Müsahibimiz Əli bəy Hüseynzadənin tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turandır.
– Azər müəllim, Əli bəy Hüseynzadənin adını hamı eşidib. Amma yaxından maraqlansaq, çoxları onun fəaliyyəti ilə bağlı məlumatsızdır. Orta statistik azərbaycanlı oxucu Əli bəy Hüseynzadə haqqında nələri bilməlidir?
– Əgər biz Əli bəy Hüseynzadə ilə bağlı hər şeyi bilmiriksə, bu o deməkdir ki, türk düşüncəsi ilə bağlı hər şeyi bilmirik. Əli bəy Hüseyzadənin bütün həyatı Azərbaycandır, türk düşüncəsidir və onları bilmədən bütövlükdə Azərbaycanı və Türk dünyasını bilmərik. Məncə, Əli bəy Hüseynzadə ilə bağlı hər kəs hər şeyi bilməlidir. Əli bəy Hüseynzadə Azərbaycanın mənəvi və məfkurəvi yapısını hazırlayan bir insandır. Unutmayaq ki, bu insana müasirləri “Rəsuli-Həqq” deyiblər. Onu haqqın elçisi kimi tanıyıblar. Mən indi bura, sizin üçün bir kitab gətirmişəm. Kitab “Milli məfkurənin atası” adlanır. Bu kitabı hazırlayarkən mən bura Əli bəy Hüseynzadə barədə müasirlərinin yazdıqlarını topladım. Abdulla Cövdətin 1908-ci ildə “İctihad” dərgisində dərc etdiyi ünlü məqaləsi də 1908-ci ildən sonra ilk dəfə bu kitabda təqdim olundu. Abdulla Cövdət deyirdi: “Əvət, o bir Rəsul Allah deyildi, amma o bir Rəsuli-Həqq idi”. Yəni, Əli bəy Hüseynzadə öz dövründəTürk dünyasının bütün mütəfəkkirləri – Ziya Gökalpdan Atatürkə qədər hər kəs tərəfindən rəsul olaraq tanınırdı və bu rəsul Bakıda yaşayırdı. 1905-ci il Rusiyada birinci rus inqilabı baş verdi. Böyük rus inqilabından sonra Hacı Zeynalabdın Tağıyevin evində Azərbaycanın o dövrdəki görkəmli ziyalıları toplaşmışdılar – Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Adil xan Ziyadxan və başqaları. Onlar bütün Rusiya imperiyasının burulğanlar qoynunda yaşadığı 1905-ci ildə Azərbaycanın, Qafqaz müsəlmanlarının siyasi-iqtisadi durumu barədə fikir mübadiləsi edirdilər. Görüşdə Rusiya hökumətinə ünvanlanmış bir petisiya hazırlandı. Həmin petisiyanın əlyazmasını mən oxumuşam. Əlyazma Əli bəy Hüseynzadənindir. Orada kadr, torpaq, məktəb, din, mətbuat və ümumiyyətlə, millətə aid olan bütün problemlərlə bağlı Rusiya hökuməti qarşısında məsələlər qaldırılır. Və sonra belə bir sual meydana çıxır ki, bu petisiyanı Rusiya hökumətinə kim təqdim etməlidir? Nəticədə həmin petisiyanı hazırlayan adamlar nümayəndə heyəti şəklində Peterburqa yola düşürlər. Bu, Rusiya müsəlmanlarının qurultayından öncə baş verən hadisədir. Əli bəy Hüseynzadənin müxtəsər bioqrafiyasını mən öz arxivindən əldə etmişəm. Orada yazır ki, Peterburqa gediblər və general Trepovun intriqalarına rəğmən, Baş nazir Vitte ilə görüşüblər. Trepov Rusiya jandarmının başçısı idi. Vitteyə milli tələblərimizin əks olunduğu mütalibənaməni qəbul etdirə biliblər. Nəticədə, 1905-ci ildə “Həyat” qəzetinin Bakıda nəşrinə icazə alınır. “Həyat” qəzeti isə ilk sayından etibarən milli kimlik məsələsini qabardır. O zaman, təsəvvür edin, Rusiyanın ucqar əyalət şəhəri olan Bakı Qafqazın mədəniyyət, türk dünyasının isə milli-ideoloji beşiyinə çevrilir. Əgər “Həyat” qəzetinin Tiflisdə nəşrinə icazə alsaydılar, proses elə əvvəlki dalğanın üzərində gedərdi. Amma onlar “Həyat” qəzetinin Bakıda nəşrinə icazə almışdılar və ilk sayından etibarən Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” adlı məqaləsini yazmağa başlamışdı.
