İqtisadçı ekspertlərə 2017-ci ilin iqtisadi yekunları ilə bağlı sual ünvanladıq:
İlham Şaban 2017-ci ili son 3 il ərzində ən uğurlu hesab edir: “Cari ili iqtisadi baxımdan neftin qiymətlərinin enişindən sonrakı 3 ildə Azərbaycan üçün ən uğurlu il hesab etmək olar. Əgər ötən ili Azərbaycan korrektə edilmiş ÜDM göstəricilərinə görə, 3,1% azalma ilə başa vurmuşdusa, cari ilin 11 ayının nəticələrində azalma tempi cəmi 0,2% qeydə alınıb. Hesabat dövründə qeyri-neft sektorunda ÜDM artımı 2,4% olub. Cari ildə hökumət iqtisadiyyatın şaxələndirilməsi yönümündə siyasətini davam etdirsə də, neft iqtisadiyyatın lokomotivi rolunda qalmaqda davam edir. Həm makroiqtisadi göstəricilərin yaxşılaşdırılması, həm də ölkənin valyuta ehtiyatlarının artırılması yönümündə neftdən gələn gəlirlərin xüsusi rolu olub. Cari ildə neft hasilatımız ötən illə müqayisədə təqribən 2,4 mln tona qədər azalsa da, ancaq Neft Fondunun əldə edəcəyi mənfəət ötən ildəkindən 1 milyard dollardan çox olub. Bu da neftin dünya bazarlarında qiymətinin təqribən 30% artımı və Azərbaycanın ən böyük neft layihəsi olan “Azəri-Çıraq-Günəşli”yə kapital xərclərinin azaldılması ilə bağlı olub. Hesab edirəm ki, əgər 2015-2016-cı illərdə Azərbaycanın maliyyə-bank sektorundakı təlatümlər baş verməsəydi və buna görə ölkə külli miqdarda ziyana düşməsəydi, cari il ölkə iqtisadiyyatı üçün daha uğurlu keçə bilərdi”.
Elçin Cəfərov 2017-ci ili iqtisadiyyatımızın postneft dövrünə keçməsi baxımından xüsusilə uğurlu sayır: “2017-ci ilin iqtisadi yekunlarını ifadə edən rəqəmlər hələ elan edilməyib. Lakin cari ilin 9 aylıq yekunlarından çıxış edərək 2016-cı illə müqayisədə iqtisadi artım templərinin mövcudluğundan söhbət açmaq mümükündür. ÜDM-nin təqribən 1-1,5% və daha böyük artımı elan edilə bilər. Digər tərəfdən manatın alıcılıq qabiliyyətinin ilin əvvəlinə olan səviyyədə qalması da iqtisadi vəziyyətin 2017-ci ildə artıma meyilli olmasından xəbər verir. İqtisadi inkişafın davamlılığını təmin etmək üçün müxtəlif sahələrə dair qəbul edilmiş “strateji yol xəritələrinin” tələblərinə əməl etmək perspektivləri də yuxarıda deyilənləri təsdiq edir. Əslində faktlara mütəxəsiss rakursundan baxsaq, Azərbaycan iqtisadiyyatı 2016-cı ildən etibarən yeni bir keçid dövrünə qədəm qoyub. Bu, iqtisadiyyatımızın postneft dövrünə keçidi kimi xarakterizə edilə bilər. Bu mənada 2017-ci ili milli iqtisadiyyatımız üçün uğurlu hesab etmək olar”.
Seymur Yunusov 2017-ci ili sabitlik ili kimi dəyərləndirir: “2017-ci il neftin qiymətinin düşməsi və devalvasiyalardan sonra yaranan çətinliklərin sabitləşdiyi bir il kimi yadda qaldı. Banklarda problemli kreditlərin artması, əmanətlərin geri götürülməsi səngidi, iqtisadi artımda geriləmə yavaşladı, inflyasiya aşağı düşdü”.
