Bu gün Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov BMT-nin İnsan Hüquqları Şurasının məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi Çaloka Beyanini qəbul edib.
APA-nın verdiyi məlumata görə, görüşdə BMT-nin Məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisinin köməkçisi Mariya-Ev Fredrix, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Daq Siqurdson, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəsi Kamran Bağırov iştirak ediblər.
Ə. Həsənov Çaloka Beyaninin regiona səfərinin nəticə verəcəyinə inandığını bildirib: “Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Bu səfər nəticəsində inkişaf edən Azərbaycan, xalqımız, insanlarımız barədə təəssüratlarınız formalaşacaq. Şahidi olacaqsınız ki, Azərbaycan insanları Azərbaycanın ən böyük sərvətidir. Dünya hesab edir ki, Azərbaycanın ən böyük neft-qazıdır, dünya səhv edir. Azərbaycanın çox səmimi, qayğıkeş insanları var”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan Ə. Həsənov qeyd edilib ki, Azərbaycanla Ermənistan arasında münaqişənin 200 illik tarixi var: “Hələ 1928-ci ildə İranla Rusiya arasında müharibə yekunlaşandan sonra ermənilərin İrandan Dağlıq Qarabağ və digər bölgələrinə köçürülməsinə başlanıb. İndiki Ermənistan da Azərbaycan ərazisi olub. Zəngəzur və Göyçəni Rusiya və SSRİ Ermənistana birləşdirib. Daha sonra isə Dağlıq Qarabağı Ermənistana birləşdirmək yönündə səylər başlayıb. Ermənilər dünyada güclü diasporu olub, bundan da istifadə ediblər. Sovet rəhbərliyində də çoxlu sayda erməni buna səy göstərib. SSRİ-nin dağılma ərəfəsində, 1980-ci illərin sonunda, 1990-cı illərin əvvəlində SSRİ rəhbərliyi sovet ölkələrində belə münaqişələri alovlandırdı. Əslində söhbət Rusiyadan gedir, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı münaqişələr yaradıldı. Bu gün də bir sıra ölkələrdə analoji proses gedir. Bütün bunların nəticəsində qaçqın və məcburi köçkün problemi yarandı”.
Ə. Həsənov bildirib ki, qaçqın və məcburi köçkün statusu ilə bağlı qeyri-müəyyənlik var: “Niyə məcburi köçkünlər haqqında beynəlxalq Konvensiya yoxdur? Bu gün məcburi köçkünlərin sayı qaçqınlardan çoxdur. Məcburi köçkünlər təbii fəlakətlər nəticəsində insanların ölkə daxilində yerini dəyişməsi, qonşu ölkənin ərazinin bir hissəsini işğal etməsi nəticəsində həmin insanların ölkənin digər ərazisinə köçməsi nəticəsində yaranır. Bu məsələlər müəyyənləşməlidir. Qaçqın məsələsində də bir sıra məqamlar aydınlaşmalıdır. Ermənistandan qovulan azərbaycanlıların adı qaçqın qoyulub. Ancaq Ermənistandan qovulanların hamısı etnik azərbaycanlılar deyil, rus, polyak, hətta ermənilər də var. Azərbaycanda Ermənistandan qovulanların bir hissəsi Azərbaycan vətəndaşlığını qəbul edir, bəziləri qəbul etmir. Onların hamısına standart yanaşmaq olmaz”.
Ə. Həsənov öz torpağında qovulan azərbaycanlıların məcburi köçkün həyatı yaşamasının daha ağır olduğunu vurğulayıb: “BMT QAK məcburi köçkünlərlə deyil, yalnız qaçqınlarla məşğul idilər. Ali komissarların hamısı Azərbaycana səfər edib, bu problemlər onların diqqətinə çatdırılıb. Məcburi köçkün məsələsi ilə hökumətin işi o vaxt olardı ki, təbii fəlakət nəticəsində bu insanlar məcburi köçkün həyatı yaşayardılar. Ancaq bu insanların işğal nəticəsində məcburi köçkün həyatı yaşamasında hökumətin günahı yoxdur. Bizim bu məsələni qaldırmağımızdan sonra BMT QAK məcburi köçkün problemləri ilə məşğul olmağa başlayıb. Ancaq Cenevrədə BMT QAK-ın heç bir şöbəsinin üzərində məcburi köçkün sözü yazılmayıb. Ümumiyyətlə, qaçqınlarla bağlı beynəlxalq qanunvericilik köhnəlib, yeni məqamlar ortaya çıxıb. Ona görə də qaçqınlarla bağlı sənədlərə yenidən baxılmalıdır. Məcburi köçkünlərlə bağlı isə fundamental müzakirə olmalı, yeni fundamental sənədlər, konvensiyalar hazırlanmalıdır. Dünyada hər il konfliktlərin və məcburi köçkünlərin sayı artır”.