YYSQ sədri, www.kitabxana.net portalının yaradanı-rəhbəri, “Ədəbiyyat qəzeti”nin şöbə redaktoru, yazıçı-kulturoloq Aydın Xan (Əbilov) ilə söhbət.
– Aydın Xan müəllim, Yeni Yazarlar və Sənətçilər Qurumu 2014-cü ilə qədər hansı işləri görə bilib?
– Yeni Yazarlar və Sənətçilər Qurumunun yaranmasından 15 il keçir və arxaya çevrilib boylananda bu zaman çərçivəsində fəaliyyətimizə nəzər salanda, qürur hissi ilə deyə bilərik ki, o vaxtlar bir qrup gənc kreativin qarşısına qoyduğu məqsədlərin böyük hissəsinə nail olmuşuq. 1998-ci ilin sonunda yaradılan, 1999-cu ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan Yeni Yazarlar və Sənətçilər Qurumu deyəndə, yüzlərlə ədəbiyyat, mədəniyyət, incəsənət, tədbiri, 13 dəfə təşkil olunan Bakı Kitab Bayramı, əllidən çox kreativ-innovativ layihə, onlarla yeni imzanın tanıtımı, iyirmidən artıq kitabın nəşri, sayı üç yüzü ötən elektron kitabın hazırlanması, mütəmadi elektron nəşrlər, ilk elektron dərgilər, istifadəçisinin sayı 4 milyona yaxınlaşan www.kitabxana.net – Milli Virtual-Elektron Kitabxana, bu milli-intellektual resursun nəzdində 250 mini-saytlar, yazarların, intellektulalların bloqları, 200 gənc yazıçının ilk e-kitabı, məktəblərə, universitetlərər, həbsxanalara, hərbi hissələrə, ictimai qurumlara bağışlanan minlərlə çap məhsullarından ibarət mini-kitabxanalar, ədəbi-mədəni monitorinqlər, tele-radio verilişlər, ekspert rəyləri, yüzlərlə qəzet-jurnal materialları, ədəbi söhbətlər, müsahibələr, İnternet portalları və sayt yazıları, art-polemikalar, elmi diskussiyalar, mühazirələr, təqdimatlar, tanıtımlar, 6 ölkədə beynəlxalq tədbirlər, konfrans, treninq, təlim və forumlar, İKT formatları, 10 ədəbi sayt, formalaşdırılan yeni nəsil oxucular, fərqli e-oxu, e-yazı vərdişlərinin inkişafıyla baqlı fəaliyyət istiqamətləri, nəşrlərin yayımı, cəmiyyətə təqdim edilən analitik-estetik düşüncə məhsulları, milli kulturologiya elminin forlaşmasına verilən dəstək kimi işlərimiz yada düşür. YYSQ-nin əsas fəaliyyəti milli, eləcə də dünya mədəniyyətini və ədəbiyyatını həm ölkə daxilində, həm də xaricdə təbliğ etmək, yeni nəsil yaradıcı insanların əqli-intellektual, sosial və müəlliflik hüquqlarının qorunması istiqamətində fəaliyyət göstərmək, sənət adamlarının yaradıcılığını cəmiyyətə tanıtmaq, çağdaş mədəniyyəti və ədəbiyyatı inkişaf etdirməklə milli kulturoloji-intellektual düşüncənin zənginləşməsinə yardımçı olmaq, mədəniyyətlərarası dialoqu, sivilizasiyaların inteqrasiyanı gücləndirməklə qloballaşan dünyada Azərbaycanın inkişafına, estetik-bədii irsini yüksək səviyyəyə çatdırmaqdır. YYSQ fəaliyyət istiqamətlərinə uyğun olaraq ədəbi-mədəni, kulturoloji hadisələr gerçəkləşdirir, hüquqi-mədəni maariçilik, gənc yaradcı insanlarin ictimai maraqlarını ifadə edir, mədəniyyətlə, ədəbiyyat, internet, sosial şəbəkələr, virtual resurslar, elektron kitabxanalar, kreativ innovasiyalarla bağlı kulturoloji layihələri hazırlayır və həyata keçirməklə qarşısına qoyduğu məqsədlərə çatmağa çalışır.