– Hesab etmək olarmı ki, bu, türkçülüklə bağlı ilk yazı idi?
– Təkcə Azərbaycanda, Bakıda deyil, ümumtürk dünyasında sualın bu şəkildə ilk qoyuluşu idi. Mən bu barədə, sadəcə, Bakıda deyil, İstanbul Universitetində də, Ankarada 21. Yüzyıl İnstitutunda da, Bilkənd Universitetində də görkəmli türkoloqların iştirak etdiyi konfranslardakı çıxış və məruzələrimdə geniş danışmışam. Əli bəy Hüseynzadənin həmin məqaləsinə qədər istər Osmanlıda – İstanbulda, istərsə də Rusiyada – Krımda, Kazanda türklük, türk kimliyi məsələsi gündəmə gətirilsə də, məsələyə istər tarixi, istər etnoqrafik, istər linqvistik və s. anlamda belə fundamental yanaşma ilk dəfə Əli bəy Hüseynzadə tərfindən gerçəkləşdi. Yəni, bu məqalənin müəllifini türk dünyasında modern türkologiya elminin yaradıcısı hesab etmək olar. Hüseynzadənin “Türklər kimdir və kimlərdən ibarətdir” məqaləsi türkləri həm etnik, həm etnoqrafik, həm də dil baxımından tədqiq edən ən qapsamlı əsərdir. Bu məqalədən, ümumiyyətlə, “Həyat” qəzetinin nəşrindən sonra Bakı dünya türklüyünün mərkəzinə çevrilməyə başlayır. Təsəvvür edin, Bakı Rusiyanın əyalət şəhəridir. Lakin artıq İstanbul da Bakıya yönəlməyə başlayır. Çünki dəqiq cavablar artıq Bakıdadır. Yəni sualların – böyük, qlobal sualların dəqiq cavabı Bakıdadır. O zaman məfkurəvi düşüncənin təmsilçiləri və böyükləri olan insanların hamısı bilirdilər ki, Əli bəy Hüseynzadə onların böyüyüdür. Hələ İstanbul Universitetində oxuyarkən “İttihad və Tərəqqi”nin yaradıcısı Əli bəy Hüseynzadə olmuşdu. “İttihad və Tərəqqi” isə Osmanlı imperatorluğundan sonra Türkiyə Cümhuriyyətinin hasilə gəlməsində əsas ideoloji bazanı yaratmışdı. “İttihad və Tərəqqi”nin qurucuları olan İshaq Sükuti, İbrahim Temo, Abdulla Cövdət, Ahməd Cövdət, İsmayıl Şükrü, Baha Şakir, Şərafəddin Mağmuni, İshaq Sükuti və b… Bunlar hamısı Əli bəy Hüseynzadənin ətrafında toplaşmış tələbələr idi. Türkiyədə ideoloji, məfkurəvi xətti yaradan bu insanlar öz fikir babalarının Bakıda olduğunu bilirdilər və bu insan Bakıdan Osmanlı türklüyünün düşüncəsinə “türklər kimdir və kimlərdən ibarətdir” – deyə xitab edirdi. Bu, çox mühüm bir məsələdir. Bir məktub var. Parisdən İstanbula yazılıb. Bir ittihadçının başqa bir ittihadçıya məktubudur. Görün nə yazır: “Hüseynzadənin bütün əməli Adriatik dənizindən Çinə qədər olan məmləkətlərdən bir türk ittihadı (birliyi) hasilə gətirməkdir. Bu müqəddəs əməlin baş tutması üçün ən əvvəl atılacaq addımın dil birliyində olduğunu dərk edən bu qeyrətpərvərin milli fikirlərinə şərik olsanız vətənimizə hizmət etmiş… olursunuz”.
