Azər Sarıyev 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib.
Daha sonra “Palitra” qəzetinin baş redaktoru olub (1999-2003). 2003-2014-cü illərdə Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin müdiri və AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsində çalışıb.
– Uzun illər mötəbər dövlət qurumunun mətbuat xidmətinə rəhbərlik etmisiniz. Və saysız-hesabsız xarici jurnalistlərlə ünsiyyətdə olmusunuz. Onların Azərbaycanın ağrılı-acılı soyqırımı, təcavüzə uğraması kimi problemləri ilə bağlı məlumatlı olub-olmamaları haqqında nə deyə bilərsiniz?
– Mən 10 ildən artıq Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və İctimai Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu illər mənim xarici jurnalistlərlə görüşmək imkanım çox olub. İstər seçki dönəmində Azərbayacan gələn xarici jurnalistlər, istərsə də yerli jurnalistlərlə. Avropa və MDB ölkələrindən gələn jurnalistləri xüsusi vurğulamaq istərdim. MDB ölkələrindən Azərbaycandakı seçkiləri izləmək üçün gələn jurnalistlərin əksəriyyətində ölkəmiz haqqında müəyyən qədər informasiya həmişə olub. Amma siz dediyiniz mövzulara gəldikdə, istər soyqırımılar və ya Xocalı, 20 Yanvar faciələri olsun, istərsə də digər mövzularda onların informasiyası az olub. Əgər bir qismində Xocalı, 20 Yanvar haqqında az da olsa məlumat var idisə 31 Mart soyqırımı haqqında məlumatları yox səviyyəsində olub. Amma buna birmənalı şərh də vermək düzgün olmaz. Ölkəyə gəlməzdən əvvəl, onun haqqında kifayət qədər məlumat toplayan, hazırlıqlı olan xarici jurnalistlər də az olmayıb. Biz bacardığımız qədər Azərbaycanın tarixi, mədəniyyəti haqqında söhbətlər etməyə, onları məlumatlandırmağa çalışmışıq.
– Burada əldə etdikləri informasiyanı sonra öz ölkələrində, öz media orqanlarında işıqlandıran jurnalistlər necə? Olub? Və onların yazılarında dəyişiklik müşahidə etmisinizmi?
– Olub, burada düzgün infomasiya almış jurnalistlərin sonradan öz yazılarında dəyişikliklərin olduğunu müşahidə etmişik. Hətta başqa niyyətlə ölkəmizə gələn jurnalistlərin belə, sonradan fikirlərindəki müsbətə doğru dəyişikliyin də şahidi olmuşuq.
–O zaman son illər ərzində bu sahədə pozitiv tendensiyanı müşahidə etdiyinizi deyə bilərikmi?
– Bəli, pozitiv tendesiya var. Bu istiqamətdə dövlət səviyyəsində keçirilən tədbirlərin də rolu böyükdür. Ölkəmizin təbliğat maşını kifayət qədər yüksək səviyyədə işləyir. Əvvəlki dövrlərlə müqayisədə bu dəyişkliklik aşkar görünür. Son illər məsələn, Xocalı soyqırımının ildönümü ərəfəsində xarici mətbuatda belə məqalələrin dərc olunmasının şahidi oluruq. Amma bu o demək deyil ki, biz fəaliyyətimizi dayandırmalı, heç nə etməli deyilik. Təbliğat daimi olmalı və daha geniş kütləyə çatdırılmalıdır. Danışırıqların aparılması vacibdir. Məsələn, ötən il mən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Türkiyənin TİKA təşkilatının xətti ilə Türkiyədə səfərdə idim. Biz müəyyən media qurumları ilə söhbətlər aparıb, görüşlərdə iştirak etdik. Bildiyiniz kimi, ermənilər 2015-ci ilə qondarma erməni soyqırımının 100 illiyi ilə əlaqədar təbliğat xarakterli tədbirlər həyata keçirirlər. Və bununla bağlı biz qardaş ölkəylə bu istiqamətdə birgə layihələr həyata keçirməyi və qondarma erməni soyqırımı təbliğatının saxta olmasını dünyaya çatdırmaq istiqamətində addımların atılmasını təklif etmişdik. Amma təəssüf ki, bu istiqamətdə tədbirlər planı, layihənin hazırlanmasının, hər hansı dəyişkliyin şahidi olmadıq.
– Bəs, bizim jurnalistlər necə? Soyqırımı həqiqtlərini dünyaya çatdırmaqda hansı işləri görürlər? Onların bu istiqamətində fəaliyyətindən razısınızmı?
– Bu, elə bir mövzudur ki, burada yerli mediada həqiqətləri çatdırmaqla iş bitmir. Mütləq xarici media ilə işləməlisən. Fikrimcə, fəaliyyət var, amma qənaətbəxş səviyyədə deyil. Mütləq sistemli plan hazırlanmalıdır. Və planın icrası qısa müddət ərzində reallaşmalıdır. Razı olmadığım əsas məqam, özüm də daxil olmaqla jurnalistlərimizin soyqırımı həqiqətlərini ancaq həmin hadisənin ildönümü ərəfəsində işıqlandırmasıdır. Yəni, 31 Mart soyqırımı haqqında yazılan məqalələri ancaq 31 Mart soyqırımının hər hansı ildönümü ərəfəsində yazmağa başlayırıq, ancaq o dördə xarici KİV-lərə məlumat göndəririk. Ancaq bu belə olmalı deyil. Həqiqəti çatdırmaq üçün biz ilboyu təbliğat aparmalıyıq.
– Belə bir təsəvvür var ki, erməni təbliğatı informasiya müharibəsində bütün hakim yüksəklikləri əvvəldən zəbt edib. Və biz bu müharibədə ilk növbədə müdafiə olunmalıyıq. Hücuma keçmək vaxtı çatmayıb?
– Ermənilər bu təbliğata bizdən çox-çox əvvəl başlayıblar. Bunun da kompleks səbəbləri var. Burada xristian faktoru çox güclüdür. O cümlədən, erməni təbliğatının bu qədər güclü olmasının sosial, iqtisadi hətta kultoroloji səbəbləri var. Təkcə müdafiə olunmaqla iş bitmir, düzdür. Ən yaxşı müdafiə elə hücümdur. Biz fəaliyyətimizi hücum taktikası üzərində qurmalıyıq. Biz hücum etdikcə, onların da hücumu azalmış olacaq.
Aynur Hüseynova
1905.az