“Erməniləşdirilmə siyasəti” ruslar tərəfindən düşünülmüş, əsası 1828–ci ildə Rusiya və İran arasında bağlanan “Türkmənçay” “sülh” müqaviləsindən sonra ruslar tərəfindən qoyulmuş və ermənilər vasitəsilə həyata keçirilən tarixi termindir.
Bu fikirlər AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Azərbaycan ərazilərində tətbiq edilən məskunlaşdırma siyasəti türklərin soyqırımlarına münbit şərait yaratdı” adlı məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Erməniləşdirilmə prosesi Azərbaycan ərazilərindən başlayaraq sonralar Türkiyə, Gürcüstan və İran ərazilərini də əhatə etdi. Məhz erməniləşdirilmə siyasətinin nəticəsidir ki, hal-hazırda Azərbaycanın coğrafi ərazisi, 1813-cü ildə 410 min kvadratkilometr olduğu halda, erməniləşdirmə siyasəti nəticəsində bu ərazilər mənimsənilərək 86,6 min kvadratkilometrə qədər azaldıldı. Azərbaycan torpaqlarının erməniləşdirilməsi, ərazilərin zəbt edilməsi, mənimsənilməsi, əhalinin etnik təmizləmə siyasəti ilə bərabər aparıldığından indi artıq işğal olunmuş Azərbaycan ərazilərində (Dağıstan və Borçalı bölgələri istisna olunmaqla) bir nəfər də olsun azərbaycanlı qalmayıb.
Sisian
Azərbaycan torpaqlarının erməniləşdirilməsi nə deməkdir?
Erməniləşdirilmə – Azərbaycan torpaqlarının dini, etnik, siyasi, mədəni, coğrafi və tarixi baxımdan rusların təhriki və iştirakı ilə zorla dəyişdirilərək ermənilərə bağışlanmasını təmin etmək, Azərbaycan ərazilərini erməni milləti üçün əbədiləşdirmək və eyni zamanda, bu torpaqların erməni millətinə məxsusluğunu “sübut” etmək üçün müxtəlif uydurma “sübutlar”, “dəlillər” toplayaraq beynəlxalq ictimaiyyəti inandırmaq üçün məqsədli şəkildə davamlı təbliğat kampaniyası aparmaq, öz torpaqlarını və əmlaklarını xoşluqla ermənilərə təslim etmədikdə əsgəri qüvvələrin, həmçinin separatçı, terrorçu, kriminal təyinatlı silahlı dəstələrin köməyi ilə öz ərazilərindən zorla qovulmasını həyata keçirən zorakı aksiyadır.
Mehri
Ermənilər bu çirkin əməllərini həyata keçirmək üçün hətta müxtəlif ölkələrin arxivlərindəki Azərbaycanın əraziləri ilə bağlı əldə etdikləri sənədləri, eləcə də tarixi məlumatları və yazılı mənbələri ya tamamilə inkar edir, ya da məzmunlarını dəyişdirərək erməniləşdirirlər. 1828-ci ildə rus çarı I Nikolayın fərmanı ilə Alban kilsəsi ermənilərə tabe etdirildikdən dərhal sonra, ermənilər albanlara məxsus mədəni irsi, erməni “mədəniyyətinə” aid olduğunu elan etdilər. Onlar, eyni zamanda, alban dövrü yazılı məlumatlarını da erməni dilinə tərcümə edərək materialların əslini məhv etməyə başladılar.
Axta şəhəri. Dərəçiçək mahalı
Eyni fəlakət alban tarixçisi Moisey Kalankatuklunun “Alban tarixi” kitabının da başına gətirildi. Belə ki, müəllif öz ana dilində yazdığı bu kitabı hal-hazırda yalnız erməni dilində əldə etmək mümkündür. Ermənilərin bu oğurluqları erməni millətindən olanların bütün təbəqələrini əhatə edərək, hətta Azərbaycanın dövlət orqanlarında ermənilərin yüksək vəzifə tutmuş şəxslərini də əhatə etmişdir. 2009-cu ilin martında Ermənistanın “Qospirint” nəşriyyatı tərəfindən ingilis, rus və erməni dillərində Şagen Mıkırtıçyan və Şors Davityan adlı erməni müəllifləri tərəfindən buraxılan “Şuşa: şəhərin faciəli həyatı” kitabının “Fon Şuşi v fotoprizrakax” adlanan dördüncü fəslində qeyd edilir ki, Dağlıq Qarabağla bağlı 1922-ci ilə aid bir çox arxiv sənədləri və fotoşəkillər, bir zamanlar Azərbaycanın Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi işləmiş Levon Mirzoyan tərəfindən oğurlanaraq Ermənistana ötürülmüşdür.
Qafan
Qafan
Üçkilsə
Eləcə də Zaqafqaziya Federasiyası, Mərkəzi İcraiyyə Komitəsinin təşəbbüsü ilə arxiv üçün lentə alınmış, Dağlıq Qarabağ Muxtar Vilayətinin coğrafi ərazilərinin və tarixi yerlərinin əks olunduğu materialları 1980-ci ildə Marksizm–Leninizm İnstitutunun Bakı filialının kitabxana müdiri işləmiş Nina Abqorovna Manqasaryan tərəfindən oğurlanaraq müxtəlif yerlərdə gizlədilmiş, 10 il sonra, yəni, 1990-cı ildə Ermənistanın müvafiq orqanlarına təhvil verilmişdir.
