Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 105 illiyi münasibətilə iyunun 26-da Azərbaycanın xarici ölkələrdəki səfirlik və hərbi nümayəndəliklərində silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə xarici ölkələrin dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, səfirlər, bu ölkələrdə akkreditə olunmuş digər dövlətlərin hərbi attaşeləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Silsilə tədbirlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Qonaqlara Azərbaycan Silahlı Qüvvələr ilə bağlı fotostend və videoçarxlar nümayiş olunub.
Çıxış edənlər 105 il əvvəl yaradılmış Azərbaycanın Milli Ordusunun keçdiyi şərəfli yoldan, müstəqilliyin bərpasından sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ordumuzun daha da güclənməsindən, Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbədən danışıblar.
Tədbirlər konsert proqramları, yerli və Avropa bəstəkarlarının əsərlərinin səsləndirilməsi ilə başa çatıb.