Nazim Mustafa: Ermənilər bütün dövrlərdə tarixi şəraitin verdiyi fürsətlərdən məharətlə istifadə ediblər. 1828-1829-cu illərdə Çar Rusiyası Cənubi Qafqaza 120 mindən çox erməni köçürmüşdü.
Ondan sonrakı dövrdə indiki Ermənistan ərazisində (yəni İrəvan xanlığı, sonra isə İrəvan quberniyasında) azərbaycanlıların soyqırım və deportasiyası 4 mərhələdən ibarət olub. Birincisi, 1905-1906-cı illər idi. Bunun da səbəbləri hansılar idi? 1890-cı illərdə Osmanlı hökuməti öz imperiyası daxilində erməni üsyanlarını yatızdırdı. 1890-cı illərdən sonra 400 min erməni Cənubi Qafqaza axışdı, əksəriyyəti də silahlı dəstələrin üzvləri idi. Qars vilayətindən Cənubi Qafqaza ən yaxın olan indiki Ermənistan ərazisinə gəldilər. Erməniləri orada məskunlaşdırmaq azərbaycanlı kəndləri silah gücünə böşaldıldı, qırğınlar törədildi. Həmin dövrdə 200 azərbaycanlı kəndi boşaldıldı və ermənilər orada məskunlaşdı. 1905-ci ildə artıq Rusiya imperiyasında inqilabi hərəkat baş qaldırmışdı. Ölkəni iğtişaş və tətillər bürüdüyü üçün çarizmin ucqarlara təsiri zəifləmişdi. Bu zaman artıq ermənilərin siyasi təşkilatları formalaşmışdı. Onların silahlı dəstələri isə bu fürsətdən istifadə edərək 1905-ci ildə indiki Ermənistan ərazisində azərbaycanlılara qarşı kütləvi qırğınları həyata keçirdilər.
Əsəd Qurbanlı: Əhalinin bir qismi köçürmənin könüllü olduğuna istinad edərək köçməkdən imtina edirdi, digər bir qrup ictimai təsərrüfatlarda çalışmaqdan boyun qaçırırdı, şəxsi əmlakları dağıdırdılar, evləri sökürdülər ki, erməniyə qismət olmasın. Bundan başqa ləmbəlilərin açıq müqaviməti var idi. Köçürmə idarəsinin rəisi Gözəlovun da məlumatı var ki, əhali Salyan rayonuna köçmək istəmirdi. Əhalinin başqa bir hissəsi isə dağətəyi rayonlarda məskunlaşmaq istəyirdi, bəzi insanlar köçürmə qanunlarına baxmayaraq, özbaşına köçürdü. 3734 təsərrüfat, yəni 20 mindən artıq əhali sıxışdırma və təzyiq nəticəsində özbaşına Azərbaycana köçüb gəlib.
“1948-1953. Deportasiya” mövzusunda söhbətdən
1905.az