İndiki Ermənistanın xeyrinə bu cür oğurluqların və digər aksiyanın “uğurla” həyata keçirilməsini strateji cəhətdən yüksək qiymətləndirən imperiyapərəst ideoloqlar, Azərbaycan ərazilərinin erməniləşdirilməsini reallaşdırmaq və bu əraziləri ermənilərə təslim etmək üçün aşağıdakı adları çəkilən zəruri tədbirlərin həyata keçirilməsini həmişə vacib hesab edirdilər.
Rusların məskunlaşdırılma siyasəti Azərbaycanda necə başa düşülür?
Azərbaycanda məskunlaşdırılma siyasəti, qabaqcadan müəyyən edilmiş münbit, strateji cəhətdən əlverişli, bol təbii resurslara malik Azərbaycan torpaqlarında kompakt şəkildə ermənilərin məskunlaşdırılması kimi başa düşülür.
İrəvan Opera teatrı
Məskunlaşdırılma 1828-ci ildən başlayaraq, həmişə Rus imperiya siyasətinin vacib aspektlərindən sayılmışdır. Bu prosesin başlandığı ilk illərdə, rus dövlətinin böyük miqdarda maliyyə vəsaiti və əsgəri qüvvələri cəlb edilmişdi. Məskunlaşdırılma prosesi zamanı, bir çox hallarda öz evlərini və əmlaklarını könüllü olaraq ermənilərə təslim etməyən azərbaycanlıların öldürülməsi və zorla evlərindən qovulması üçün xüsusi göstəriş verilmişdi. Gizli erməni–rus razılaşmasına əsasən, hətta ən adi erməni millətindən olanların belə azərbaycanlıların əmlakını əlindən almaq, zor tətbiq edərək yaşadığı ərazidən qovmaq və öldürmək hüquqları var idi. Bu siyasət az sonra Cənubi Qafqazda Erməni separatizminin və erməni terrorunun daha da güclənməsinə və inkişaf etdirilməsinə gətirib çıxardı.
Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılması barədə hətta bir çox erməni tarixçilərinin yazdıqları da maraq kəsb edir. 1918–1920–ci illərdə rusların məskunlaşdırma siyasətini müşahidə edən erməni tarixçisi A.A.Lalayan gördüyü bir məqamın necə baş verdiyini belə təsvir edirdi: – “…türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri maksimum şücaət göstərirdilər. Erməni daşnak dəstələrinin ələ keçirdiyi Azərbaycan kəndləri canlı insanlardan azad olunur və eybəcərləşdirilmiş meyitlərlə dolu xarabalığa çevrilirdi”.
Səlim Karvansarası Qərbi Azərbaycan
Məskunlaşdırma siyasəti, 1828–ci ildə Rusiya–İran müharibəsindən sonra, Rusiya və İran arasında Türkmənçayda bağlanan sülh müqaviləsindən və Rusiyanın İranla sərhədi arasında bir xristian dövlətinin yaradılması ideyasından sonra meydana gəlmişdi. Məskunlaşdırma siyasəti həmişə Rusiyanın dövlət vəsaiti və hərbi qüdrəti hesabına həyata keçirilmişdi. Rusiyanın Cənubi Qafqazda ilk məskunlaşdırma siyasəti, Rusiya–İran müharibəsindən sonra, İranla Rusiya arasında 1828–ci ildə bölüşdürülən Azərbaycan torpaqları üzərində gerçəkləşdirilmişdir.
Gümrü. Yaşayış evi
Bu barədə rus tarixçisi N.İ.Şavrov özünün “Zaqafqaziyada rus işinə təhlükə” adlı əsərində yazırdı: “1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə, yəni 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya İranın Xoy, Səlmas və Marağa əyalətlərindən 40 min erməni və eləcə də 84.600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin az yaşadığı Yelizavetopolun və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir”. Bu faktı 1986-cı ildə İrəvan Dövlət Universitetinin nəşr etdirdiyi çoxcildlik “Ermənistan və ətraf rayonların toponim lüğəti” kitabı bir daha təsdiq edir. Orada göstərilir ki, Ermənistan ərazisindəki erməni kəndlərinin 70 faizindən çoxunda “əvvəlki sakinlər 1828-1829-cu illərdə Türkiyə və İrandan gəlmiş erməni mühacirlərdir”.
Rus siyasətçiləri içərisində Azərbaycan torpaqlarının erməniləşdirilməsinə qarşı çıxanlar da var idi. O dövrdə Şavrov Rusiyanın Cənubi Qafqazdakı müstəmləkəçilik siyasətində ermənilərdən istifadə edilməsinə etiraz olaraq yazırdı:
Dmanisi. Antik qala
“Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan bir millətin yerləşdirilməsindən başladıq. Onları, həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axilkələk qəzalarında yerləşdirdik. Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır”. 1890-cı illərdə Türkiyədə baş verən erməni üsyanları nəticəsində daha 400 minə yaxın erməni bu ərazilərə köçüb gəlmişdi. N.Şavrov daha sonra qeyd edirdi ki, XX əsrin əvvəllərində Zaqafqaziyada yaşayan bir milyon üç yüz min erməni əhalinin bir milyonu yerli əhali deyil, rusların vasitəsilə məskunlaşdırılanlardır. Bütün bu məskunlaşdırılma siyasəti keçən əsrin əvvəllərində Quba, Şamaxı, Şuşa, Gəncə şəhərlərində, Qarabağ və Zəngəzur regionlarında türklərə qarşı törədilən qırğınların kütləviləşməsinə səbəb oldu.
31.03.2023, AZƏRTAC