Müsahibimiz millət vəkili Aydın Mirzəzadədir.
– Aydın müəllim, Heydər Əliyevin fəaliyyətinin bir çox aspektlərinin geniş auditoriyaya çatdırılması və tədris edilməsi politologiya elminə böyük töhfə olardı. Bu istiqamətdə hansı işlər görülür?
– Dəvətinizə görə təşəkkür edirəm. Qeyd edim ki, Azərbaycanın iki universitetində Heydər Əliyev siyasi irsinin politoji aspektləri adlı fənn tədris olunur – Bakı Dövlət Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında. Artıq bu mövzuyla bağlı iki dərslik vardır.
Heydər Əliyev siyasi irsi Azərbaycan çərçivəsindən artıq çoxdan çıxıb. Heydər Əliyev azsaylı əhalisi olan kiçik ərazidə uzun müddət fəaliyyət göstərib. Və öz fəaliyyəti ilə kiçik ərazidə böyük nəticələr əldə etməyin mümkünlüyünü nümayiş etdirib.
Dünyada böyük, supergüc dövlətlərin sayı çox azdır və onlar dünyada artıq oturuşublar, yerlərini müəyyənləşdiriblər və yenisinin yaranması real görünmür. Dünya ölkələrinin böyük əksəriyyəti azsaylı əhalisi, az ərazili olan dövlətlərdir. Onların isə böyük əksəriyyəti təqribən 1960-cı ildən sonra yeni yaranan müstəqil dövlətlərdir.
Bu dövlətlərin müstəqilliyini möhkəmləndirməsi, bir dövlət kimi inkişaflı XX əsrin ən aktual məsələlərindən biri hesab edilir. Bir neçə dövlət var ki, onlar özlərinin inkişafında başqa dövlətlərə nümunə olacaq bir təcrübə yaradırlar. Bunların içərisində İsrail, İsveçrə, Sinqapur, Cənubi Koreya və Malayziyanın adını çəkmək olar. Amma çox təəssüf ki, digər əksəriyyəti hələ də çox ciddi problemlərin içərisindədir. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdi. Biz iki yüz il başqa imperiyanın tərkibində onun bir əlayəti kimi, hüquqları əlindən alınmış və inkişafında mərkəzi hökumətin maraqlı olmadığı bir bölgə kimi fəaliyyət göstərmişik. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində biz tuneldən çıxmaq yolunu axtaran yüzlərlə dövlətin siyahısına düşmədik.
– Heydər Əliyev haqqında hamımız bilirik. Amma Heydər Əliyev haqqında danışanda onun fəaliyyətinin hansı məqamlarını qabartmalı, geniş auditoriyaya çatdırmalı, yaxud xarici dillərə tərcümə etməliyik?
– Heydər Əliyev şəxsiyyəti fenomendir. Onun fenomen olduğunu dünya qəbul edir. Artıq politoloji ədəbiyyatda Heydər Əliyev fenomeni, Heydər Əliyev təcrübəsi, Heydər Əliyev yanaşması kimi ifadələr çoxdan müəlliflik hüququnu əldə edib. Əgər ona həm Azərbaycan içərisində, həm kənardan baxsaq, belə nəticəyə gələrik: Heydər Əliyev Azərbaycan cəmiyyətinin yetirməsidir. Heydər Əliyev kimi şəxsiyyət məhz Azərbaycan cəmiyyətində formalaşa bilərdi.
Ona görə də əsas məsələlərdən biri məhz cəmiyyətin özünün bütün sahələr üzrə zənginləşməsidir. Yalnız mənəvi dəyərlərlə zənginləşmiş cəmiyyətdə günlərin bir günündə onun problemlərini həll edə biləcək bir lider, bir vətəndaş, bir nümayəndə yetişdirilə bilər. Heydər Əliyev kimi şəxsiyyət məhz Azərbaycan cəmiyyətində doğulmalı idi. Heydər Əliyev üzərinə düşən tarixi missiyanı, problemlərin həllini çox uğurla həyata keçirə bildi. Bu onun birincisi, çıxdığı cəmiyyət, ikincisi müstəsna şəxsi keyfiyyətləri ilə bağlıdır. Heydər Əliyev zamanında ziyalıları “KQB” zindanlarından qoruya bilmişdi. O dövlət təhlükəsizlik oranlarını cəmiyyəti cəzalandıran təşkilatdan cəmiyyəti qoruyan bir təşkilata çevirdi. Dövlət təhlükəsizlik orqanları istənilən dövlətin bel sütunudur. İstənilən dövlətin beyninin əsas kanalıdır və bu milli olmasa, o zaman xalqına, millətinə qənim kəsiləcək, onu müdafiə edə bilməyəcək.
