BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının mayın 30-da Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Nüfuzlu BMT strukturuna Azərbaycanın üzvlüyü 2025-2029-cu illəri əhatə edəcək.
Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 2026-cı il mayın 17-22-si BMT-nin qlobal əhəmiyyətli Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcək.