
Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, açılışda Fərid Şəfiyev çıxış edərək forumun əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 avqust görüşü Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. Son 30 il ərzində əməkdaşlığımız əsasən enerji sektorunda olub, lakin hazırda digər sahələrdə də tərəfdaşlıq üçün geniş perspektivlər mövcuddur.
ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, – deyə H.Paşayev vurğulayıb.
Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin Baş direktoru Con Herbst bildirib ki, ilk Azərbaycan-ABŞ Forumunun keçirilməsi gələcəkdə genişlənən əməkdaşlığa, Bakı-Vaşinqton qarşılıqlı işbirliyinə töhfə verəcək. Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə müxtəlif formatlarda sıx əməkdaşlıq edəcəyik ki, belə forumlar gələcəkdə də keçirilsin. “Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb”, – deyə Con Herbst əlavə edib.
Daha sonra “AnewZ” media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən sessiyada “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ-Azərbaycan əlaqələrinə təsiri” mövzusu müzakirə olunub.
Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokhari Cənubi Qafqazda güclər balansının ciddi şəkildə dəyişdiyinə diqqət çəkib: “Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir”.
O qeyd edib ki, Azərbaycanla Naxçıvanı birləşdirən Ermənistandan keçməsi nəzərdə tutulan dəhliz də bu baxımdan strateji əhəmiyyət daşıyır. Müharibədən dərhal sonra iki dövlət arasında əldə edilən razılaşmalarda da bu məsələ xüsusi müzakirə olunub. “Tramp administrasiyası da bu marşruta xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb–Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir”, – deyə Kamran Bokhari vurğulayıb.
O, Azərbaycanın regionda söz sahibi olan bir aktora çevrildiyinə diqqət çəkərək deyib: “Şimal və Cənub qonşularının strateji çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın xüsusilə vasitəçilik sahəsində mühüm rol oynadığını görürük. Çünki ətraf ölkələr müharibələr və müxtəlif geosiyasi çaxnaşmalardan əziyyət çəkir. Azərbaycanın ətrafında proseslər sürətlə dəyişir və bu vəziyyət ölkə üçün yeni imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan bu imkanlardan uğurla istifadə edir”.
Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, ABŞ-ın Xəzər regionuna artan marağı müşahidə edilir. Vaşinqton sənədlərinin imzalanması ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi olub. “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanda iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər. Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov isə ABŞ-ın sabiq Prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib: “Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi. Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Bayden administrasiyası həmin dövrdə birtərəfli və qərəzli yanaşma nümayiş etdirdi. Bu yanaşma Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gərginləşməsinə səbəb oldu və erməni lobbisinin təsiri ABŞ-ın mövqeyini xeyli uğursuzlaşdırdı”.
F.Məmmədov Donald Trampın ABŞ-da prezident seçilməsinin Ermənistan hakimiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. O, Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını qeyd edərək deyib: “Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Ermənistan və Azərbaycan bu formatı yeganə müzakirə platforması kimi qəbul edir. Həmin görüşdən sonra sülh müqaviləsinin hazırlanması istiqamətində konkret addımlar atılıb”.
Sessiya müzakirələrlə davam edib.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