1940-cı ildə Azərbaycanda dövlət təhlükəsizliyi orqanlarında işləyənlərin cəmi 20%-i azərbaycanlı idi. 1970-ci illərdə Heydər Əliyevin sayəsində bu göstərici 80%-ə qalxdı. Burada maraqlı bir məqam var. Heydər Əliyevin səlahiyyətli strukturlara gətirdiyi azərbaycanlı kadrlar özləri də sonradan Azərbaycan xalqına xidmət etməyə başladılar.
Heydər Əliyevin bütün həyatı xalqa xidmətə həsr olunub. Bu, pafos deyil. Bu sadəcə onu tərif edən cümlə deyil. Onun həyatının bir mərhələsi Azərbaycan xalqının müstəqiliyini əldən verdiyi iki yüz ilə yaxın müddətdən sonra itirdiklərini bir imperiyanın tərkibində qaytarılmasına sərf edildi. Düzdür, Heydər Əliyev məhdud muxtariyyəti olan bir bölgədə məhdud imkanlar çərçivəsində hərəkət edirdi. Amma bunun özü göstərdi ki, hətta məhdud çərçivədə də böyük işlər görmək mümkündür. Mənə elə gəlir ki, bu dünyanı maraqlandıra biləcək əsas məsələlərdən biridir.
Heydər Əliyev xalqın içərisindən çıxmışdı və xalqla çox sıx bağlı şəxsiyyət idi. Heydər Əliyevin milliliyi fəlsəfədə, politologiyada qəbul edilən millilikdən kəskin fərqlənir. Millilik dedikdə, cəmiyyətin qorunması və cəmiyyətin əsas etnik qrupunun hüquqlarının bərpa edilməsi nəzərdə tutulur. Azərbaycanda millilik var, millətçilik yoxdur. Azərbaycanda milli köklərə diqqət var. Digər xalqların milliliyinə qarşı hücum yoxdur. Bu baxımdan deyim ki, artıq Azərbaycanda yaşamamış etnik icmalar yaranmağa başlayıb. Azərbaycan bunu normal qəbul edir. Həmin insanlar öz mədəniyyətləri, öz baxışları ilə gəlirlər. Ancaq onlar bu cəmiyyətə inteqrasiya olunurlar. Bu cəmiyyətin qayğıları ilə yaşayırlar. Öz köklərini, dinlərini, baxışlarını saxlamaq şərti ilə.
Avropanın indi multikulturalizm dediyi hərəkatı əslində Heydər Əliyev Azərbaycanın təcrübəsindən irəli gələrək on illər bundan əvvəl formalaşdırıb. Bizim multukulturalizm, bizim tolerantlığımız Avropadakından fərqlənir. Avropadakı tolerantlıq dözümlülükdür. Azərbaycanın tolerantlığı digər mədəniyyətlərə hörmətlə yanaşmaqdır. Azərbaycan həmin mədəniyyətlərin üstündən xətt çəkmir, onu tapdalamağa, içində əritməyə çalışmır. Ümumi qanunlarla, ümumi dəyərlərlə özünü qoruyub, saxlayır.
– Heydər Əliyevin siyasi lider kimi fəaliyyətində, yanaşmasında Sizcə, ən önəmli olan nə idi ?
– Heydər Əliyevin böyüklüyü problemlərin dərinliyini görməkdə, problemlərin həllinə çox unikal və əsasən müsbət nəticə verən həll yollarını tapmaqda idi. Bir faktı deyim. Bu Azərbaycan mətbuatında səslənməyib. 1962-ci ildə Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhərində insanlar küçəyə çıxaraq, çörək normasının artırılmasını istədilər. Məsələ SSRİ rəhbəri Xruşşova qədər gedib çıxdı. Xruşşov müdafiə nazirini, DTK sədrini, daha sonra üç-dörd nəfər dövlət rəhbərliyində təmsil olunan şəxsi Rostova göndərdi. SSRİ rəhbərliyi problemin qısa zamanda həllini tələb edirdi.
Nəticədə küçəyə çıxan dinc insanlara qarşı nizami qoşun dəstələrindən istifadə olundu. İnsanları güllələdilər, 26 nəfər öldürüldü, 87 nəfər yaralandı. Tutulanlardan 8 nəfəri sonradan güllələnməyə məhkum olundu. Yüz nəfərdən çoxu uzunmüddətli həbs cəzası aldı. Hadisələrin üstündən bir il keçəndən sonra, 1963-cü ilin may ayının 1-də Azərbaycanın Sumqayıt şəhərində nümayişə çıxan insanlar siyasi büro üzvlərinin portretlərini yandırdılar və şəhərdə çörək normasının artırılmasını tələb etdilər. Hadisənin operativ araşdırılması üçün Sumqayıta respublika Dövlət Təhlükəsizlik Komitəsinin idarə rəisi polkovnik Heydər Əliyev göndərilir.