Əli bəy Hüseynzadə türklərin kimliyi məsələsini aktuallandırandan sonra türk milli ideologiyasının yaranması məsələsinə keçdi. Elə bir dövr idi ki, Osmanlı imperatorluğu süqut ərəfəsindəydi. Rüsiya türklərinin də, təbii ki, milli ideologiyası yox idi. Belə bir tarixi məqamda milli ideologiyanın yaradılması, Yusif Akçuranın sözləri ilə desək, xoşbəxt bir əsas idi və Hüseynzadə həmin xoşbəxt əsası çağdaş türk zehniyyəti üçün təmin edirdi. Beləcə, türk milli ideologiyasını – türkləşmək, islamlaşmaq, avropalaşmaq triadasını Hüseynzadə Bakıda yaratdı. Nədənsə mənim yazdıqlarıma qarşı bəziləri etiraz edir ki, Azər Turan bu məsələni düz demir. Onları başa düşə bilmirəm. Bütün türk dünyasının xoşbəxt əsası hesab olunan milli məfkurəvi triadanın məhz Bakıda yaranması faktı Azərbaycanda niyə kimlərisə bu qədər narahat edir?…
– Sizin bu fikrinizin əleyhinə olan insanlar hansı arqumentləri gətirirlər?
– Gətirdikləri arqumentlərin etibarlı əsası yoxdur. Məsələn, kimsə iddia edir ki, bu, Tənzimat dönəmində Əli Süavi tərəfindən irəli sürülüb. Bəzən “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunun ilk dəfə Ziya Gökalp tərəfindən irəli sürüldüyü sanılır. Gökalpın “Türkçülük nasıl doğdu” adlı bir məqaləsi var. Xatırladım ki, o məqaləni də bu gün sizə gətirdiyim bu kitaba daxil etmişəm. Həmin məqaləsində Gökalp milli ideologiyanın formalaşması baxımından daha çox Əli bəy Hüseynzadənin üzərində dayanır və daha çox ondan bəhs edir. Bir az əvvəl dediyim kimi, Yusuf Akçura da yazırdı ki, Əli bəy Hüseynzadənin irəli sürdüyü triada türk milləti üçün yaxşı düşünülmüş xoşbəxt əsasdır. Bütün Türk dünyası üçün bu, şübhəsiz ki, belədir. Sonrakı dövrdə Azərbaycanın cümhuriyyət halında təşəkkül tapmasında da bu məfkurəvi düstur dominant oldu. Hətta milli bayrağımızda dalğalandı. Türkiyənin də bir cümhuriyyət halında təsis olunmasında, yaradılmasında dediyim kimi, bu ideologiyanın həlledici rolu oldu. Ziya Gökalp Əli bəy Hüseynzadənin yetirməsi idi. Ziya Gökalpın fikir atası Əli bəy Hüseynzadə idi, Atatürk isə deyirdi ki, ətimin və sümüklərimin babası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Göyalpdır.
Hüseynzadə 1910-cu ildə Azərbaycandan getmişdi. Beş il sonra, 1915-ci ildə onun İstanbuldakı evində üç nəfər bir araya gəlir. “Türk Yurdu” dərgisinin baş redaktoru Yusuf Akçura, “Turan Nəşri-Maarif” cəmiyyətinin sədri Mukimeddin Beycan və İstanbul Universitetinin müdərrisi Əli bəy Hüseynzadə. Onlar Osmanlı Daxili İşlər Nazirliyinə müraciət edirlər. Rusiyada məhkum olan türklərin, müsəlmanların hüquqlarını müdafiə komitəsi – “Turan” heyəti yaradılması barədə hökumətin razılığını alırlar. Fəaliyyətə başlayırlar. Şərqi Avropanın bütün paytaxt şəhərlərində bu ölkələrin bütün baş nazirləri, məclis sədrləri və prezidentləri ilə görüşürlər. Rusiya məhkumu olan millətlərin gələcək taleyini müzakirə edirlər. Memorandumlar imzalanır. Razılaşın ki, Azərbaycan tarixini, yəni o dövr tariximizi əsaslı və sistemli öyrənmək üçün bu fakt mütləq mənada elmi dövriyyəyə qatılmalıdır. Çünki bu faktlara söykənmədən gerçəklər ortaya çıxmayacaq. “Turan” heyəti Şərqi Avropa ölkələrinin başçıları ilə söhbətlərində Rusiya müsəlmanlarının aqibətinin necə olacağını müzakirə edir. Heyət üzvləri 1916-cı ildə isə Surixdə Leninlə görüşür. Rusiya məhkumu olan xalqların xüsusi missiyalı nümayəndə heyətinin Şərqi Avropa ölkələrinin başçıları ilə görüşlər keçirdiyini Lenin də yazıb.
