Musa Qasımlı: Azərbaycanlılara qarşı törədilmiş soyqırımın zirvə nöqtəsi 1918-ci il mart ayında Bakıda oldu. Daha sonra digər bölgələrdə davam etdirildi.
Bir neçə gün ərzində təkcə dinc əhali bolşevik, erməni-daşnak qüvvələri tərəfindən yalnız türk-müsəlman olduqları üçün amansızlıqla qətlə yetirildi. Bizim arxiv sənədlərində soyqırıma məruz qalan əhalinin sayının 8,10,12, bəzən də 15 min nəfər olduğu göstərilsə də, xarici mənbələrdə təkcə Bakıda 20-25 min nəfərin öldürüldüyü yazılır. Məsələn, dövrün ingilis arxiv sənədlərində birbaşa yazılır ki, hadisələr zamanı Bakı şəhərinin azərbaycanlı əhalisinin dörddə bir hissəsi öldürüldü. O dövrdə Bakı şəhərində yaşayan təqribən 280-300 min nəfər əhalinin 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri isə 20-25 min nəfər edir. Cumhuriyyətin elan edilməsindən bir neçə ay sonra, iyul ayında Azərbaycan hökuməti Fövqəladə Təhqiqat Komissiyası yaratdı. Komissiyaya daxil olan şəxslər əsas etibarı ilə qeyri-azərbaycanlılar idi. Təhqiqat Komissiyasının üzvləri soyqırıma məruz qalan şəxslərlə görüşüb, soyqırımı qurbanlarının ailələrindən ifadələr alıb. Bu ifadələr sonradan bir neçə cilddə toplanıb. Təhqiqat Komissiyasının işinə gəldikdə isə, o bir daha göstərdi ki, Bakıda törədilən soyqırımın başlıca məqsədi – Azərbaycanın müstəqilliyinin elan edilməsinin qarşısını almaq, Abşeron yarımadasını yerli əhalidən təmizləmək, Bakı neftinə və Avrasiyaya gedən yola sahib olmaqdır.
Firdovsiyyə Əhmədova: “…1918-ci ilin Azərbaycanın qəzalarında törədilən qırğınların əsas səbəbi bunlar idi: milli hərəkatın tamamilə zərərsizləşdirilməsi, onun sosial bazadan məhrum edilməsi, yəni yerli əhalinin faktiki olaraq etnik cəhətdən təmizlənməsi. Qırğınların geniş miqyas alması üçün bolşeviklər özlərinin hərbi qüvvələrinin üstünlüyünü təmin etmək məqsədilə daşnaklarla, erməni milli şurası ilə ittifaqa getməli idi. Ermənilər öz niyyətlərini gerçəkləşdimək üçün müsəlman diktaturasındansa, bolşevik diktaturasına üstünlük verdilər. Bolşevik-daşnak iş birliyi kütləvi şəkildə dinc müsəlman əhalisinin qırılması ilə nəticələndi…”
1905.az portalında getmiş tarix üzrə elmlər doktoru Musa Qasımlının və tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın müsahibələrindən