XVIII əsrdə Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaradılması üçün ermənilərin əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirdikləri məkrli siyasəti, onların göstərdikləri can-fəşanlıqları və bu işi öz məqsədi üçün dəstəkləyən Rusiyanın mənfur rolunu qeyd etmək lazımdır. Göründüyü kimi, erməni işğalı heç də dünənin və bu günün aparılan məqsədyönlü siyasətinin nəticəsi deyildir. Əsrlər boyu düşünülmüş və planlı şəkildə həyata keçirilən bu məkrli siyasətin kökləri daha qədim dövrlərə gedib çıxır. XVIII əsrin əvvəllərindən başlayaraq tarixi Azərbaycan torpaqlarının işğalı və qanunsuz olaraq Qərbi Azərbaycan torpaqlarında ermənilərə dövlət yaradılması ideyası, həm dünyanın bir çox yerlərinə səpələnmiş mənfur ermənilərin, həm də bu işdə onlara yardımçı olan iri dövlətlərin əvvəlcədən düşünülmüş, ardıcıl davam etdirilən siyasətinin nəticəsidir. Əsrlər boyu “dənizdən-dənizə ərazini əhatə edən “Böyük Ermənistan” yaratmaq” ideyasının müəllifləri bu xülyanı bir çox dövlətlərin ərazisində yaşayan minlərlə erməninin düşüncəsinə yeridə bilmiş və onu özlərinin milli siyasətinə çevirmişlər.
Ermənilərin Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq ideyasına ilkin təkan verən mühüm amilləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. XVI əsrin sonu-XVII əsrin başlanğıcında baş vermiş Səfəvi-Osmanlı müharibələrinin acı nəticəsi və bu fürsəti əldən verməyən ermənilərin hər iki imperiyanın hakim təbəqələrindən yararlanması;
2. Erməni qriqorian kilsəsinin, o cümlədən müxtəlif dövlətlərin tərkibində yaşayan ermənilərin maddi dəstəyi və gizli fəaliyyəti;
3. Dövrün beynəlxalq vəziyyəti və Səfəvi imperiyasının tənəzzülü.
Qeyd edək ki, XVII əsrin sonu-XVIII əsrin əvvəllərindən başlayaraq Çar Rusiyasının xarici siyasətində mühüm məsələlərdən biri də Qafqaz məsələsi idi. I Pyotr Xəzər dənizini Rusiyanın daxili dənizinə çevirməyi,Qərbi Avropa ilə apardığı bütün ipək ticarətini Volqa-Xəzər yolu istiqamətinə yönəlməklə, Osmanlı imperiyasının ipək ticarətindən qazandığı gəliri ələ keçirmək niyyətində idi. Bəhs olunan dövrdə Azərbaycan Şərq-Qərb ticarət tranzitində öz əhəmiyyətini hələ də saxlayırdı. Bu zaman Azərbaycan ərazisində erməni dövləti yaratmaq məqsədilə bir sıra layihələr işlənib hazırlanmağa başladı. Bu işdə daha aktiv fəaliyyət göstərən İsrail Orinin qısa zaman müddətində Avropa ölkələrinə səfərlərində başlıca məqsəd hazırlanan layihələrə bu regiondakı ölkələrin münasibətini öyrənmək idi. İlk öncə Romaya-Papa XII İnnokentinin və Vyanaya-Müqəddəs Roma imperiyasının imperatoru I Leopoldun yanına-Ermənistan dövlətinin yaradılması” ideyasını müzakirə etmək üçün yollandı. Oradan Almaniyaya qayıdan Ori 10 xristian məliyinin “imzaladığı” məktubu və 36 maddədən ibarət “Şərqi Ermənistan”ın tutulması haqda layihəni Pfals Kürfürstü İohan Vilhelmə təqdim etdi. Bu layihədə bütün İran və Cənubi Qafqaz haqqında, həmçinin hərbi əməliyyatlar barədə məlumatlar vardı. Kayzer Leopold Orini büyük məmnunluqla qarşılayıb, xristian məliklərinə ümidverici məktublar yazsa da Avropanın bu təşəbbüsə qoşula bilməyəcəyini, Rusiyanın razılığı olmadan Xəzər sahillərinə hərbi qüvvə çıxarılmasının mümkünsüzlüyünü bildirdi və bu təşəbbüs üçün I Pyotrdan razılıq alınmasını tövsiyə etdi. Lakin İsrail Orinin qəfil ölümü onun planlarının yarımçıq qalması ilə nəticələndi. 1714-cü il noyabrın 20-də vardapet Minasın ermənilərin Rusiya himayəsinə qəbul edilməsi, Xəzər dənizi sahilində monastır və Peterburqda erməni kilsəsinin tikilməsinə icazə verilməsi barədə müraciətdən məlum olur ki, o, bu işin həyata keçirilməsində yeni əlverişli vasitələr tapdığını bildirərək özünün 6 maddəlik layihəsini Rusiya hökumət dairələrinə təqdim etmişdi. Lakin layihədə qeyd olunan maddələrin həyata keçirilməsi üçün zəmin olmadığından bu layihə yarımçıq qaldı.
I Pyotr Qafqazda, xüsusilə Xəzər sahili bölgələrdə ermənilərin məskunlaşması üçün dəridən-qabıqdan çıxırdı. Bunun üçün 1724-cü il sentyabrın 24-də I Pyotr İstanbula göndərilən A. Rumyantsevə göstəriş vermişdi ki, erməniləri Xəzərsahili vilayətlərə köçməyə razı salsın və onlara vəd versin ki, əgər onlar bura gəlsələr yerli əhali buradan çıxarılacaq və onların torpaqları ermənilərə bağışlanacaqdır. Göründüyü kimi, Rusiya imperatoru təkcə Cənubi Qafqaz ərazisindəki xristianlardan deyil, həm də Osmanlı imperiyası ərazisində məskunlaşan ermənilərdən də istifadə etməyi planlaşdırdığı üçün A.Rumyantsevə belə gizli tapşırıq vermişdi.