Yadınıza salım ki, “Turan” Heyətini Leninlə görüşdürən Artur Zifeld olub. Zifeld Leninin yaxın dostlarından olub və o da o günlərdə Sürixdə idi. Sonralar SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Ədəbiyyat İnstitutunun ilk direktoru olmuş Zifeld də 1937-ci il repressiyasının qurbanlarından oldu. Repressiya olunmasının səbəbi isə Mahmud Kaşqarlının “Divani-Lüğəti-it Türk” kitabının tərcüməsinə şərait yaratmasıdır.
1934-cü ildə Joske adlı bir alman şərqşünasının Polşada dərc olunan məqaləsini xatırlatmaq istəyirəm: Müəllif israr edir, nə qədər ki, Əli bəy Hüseynzadə, Yusuf Akçura sağdırlar, həyatdadırlar, onlara memuar yazdırmaq lazımdır. Çünkü onlar 1915-1916-cı ildə Avropada keçirdikləri görüşlərlə ilk istiqlal həmləsini ediblər. Onlar Volqaboyunun, Qafqazın və Türküstanın müstəqilliyini de-fakto tanıtdırıblar. Bu, bizim tariximizin tam açılmamış, az araşdırılmış bir səhifəsidir.
– Sovet dönəmində Əli bəy Hüseynzadənin irsi öyrənilibmi?
– Sovet dövründə heç yerdə Əli bəy Hüseynzadə, ümumiyyətlə, tədqiq olunmadı. Bunu ədalət naminə deməliyik, yalnız 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Əli bəy Hüseynzadə üzərindəki senzor qadağaları mülayimləşməyə başladı. Yəni, bunu görməmək mümkün deyil. Anarın redaktorluğu ilə çıxan “Qobustan” jurnalında Əli bəy Hüseynzadə ilə bağlı məqalə dərc olundu. Elçinin tərtib etdiyi “Fikrin karvanı” kitabı çıxdı. “Fikrin karvanı”na Əli bəy Hüseynzadə haqqında oçerk daxil edildi. Yaxud Azərbaycan Sovet Ensiklopediyasında Əli bəy Hüseynzadə haqqında oçerk verildi. “Qobustan” jurnalında Hüseynzadənin “Bibi Heybət məscidi” tablosu, “Şeyxülislamın portreti” çap olundu və s.
– Sizcə, bu, peşəkar rəssam səviyyəsində çəkilən şəkillərdir?
– Bəli. Azərbaycan dəzgah boyakarlığının banisi Əli bəy Hüseynzadədir, bu birmənalıdır. Yəni, mübahisəyə heç bir əsas yoxdur. Yaxud “Şeyxülislamın portreti”ni Əli bəy Hüseynzadə Peterburq Universitetində oxuyanda çəkib. Azərbaycan dəzgah boyakarlığının ilk nümunəsidir. Bəs bu əsərlər İncəsənət Muzeyinə necə gəlib düşüb? Bununla maraqlandım və məlum oldu ki, bu əsərləri muzeyə məşhur tarixçi Sara Aşurbəyli təqdim edib. Sara Aşurbəyli bunu haradan əldə edə bilərdi, necə təqdim edə bilərdi, mən bu məsələləri də araşdırdım. Məlum oldu ki, Sara Aşurbəyli Əli bəy Hüseynzadənin qardaşı oğlunun həyat yoldaşıdır. Danışılası çox məsələlər var…
– Azər müəllim, bəs nə əcəb 1926-cı ildə onun Bakıdakı Türkoloji qurultaya gəlməyinə icazə verilmişdi?
– Bu məsələ Atatürkün axşam süfrələrində həll olunub. Fuad Köprülü ilə Əli bəy Hüseynzadəni həmin qurultaya birgə göndəriblər.
– Yəni türk nümayəndə heyətinin üzvü kimi gəlmişdi?
– Üzvü kimi deyil, nümayındəı heyətinin başçısı kimi onu Atatürk göndərmişdi. Azərbaycanda, çox qəribədir ki, onu qurultayın fəxri Rəyasət Heyətinə seçirlər. Halbuki Bakıda və SSRİ-də Əli bəyin kim olduğunu bilirdilər və hər şeyə rəğmən, onu fəxri Rəyasət Heyətinə seçmişdilər. Qurultaydakı məruzəsi də məlumdur. Həmin məruzə – “Qərbin iki dastanında türk”, ümumiyyətlə, türk ədəbiyyatşünaslığında müqayisəli ədəbiyyatşünaslığın ilk örnəyi hesab oluna bilər.
