl rejissordur. Belə rejissorlarımız var. İşlərini görürlər və özlərindən də müştəbeh deyillər.
– Aydın müəllim, maraqlı müsahibəyə görə çox sağ olun.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az
Müsahibə ilk dəfə 14 iyun 2016-cı ildə dərc edilib