Heydər Əliyev ilk növbədə güc tətbiq edilməsinin yolverilməzliyini bildirir və buna nail olur. İnsanlarla görüşür və geri qayıdaraq respublika DTK-nın sədri Semyon Sviquna məruzə edir və bildirir ki, insanlar sadəcə çörək normasının artırılmasını istəyirlər. Onlar nə dövlətə qarşı çıxırlar, nə də başqa siyasi motivləri var. Məsələnin həllini də onda görür ki, çörək norması artırılsın və insanlar cəzalandırılmasın. Çünkü cəzalandırma yeni aksiyaların yaranmasına səbəb ola bilər.
Heydər Əliyevin təklifləri qəbul olunur. Beləcə bir il öncə oxşar tələbə görə, Rostov vilayətində insanlar güllələnmişdisə, Sumqayıtda Heydər Əliyevin yanaşması sayəsində vəziyyət problemsiz nizamlanır. Sonrakı dövrdə Heydər Əliyev ziyalılarımızı qorudu. 1965-ci ildə Bəxtiyar Vahabzadəni millətçi mövqedən yazdığı “Gülüstan” poemasına görə təqiblərdən qorudu. Bu qorumalar sonralar da davam edirdi. “Molla Nəsrəddin – 66” əsərinin müəllifi Anarı, şair Məmməd Araz qorundu.
O vaxt çox milli ruhda çıxan “Qobustan” jurnalı vardı. İndiki 50-70 yaş arasında olanlar həmin o “Qobustan”da dərc olunan əsərlərin təsiri altında formalaşıb. Hər nömrəsi əldən-ələ keçirdi. Jurnal Heydər Əliyevin şəxsi nəzarəti altında idi. Heydər Əliyevin dövrün ruhuna uyğun addımlar atması bir tərəfdən xalqının mənəvi cəhətdən zənginləşdirilməsinə, digər tərəfdən isə Azərbaycan xalqının ziyalı təbəqəsinin formalaşmasına xidmət edirdi. Bütün bunlar əlbəttə ki, onun Sovet Azərbaycanı rəhbərliyində böyük uğurlar qazanmasına səbəb oldu.
– Azərbaycan SSR-in rəhbəri, SSRİ-nin rəhbərlərindən biri, Naxçıvanın rəhbəri və Müstəqil Azərbaycanın lideri. Bunlar Heydər Əliyevin siyasət adamı kimi həyatının və fəaliyyətinin mərhələləridir. Bütün bu mərhələrdə Sizcə, ən qabarıq olaraq irəli çıxan amil nədir ?
– Heydər Əliyevin liderlik bacarığı. Bu, SSRİ rəhbərliyində, Naxçıvana rəhbərliyində, 1993-cü ildən sonra isə müstəqil Azərbaycana rəhbərliyində də özünü göstərir. Halbuki situasiyalar fərqli idi. SSRİ rəhbərliyində 34 sahəyə rəhbərlik edirdi və onların hər birində də müəyyən uğurlu nəticələr əldə edilmişdi.
Onun Naxçıvana rəhbərlik etməsi bu bölgənin Azərbaycan ərazisi kimi itirilməsinin qarşısını aldı. Azərbaycanın o vaxt mərkəzi hakimiyyəti Naxçıvanı qorumaq iqtidarında deyildi. Heydər Əliyevin orada olması Naxçıvanı qorudu.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqilliyini qorudu. Məhz Heydər Əliyevin uzaqgörən addımları Azərbaycanı müstəqil etdi, Azərbaycanın güclənməsinə kömək etdi. Azərbaycanın dünyada tanınmasını şərtləndirdi. Yəni bu resurslar, bu imkanlar başqa dövlətlərdə də var. Amma Heydər Əliyev bir nümunə göstərdi və məsələlərə fərqli yanaşdı. Birincisi, problemi dərindən bilməklə, ikincisi, cəmiyyətin resurslarından istifadə etməklə. Ölkənin öz resurslarına söykənərək, problemlərin həllinə nail oldu.
Daim cəmiyyətin milli-mənəvi zənginliyinin artmasına kömək etdi. Heydər Əliyev respublikanın bir nömrəli teatralı idi. Teatr tamaşalarını çox sevirdi.
Heydər Əliyev çox nadir ədəbiyyat həvəskarı idi. Şübhəsiz ki, bunlar Azərbaycan auditoriyasına çatdırılmalıdır, gənclik bunları bilməlidir. Bəzən gənclik hadisələrin mahiyyətini tutmaya bilər, gec başa düşər. Ona görə də gəncliklə işləmək lazımdır. Onlar bilmlidir ki, Azərbaycan hardan-hara gəldi.