– Bizim dərsliklərdə – istər orta məktəb, istərsə də ali məktəb dərsliklərində Əli bəy Hüseynzadə bir tədqiqatçı kimi Sizi qane edən səviyyədə işıqlandırılırmı?
– Bilirsiniz, Əli bəy Hüseynzadə çox böyükdür. İnanıram və mübaliğəsiz, birmənalı şəkildə deyirəm: Əli bəy Hüseynzadə dahidir. Və onu daha konseptual araşdırmaq, öyrənmək və tədris etmək milli vicdan məsələsidir.
– Türkoloji qurultayda iştirakı Əli bəyin Bakıdan gedəndən sonra bura ilk gəlişiydi?
– İlk deyildi. Amma son gəlişi oldu. İlk dəfə 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda Ənvər Paşanın xüsusi missiyası ilə gəlmişdi. Batumda olur. Tiflisdə Qafqaz Seyminin iclaslarında iştirak edir. Burdan Ənvər Paşaya Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan məktublar yazır. Sonra Gəncədə olur. Tiflisdən Seymin iclaslarında Əhməd Ağaoğlu ilə ikisinin birgə imzaladığı bir məktub var. Əlyazısı Əli bəyə məxsusdur. Həmin məktubda təxminən belə bir fikir var ki, “Paşam, Seymin iclasındakı çıxışlardan gəlinən nəticəni zati-alimizə bildirməyi özümüzə borc bilirik. Yəni, ermənilərin dövlət yaratmaq üçün torpaq istəyi var”. Bu məktubdan dərhal sonra Ənvər Paşa mayın 27-də türk paşalarından birinə teleqram göndərir. Bildirir ki, Ermənistana bir qarış da torpaq vermək olmaz. Əgər onlara torpaq güzəşti olsa, ermənilər daha da qəddarlaşacaqlar. Ənvər Paşanın düşüncəsinə görə paytaxt Gəncə olmalıdır. Əli bəy Hüseynzadəyə görə isə, özünün yazdığı kimi, “Gəncə Azərbaycanın maarif paytaxtı ola bilər. Azərbaycanın təbii paytaxtı petrol mənbəyi olan Bakıdır. Kim Bakını Azərbaycana çox görürsə, Azərbaycan xalqının ən böyük düşmənidir”.
– Mollanəsrəddinçilər haqqında çox yazırlar və ona əks mövqedə duran isə Füyuzatçılardır. “Füyuzat”ın Azərbaycan ictimai-siyasi tarixindəki rolu və yeri haqqında nə deyə bilərsiniz?
– “Füyuzat” 1907-ci ildə deyil, 1937-ci ildə tamamlandı, yəni onu bitirdlər, Füyuzat dalğası türk düşüncəsi ilə islam fəlsəfəsini və Avropa mədəniyyətini bir araya gətirirdi. Bu, ayrıca, yeni bir estetikadır. Bu estetika milli kontekstdə təkcə yeni ədəbiyyatın deyil, həm də yeni insanın, yeni zövqün formalaşmasına hesablanmışdı. Və bütün bunları Əli bəy iki-üç ilin içində gerçəkləşdirə bildi. Lakin siz tariximizdə haqqı bu qədər danılmış, üstündən bu qədər sükutla keçilmiş, barəsində bu qədər susulmuş, Tanpınarın təbiriycə desək, “sükut sui-qəsdinə uğramış” ikinci bir insana rast gəlməzsiniz. 2014-cü il yanvar ayının 21-də cənab İlham Əliyevin Əli bəy Hüseynzadə ilə bağlı verdiyi sərəncamla bu haqlar tam şəkildə bərpa olundu və qarşımızda böyük üfüqlər açıldı. Hələ Əli bəyin qızı Feyzavər Alpsara “Dostluq” ordeni verildi. Azərbaycan dövləti ordeni o gün verdi ki, o gün Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün idi. Məhz Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün onun qızına, yeganə varisinə Azərbaycan dövləti tərəfindən orden verildi. Ordenlə bağlı duyğularını da Feyzavər xanım: “Sağ olsun sayın Aliyev, bunu Türk Kültürü’nün büyük mütefekkiri atam için sevinçle karşıladım” –deyə “Ədəbiyyat qəzeti”nə verdiyi müsahibədə paylaşdı.
Gündüz Nəsibov, 1905.az
Söhbət 17 avqust 2018-ci ildə baş tutub.