I Pyotr hakimiyyətdə olduğu müddətdə erməni din xadimlərindən və onlar tərəfindən xristian məliklərin adından tərtib olunmuş yüzdən çox məktub almışdı. Həmin məktublara əsaslanan erməni müəllifi Q.A.Ezov isə ermənilərin başına gətirilən müsibətlərin səbəbini guya onların məhz Rusiyaya göstərdiyi sədaqətlə, xristian dininə mənsub olmaları ilə bağlamağa çalışmışdı.
XVIII əsrin 60-cı illərində erməni tarixçiləri tərəfindən “erməni milli azadlıq hərəkatının ideoloqu” adlandırılan İosif Emin adlı bir Həmədan ermənisi gürcü çarı II İraklinin hakimiyyəti altında “birləşmiş erməni-gürcü dövlətinin yaradılması” layihəsi ilə çıxış etdi. Bu layihədə Qarabağ xanlığı ərazisində yaşayan xristian məlikləri “erməni dövlətçiliyinin yeganə qalıqları” adlandırılır və onların II İraklinin hakimiyyəti altında birləşərək Avropa nümunəsində birləşmiş erməni-gürcü ordusu təşkil etməsi ideyası irəli sürülürdü.
Hələ I Türkiyə-Rusiya müharibəsinin gedişi zamanı Həştərxanda, toxuculuq manufakturası sahibliyini ələ keçirmiş erməni sahibkarı Moisey Sarafovun Rusiya dövlətinin köməyi ilə “Ermənistanın azad edilməsi” haqda ideyaları Həştərxan, Sankt-Peterburq, Moskva erməniləri arasında yayılmışdı. 1769-cu ildə isə Movses Sarafov digər erməni varlıları ilə birgə Rusiya Xarici İşlər Kollegiyasına “Ermənistanın azad edilməsini” və “Rusiyanın protektoratlığı altında erməni dövləti yaradılması”nı nəzərdə tutan layihəsini təqdim etdi. Ermənilər yaşayan ərazilərin silah gücünə azad edilməsi və ermənilərə dövlət yaradılmasını nəzərdə tutan bu layihədə M. Sarafov öz layihəsini məhz Rusiyanın Osmanlı dövləti ilə apardığı müharibəni uğurla başa çatdırmasından dərhal sonra təqdim etmişdi. Bəhs olunan dövrdə Cənubi Qafqazda fəal işğalçı siyasət yürütməyə hazırlaşan Rusiya imperiyasına məhz ermənilərin həm maddi, həm də vasitəçi rolunda köməyi lazım idi.
XVIII əsrin II yarısında Rusiyada “erməni dövlətini bərpa etmək planları”nın hazırlandığı bir dövrdə digər bir planı-yeni yaradılacaq “erməni dövlətinin” hansı formada olması barədə layihəni Hindistan ermənisi Şaamir Şaamiryan tərtib etmişdi. Bu plana görə “yaradılacaq müstəqil erməni dövlətinin başında milli çar durmalı; dövlətin Peterburqda daimi nümayəndəliyi olmalı; Rusiya ilə ömürlük müqavilə imzalanmalı; erməni dövlətinin təhlükəsizliyini təmin etmək üçün 6 minlik rus qarnizonu 20 il müddətinə bu dövlətdə qalmalı” idi.
Beləliklə, yuxarıda qeyd etdiyimiz şəraitdən yararlanan ermənilər Azərbaycan torpaqları hesabına dövlət yaratmaq məqsədini reallaşdırmaq üçün müəyyən planlar hazırlayaraq xaricdə özlərinə havadarlar axtarmağa başladılar. Məhz bu səbəbdən ermənilərin uydurma tarixi haqqında şişirdilmiş, subyektiv, həqiqəti əks etdirməyən məlumatlarının və fikirlərin Qərbi Avropa və Rusiya dövlətlərinin saraylarına yol tapması mümkün oldu. Lakin, beynəlxalq vəziyyət Avropa dövlətlərini Osmanlı imperiyası ilə birbaşa ziddiyyətə girməkdən çəkindirdiyi üçün, onlar erməni layihələrinin həyata keçirilməsini Şərq məsələsinin reallaşmasında daha maraqlı olan Rusiyaya yönəltməyə səy göstərdilər.
XVIII əsrin 80-ci illərindən başlayaraq II Yekaterina hökuməti Cənubi Qafqazda Azərbaycanın qərb torpaqları hesabına oyuncaq “erməni dövləti” yaratmaq ideyasını reallaşdırmağa çalışır və hətta gələcəkdə Osmanlı Türkiyəsinin torpaqları hesabına bu oyuncaq dövləti genişləndirməyi nəzərdə tuturdu. Göründüyü kimi, Cənubi Qafqazda oyuncaq “erməni dövləti” yaradılması ideyası Rusiya hökumətinin ermənilərə ürəyi yanmasından, qayğısından yox, rus xarici siyasətinin vəzifələrindən doğmuşdu. Xəzər dənizi sahillərini və Cənubi Qafqazı ələ keçirmək vəzifəsi, yalnız Azərbaycan xanlarını tabe etmək yox, həm də Gürcüstanla yanaşı, Qafqazda Rusiyanın dayağı ola biləcək yeni xristian dövləti yaratmaq ehtiyacı doğurmuşdu.
Taleh CƏFƏROV
ADPU-nun Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müəllimi, dissertant