Ermənistan vaxtilə SSRİ-nin potensialından, xaricdə müəyyən dairələrin dəstəyindən isatifadə edərək Azərbaycan torrpaqlarının 20%-ni işğal etdi. İndi müstəqillikdən 27 il keçib. Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasının üzvü olub. Azərbaycanın artıq təqvimində beynəlxalq tədbirlərin keçirilməsi üçün boş yer yoxdur. Azərbaycan artıq dünyanın diplomatik paytaxtlarından birinə çevrilib. İstənilən ölkə ABŞ və Rusiya baş qərərgah rəislərinin görüşünə ev sahibliyini böyük bir xoşbəxtlik sayardı. Azərbaycan üçün isə bu adi normadır.
– Heydər Əliyevin siyasi irsi Azərbaycan xalqının sərvətidir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzi artıq 14 ildən çoxdur ki, bu irsin təbliği ilə məşğul olur. Heydər Əliyev irsinin öyrənilməsi, tədqiqi və təbliği ilə bağlı Sizin fikirlərinizi öyrənmək istərdik.
Heydər Əliyev irsi təkcə Azərbaycanın irsi deyil, o bəşəriyyətin irsidir. Heydər Əliyev adı bu gün dünyanın ən böyük islahatçılarının, ən böyük uğur qazanan insanlarının adı ilə yanaşı çəkilir.
Heydər Əliyev irsi böyük maraq doğurur. Necə oldu ki, ərazicə kiçik, torpağının bir hissəsi işğal olunan, ona həm xoşbəxtlik, həm bədbəxtlik gətirən neft ehtiyatlarına malik olan ölkə böyük uğurlar əldə etdi? Bu sualların hamısına ancaq faktların və proseslərin dili ilə Heydər Əliyev irsinə müraciət etməklə cavab tapmaq olar . Bu uğurlara çatmaq istəyən hər bir ölkə düşünməlidir – onun nəyi var, nə etmək istəyir və nə cür etmək istəyir. Bu siyasi texnologiyanı, siyasi fəlsəfəni özü üçün aydınlaşdıran artıq öz inkişaf yolunu tapacaq.
Azərbaycan öz inkişaf yolunu tapıb və bu gün cənab prezidentimiz vasitəsilə biz bu yolu davam etdiririk. Çünkü, cənab prezidentimiz İlham Əliyevin siyasəti Heydər Əliyev irsinə söykənir. Cənab prezidentimizin siyasəti dəyişən dünyada Azərbaycan maraqlarının qorunmasına və dünyada layiqli yerimizin tutulmasına yönəldilib və biz buna nail oluruq. Bu gün Azərbaycan dünyanın tanınmış ölkəsidir. Ermənistan isə öz yolunu tapa bilmir. Universiteti yarımçıq bitirmiş, heç vaxt heç bir idarəetmə işində işləməyən, hələ ki, sadəcə küçə psixologiyası ilə yaşayan bir siyasətçi ölkədə rəhbər oldu və ökənin ağrılı problemlərini həll etməlidir.
Ermənistan cəmiyyəti 27 illik müstəqilliyi dövründə özünə ölkənin maraqlarını sivil dünyanın maraqları ilə birləşdirən bir rəhbər tapa bilmədi. Əvvəlki iki dövlət başçısı sadəcə olaraq “səhra komandirləri” idilər. Növbəti isə küçədən gəldi. Nə cür o problemləri həll edəcək, bu, onun problemidir. Ermənistan bu gün 1988-ci ildə əkdiyi ağacın acı meyvələrini yeyir. Çünki başqa ölkənin torpağına iddia etməklə, saxta tarix yaratmaqla, başqasının mədəniyyətini mənimsəməklə heç bir halda uğur qazanmaq olmaz.
Heydər Əliyev irsinin öyrənilməsinə həmişə böyük ehtiyac vardır. Bu, bir dəryadır, bitib-tükənməyən sərvətdir. Heydər Əliyev irsi həmişə dəyişən zamanın tələblərinə cavab verəcək. On beş ildir Heydər Əliyev aramızda yoxdur. Amma həmişə onun fikirlərinə böyük ehtiyac var.
Bu gün onun atdığı addımları analiz edərək, bir çox suallara cavab tapmaq olur. Bu baxımıdan mən sizin Mərkəzə uğurlar arzu edirəm. Siz çox böyük bir iş görürsünüz. Bu irsin toplanması, analiz edilməsi, tərcümə edilib xarici dillərdə çatdırılması, həmçinin Azərbaycan cəmiyyətinin ziyalıları ilə mükamilə edərək onların fikirlərinin öyrənilməsi böyük bir işdir. Mən bu işdə sizə uğurlar arzu edirəm. Eyni zamanda bildirirəm ki, sizin çalışdığınız Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin fəaliyyətini dəstəkləyirəm və ondan xəbərdaram. Bundan sonra da ümumi iş istiqamətində əməkdaşlığa hazıram.
Fuad Babayev, Gündüz Nəsibov, 1905.az