Bəzi kulturoloji-şəbəkə layihəmizin adını çəkmək kifayətdir ki, fəaliyyətmizin əsas istiqamətləri aydın görsənsin: 1. “Eurovision-2012” mahnı müsabiqəsinə gələn xarici qonaqlar, turistlət və soydaşlarımız üçün Azərbaycan kitablarını, eləcə də yazıçılarımızın əsərlərini müxtəlif dillərdə, rəqəmsal – e-kitab formatında hazırlamaq” (Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası). 2. “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” (Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu). 3. “Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması”(Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası). 4. “Fəal gənclər və QHT liderləri üçün İnternet jurnalistikası (sosial media), blogerliklə bağlı real, eləcə də virtual (distant-məsafəli) təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, e-kitab formasında elmi-praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət” (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi). 5. “Ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmş XIII Bakı Kitab Bayramı – Kulturoloji Tədbirlər vasitəsilə gənclərdə mütaliəyə marağın artırılması, elektron oxu, e-yazı mədəniyyətinin formalaşdırılması, Azərbaycan kitabının sosial şəbəkələrdə, daxildə və xaricdə təbliği” (Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi). “Dünya ədəbiyyatını gənclərə tanıdaq. Kreativ-innovativ e-Akademiya” (Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu) və b.
Sadaladığımız işlərlə bağlı bizim kitabxana.net, yysq.net və başqa İnternet saytlarımızdan geniş məlumatlarla tanışlıq imkanları var deyə, sizin oxucularınızı əlavə bilgilərlə yormaq istəmirik.
– Kifayət qədər iş görə bilmisiniz. Bəs təşkilatınızın mövcud olduğu illər ərzində yeni yaradıcı nəsil nümayəndələrimizdə, gənc Azərbaycan yazarında, sənətçisində hansı dəyişikliklər olub? Aydındır ki, dəyişikliklər qaçılmazdır və onlar tam müsbət, ya da tam mənfi ola bilməz.
– Söz yox, ən azı bizim illərcə uğrunda mübarizə apardığımız intellektual-kreativ mühit formalaşıb, fərqli estetik-kulturoloji düşüncə texnologiyaları Azərbaycana gətirilib. Postmodernizm, virtualizm, şəbəkə estetikası, internet ədəbiyyatı, bloqerlik, yeni media, sosial şəbəkə ədəbiyyatı, elektron yazı, səsli kitablar kimi formatlar artıq ölkəmizdə də oturuşub. Bu isə yeni-yeni yaradıcı qüvvələrin yetişməsinə, formalaşmasına təsir edib. İndi İnternet saytları, ədəbi dərgilər, mətbuat və televiziya kanallarında az-çox imzası tanınan gənc yazıçılar, şairlər, tərcüməçilər, tənqidçilərin böyük əksəriyyəti məhz bizim resurslarımızdan faydalananlardır. Biz durmadan tələbə və gənclər araında kreativ düşüncə sahiblərini axtarıb tapır, alternativ, məsafəli təhsil formalarından yararlanaraq onların estetik-intellektual inkişafına çalışırıq. Düzdür, bəzi gənclər müxtəlif qüvvələrin təsirinə düşsələr də, son halda onlarla aparılan davamlı iş öz sözünü deyir və fərqli, intellektual ədəbi-mədəni nəsil yetişir. Bəzən onlar yıxıb-dağıtmaq həvəsiylə ədəbi-mədəni mühitimizə daxil olsalar da, sevindirici haldır ki, ənənəvi ədəbiyyat-estetik düşüncəni saxlamaqla fərqli kulturoloji poetik nümunələr yaradanlar çoxluq təşkil edir. İndi ədəbi nəsillər arasında sağlam bir kreativ yarışmanın şahidi oluruq, bu isə ümumən mədəniyyət və söz sənətinin inkişafına xüsusi təkan verən prosesdir. YYSQ Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı ilə hazırda “Gənc elektron elm – virtual internet resurs mərkəzi” layihəsi də məhz intellektual gənclərin əqli yaradıcılığını tanıtmaq və təbliğinə istiqamətlənib.
– Qarabağ düyünü getdikcə daha çox məşhur Qordi düyününü xatırladır. Bu düyünün çözülməsi ilə bağlı yaradıcı gəncliyin mülahizələri, təsəvvürləri haqqında nə demək olar?
– Yaradıcı gənclik cəmiyyətimizin digər nümayəndələri kimi, ən yaralı yerimiz olan Qarabağ probleminin həllini arzulamaqla kifayıtlənmək istəmirlər. Biz daimi olaraq Qarabağla bağlı layihələr, tədbirlər həyata keçiririk. Qarabağ mövzusunda yeni əsərlər yazılır, kitablar nəşr edilir, İnternet saytlarında elektron formada yayımlanır. YYSQ GGənclər və İdman Nazirliyi, daha 4 ictimai qurumla birlikdə “Virtual Qarabağ” İKT Mərkəzi yaratmışıq, eləcə də onun üçün elektron kitabxananı məhz biz işləyirik.
