Fevralın 2-də Ağ Şəhərdə yerləşən Bazar Meydanında Azərbaycan Gəncləri Günü münasibətilə “GenZ FEST” festivalı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən keçirilən festivalda 5 mindən çox tələbə iştirak edib.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə qoyulan 2 Fevral – Gənclər Gününə həsr edilən tədbirin əsas məqsədi ali və orta ixtisas təhsil müəssisələrinin tələbələrini özəl gündə bir araya toplayaraq Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğını bir daha onların nəzərinə çatdırmaq, eləcə də ali və orta ixtisas müəssisələrində imtahan sessiyalarından sonra stressdən kənar mühit formalaşdırmaq və tələbələrlə dövlət arasında bağları daha da möhkəmləndirməkdir.
Tədbirdə çıxış edən ATGTİ sədri Rəşad Zeynalov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli 1997-ci ildə ölkəmizdə Gənclər Günü təsis ediləndə digər MDB və Şərqi Avropa ölkələrində bu günün qeyd edilmədiyini diqqətə çatdırıblar. Ümummilli Lider Heydər Əliyevin gəncləri hər zaman diqqət mərkəzində saxladığını deyən natiqlər həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, gənclər üçün çox böyük imkanlar yaradıldığını qeyd ediblər.
Çıxışçılar Qalib Azərbaycan gənclərini öz üzərilərində işləməklə ölkəmizin inkişafına töhfə verməyə, gənclərə dair layihələrdə aktiv olmağa, dövlət proqramlarından fəal istifadə etməyə səsləyiblər.
Gənclərin enerjisi, yaradıcı ideyaları və daha cəsarətli qərarları ilə bundan sonra daha böyük uğurlara imza atılacağı vurğulanıb.
Tədbir ərzində müxtəlif musiqi və rəqs kompozisiyaları nümayiş etdirilib, viktorinalar, yarışlar təşkil olunub.