LAP LAMBERT Academic Publishing beynəlxalq nəşriyyatı tərəfindən Azərbaycan Universitetinin professoru Asif Hacıyevin “Rus nəsrinin mifopoetikası. XX əsrin ikinci yarısı” adlı monoqrafiyası dərc edilib. Kitabda mifopoetikanın metodoloji və nəzərə məsələləri, arxetip mənaların və süjetlərin fəlsəfi-estetik məzmunu və bədii funksiyaları, müasir rus yazıçılarının yaradıcılıq axtarışlarında mifoloji və folklor elementlərinin rolu tədqiq edilib.
Kitab girişdən, üç bölmədən (Metodologiya məsələləri, Nəzəri məsələlər, Poetika məsələləri) və nəticədən ibarətdir. Monoqrafiyada rus nasirlərinin yaradıcılığında ənənəvi mənəvi-estetik dəyərlərin ifadəsinə, milli dünya mənzərəsinin özünəməxsusluğuna və ədəbi prosesin tipologiyasına xüsusi diqqət yetirilib.
Monoqrafiyada XX əsrin tanınmış rus ədibləri, V.Şukşin, V.Belov, V.Astafyev, V.Rasputin, Y.Trifonov, F.Abramov, V.Tendryakov, V.Makanin, A.Kim və V.Orlovun ayrı-ayrı əsərlərinin mifopoetik analizi aparılıb.
Müəllif qeyd edir: “Mifoloji təfəkkür və folklor ənənələri XX əsrin ikinci yarısından müasir mədəniyyətin bütün sferalarında, o cümlədən də ədəbiyyatda mühüm inkişaf amillərindən biri oldu. Bu dövrdə mifologizm və folklor statik materialdan, xalq etnoqrafiyası fonundan konseptual yaradıcılıq amilinə, gerçəkliyi dərketmə üsuluna çevrildi. Bundan başqa, bir çox rus yazıçılarının yaradıcılığında mif-folklor axını ümumi tipoloji hal, xüsusi janr-üslub cərəyanı kimi seçildi”.
Kitabın həmçinin, ayrıca bölməsində başqa xalqların, ilk növbədə türkdilli xalqların nümayəndələrinin rus dilində yazdıqları nəsr əsərləri rus ədəbi prosesinin ayrılmaz hissəsi kimi nəzərdən keçirilib.
Monoqrafiyada qeyd olunur: “Mifologiya və folklor bu dövrdəki əsərlərin bütün strukturuna – müəllifin dünyagörüşünə, əsərin daxili aləminə, ıanr strukturuna nüfuz edib. Bu xüsusiyyətlər ilk növbədə gerçəkliyin müəllif yozumu üçün xarakterikdir. Əgər əvvəlki onilliklərdə ədəbiyyatda sosialist realiminə xas olan avtoritar-doqmatik təfəkkür üstünlük təşkil edirdisə, 50-60-cı illərdə artıq müəllif şüuru əsarətdən qurtulur və bədii üslüb demokratikləşirdi”.
Kitab filoloqlar və rus ədəbiyyatı ilə maraqlanan oxucular üçün nəzərdə tutulub. Qeyd edək ki, elmi və tədris ədəbiyyatının Avropa dillərində nəşri üzrə ixtisaslaşmış LAP LAMBERT nəşriyyatı Almaniyada yerləşir. Müəllifin rus dilində yazdığı bu kitabın dərc olunması nəşriyyatın təşəbbüsü və vəsaiti hesabına həyata keçirilib. Kitab 40 ölkənin ən yaxşı beynəlxalq kitab ticarətçilərinə təqdim olunub.