YYSQ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə hazırda “Xarici müəlliflərin Azərbaycana, o cümlədən Qarabağa aid müxtəlif dillərdəki kitablarının e-nəşrinin hazırlanması, elektron sərgisi və yayımı” layihəsi məhz Qarabağ həqiqətlərini dünyaya çıxartmaq baxımından maraq kəsb edir.
Fikrimcə, Ali Baş komandanın əmri ilə bizim yaradıcı gəncliyimiz də hər zaman Qarabağı almaqdan ötrü həm ideoloji, həm də fiziki cəhətdən vətən müharibəsindı vuruşmağa hazırdır. İllərdir davam edən bu münaqişənin sülh yolu ilə həlli mümkün olmasa, torpaqlarımzı azad etməkdən ötrü müharibəyə başlamalıyıq.
– İndi də Aydın müəllimin yaradıcılığı ilə bağlı danışaq. Aydın müəllimi hələ də gənc hesab etmək olar? Və o nə edir? Yazar kimi…
– Düzünü desəm, bu ictimai iş öz yaradıcılığımı ikinci plana atsa da, davamlı olaraq yeni əsərlər üzərində işləyirəm: əsasən İnternet və sosial şəbəkələrdəki gəncləri nəzərə alıb kiçikhəcmli hekayə, esse, pritça, şeirlər, tərcümələr, fəlsəfi statuslar yazıram. İndiyəcən 5 kitabım işıq üzü görüb, minə yaxın yazım isə dövri mətbuat, qəzet-jurnalların səhifələrində, İnternet portallarında işıq üzü görüb. Fikir və mülahizələrimi geniş kütlə üçün müxtəlif televiziya və radio kanallarındakı yüzlərlə verilişlər vasitəsi ilə açıqlayıram. İki yeni kitabımı nəşrə hazırlamışam, yaxın günlərdə oxucularımın ixtiyarına buraxacağam.
– Və sonda. Azərbaycanda yaradıcı mühiti necə dəyərləndirərdiniz? İstedadları üzə çıxara bilən mühitdir bu mühit?
YYSQ hazırda virtual ədəbiyyat, milli İnternet resurslarının inkişafı, yeni e-oxu və e-metaliə mədəniyyətinin, eləcə də virtual yazı vərdişlərinin formalaşdırılması, yeni ədəbi saytların yaradılması, elektron kitabxanaların inkişafı, e-kitab nəşri. Kitabxana.net – Milli Virtual Kitabxananın zənginləşdirilməsi, kreativ innovasiyalarla bağlı tədqiqat və araşdırmaların dəstəklənməsi, milli kulturologiya elminin təşəkkülünü sürətləndirilməsi, sosila media və yeni medianın möhkəmləndirilməsi, beynəlxalq ədəbi-mədəni hadisələrin təşkili, yeni humanitar-estetik texnologiyaların Azərbaycana gətirilməsi, Azərbaycan dəyərlərinin xaricdə təbliği, elektron və səsli kitab nəşrinin artırılması, yeni nəsil yazarların intellektual-kulturoloji bilgilərlər əhatələnməsi və peşəkarlıqlarının artırılması, müəlif hüquqlarının qorunması, ədəbi agentliklərin yaradılması kimi istiqamətdə strategiyalar hazırlayıb gerçəkləşdirməkdədir. Fəqət təkcə bizim qurumla bu sadalanan işləri görmək qeyri-mümkündür, odur gərək həm dövlət, həm də ictimai qurumlar, eləcə də cəmiyyət bu məsələlərdə intellektual-kreativ gənclərə dayaq olsun.
Şəxsən məni incidən odur ki, rəhbərlik etdiyim təşkilatın bu qədər etdiklərini görmək istəməyənlər indiyəcən nə YYSQ-nin, nə də ölkəmizdə ilk açıq elektron kitabxanaya bir ofisi var, hər halda əlaqədar orqanlarımızın nümayəndələri bu haqda tədbir görsələr, biz ölkəmizin inkişafı üçün daha əzmlə, faydalı işlərimizin sayını artırmış olarıq.
– 1905.az portalına nəyi tövsiyyə edərdiniz?
Sizə bu maraqlı İnternet resursunun inkişafında daha böyük uğurlar arzulayır və yaradıcı gənclik tərəfdən istənilən yardımı eləməyə hazır olduğumuzu bildirirəm.
Fuad Babayev
1905.az