İlqar Vəlizadə cari ilin əsas ixrac sahəsində dəyişiklik ili olduğunu bildirir: “Azərbaycan 2017-ci ilə qədəm qoyanda iqtisadiyyatında kifayət qədər müəmmalı proseslər baş verirdi. Xüsusilə də bank sektorunda. İstehlak bazarı və onunla bağlı sahələrdə ziddiyyətli proseslər gedirdi. Bunlar 2014-2015-ci illərdə dünya bazarlarında neftin qiymətinn ucuzlaşması ilə Azərbaycana dəyən zərərlə əlaqələndirilirdi. Lakin 2016-cı ilin sonlarında bir sıra sahələrdə dəyişikliklər aparılması ilə əlaqədar yol xəritəsi tərtib olunmuşdu. Bu yol xəritəsi üzərində iş isə məhz 2017-ci ildə başladı. Turizm, bank-maliyyə və kənd təsərrüfatı sektorunda ciddi iş aparıldı. Elə 2017-ci ildə də ilk nəticələr əldə olundu. Halbuki bu yol xəritələri yaxın müddət üçün deyil, orta və uzun müddətə hesablanmışdı. Bununla belə 2017-ci ildə ilk müsbət göstəricilər əldə olundu. Turizm sahəsində böyük inkişaf göz qabağındadır. Yeni sahələr yardılıb, Azərbaycana gələn turistlərin sayı artıb, viza məsələsi xeyli sadələşdirilib. Asan Viza sistemi tətbiq olunub. Yalnız Rusiyadan gələn turistlərin sayı ötən illərlə müqayisədə 7 dəfə artıb. Bu, əlbəttə ki, qeyri-neft sektorunun inkişafına yönəlik addım idi. Artıq bu addımın ilk nəticəsini hiss etdik və düşünürəm ki, gələn illərdə bu proses xeyli təkmilləşəcək, ölkəmizə gələn turistlərin coğrafiyası da xeyli genişlənəcək. Kənd təsərrüfatında irəliləyiş oldu, xüsusilə pambıqçılıqda xeyli artım müşahidə olundu. Artıq pambıqçılıq strateji istiqamətə çevrilib. Hərçənd bəzi kənd təsərrüfatı məhsullarının istehsalına yardım göstərilsə də, daxili bazarın qorunması üçün gömrük tarifləri tətbiq olunsa da, ət və yağ məhsulları ilə bağlı problemlər meydana çıxıb və bu da özünü qiymətlərdə göstərib. Hər halda bunlar kənd təsərrüfatının liberallaşdırılması ilə bağlıdır. Müəyyən tənzimləyici addımlar atılsa da, bazarda tələb-təklif mexanizmi daha fəal olub. Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı proqramlar var. Bunun sayəsində biz yerli fermer məhsullarının istehsalının çoxaldığının da şahidi olmuşuq. Amma hər halda bütün məhsulların eyni səviyyədə istehsal olunması, həm daxili tələbatı ödəməsi, həm də gələcəkdə xaricə ixrac olunması üçün üçün gələcəkdə tənzimləyici addımların atılması zəruridir. İlin sonuna doğru neft qiymətinin 65 dollara yaxınlaşması da göstərir ki, əsas ixrac sahəsində böyük dəyişikliklər var”.
Bəs 2018-ci ildən nə gözləyirsiniz sualına iqtisadçı ekspertlərin cavabları belə oldu:
İlham Şaban növbəti il üçün də pozitiv proqnoz verir: “ İqtisadiyyatımız gələn il üçün 1,5% artıma meyllidir”
Elçin Cəfərov da növbəti il üçün iqtisadi artımı proqnozlaşdırır: “2018-ci ilin proqnozu cari illə müqayisədə verilərsə, artım olacağı iddia edilə bilər və bu iddianın doğruluğunu ÜDM-in 2017-ci ilin ikinci yarısında qeyd olunan kiçik artım dinamikası ilə əsaslandırmaq mümkündür. Digər tərəfdən, cari ilin ikinci yarısından başlayaraq neftin dünya bazarında qiymətinin bahalaşması qeyd edilən artım tempinə həlledici təsir göstərib. 2017-ci ilin dövlət büdcəsində neftin bir bareli üçün nəzərdə tutulan (40 ABŞ dolları) qiymətdən kifayət qədər baha satılması faktı, bu artım tempinin 2018-ci ildə də davam edəcəyini deməyə əsas verir. Növbəti ildən ölkəmizin qaz ixracı və satışı üzrə layihələri reallaşdırmaq potensialını da nəzərə alsaq, növbəti ildə iqtisadi artımın olacağı proqnozunu təsdiqləmək olar. Qeyd etmək lazımdır ki, bir neçə beynəlxalq reytinq agentlikləri, o cümlədən, Dünya Bankı da 2018-ci il Azərbaycan iqtisadiyyatı üçün müsbət proqnozlar verib. Təcrübə göstərir ki, bu proqnozlar kiçik nisbi xətalar nəzərə alınmadıqda əsasən özünü doğruldur. Azərbaycan hökümətinin milli iqtisadiyyatı sağlamlaşdırmaq üçün atdığı addımları da bura əlavə etsək optmist tabloya yeni rənglər qatmış olarıq”.
Seymur Yunusov 2018-ci ildə iqtisadi vəziyyətin daha da yaxşılaşacağını güman edir: “2018-ci ildə də müsbət trendin davam edəcəyini gözləyirəm. Verilmiş bir sıra mühüm qərarların gələn ildən icrasına başlanacaq, çoxlu sayda yeni müəssisələr, aqroparklar işə düşəcəkdir. Bütün bu aktivliyin iqtisadiyyata müsbət əks olunacağını gözləyirəm. İqtisadi artım bərpa olunacaq, qeyri-neft ixracımız, ölkəyə valyutanın daxil olması artacaqdır. Mərkəzi Bank dollar/manat məzənnəsinin kəskin dəyişməsinə imkan verməyəcək. Əks halda manatın güclənməsi ixracı azalda, ucuzlaşması isə yenidən ajiotajın yaranmasına, biznesin qeyri-müəyyənliyinin artmasına səbəb ola bilər. Fors-major hallar istisna olmaqla, 2018-ci ildə iqtisadi vəziyyətin daha da yaxşılaşacağını nəzərdə tuturam. Lakin geo-siyasi risklər, Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarında baş verə biləcək kəskin dəyişikliklər əsas risklər olaraq qalır”.
İlqar Vəlizadə neft gəlirlərini yeni yaranan sahələrə və islahatlara yönəltməyin vacibliyini vurğulayır: “2018-ci ildə neftdən əldə olunan gəlirləri yeni yaranan sahələrə və islahatlara yönəltmək lazımdır. Hökumət bir sıra yeni sahələr müəyyənləşdirib və onların inkişafının yol xəritələrini də hazırlayıb. Bu sahələrin infrastrukturu təkmilləşdirilməlidir ki, sabah onlardan götürülən real gəlir artsın”.
Hazırladı: Gündüz Nəsibov, 1905.az