Müasir dünyada Azərbaycan və İran kimi bir-birinə coğrafi cəhətdən yaxın dövlətlərin strateji əməkdaşlığı regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında, qarşılıqlı faydalı iqtisadi və mədəni əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasında mühüm rol oynayır. Azərbaycan və İran mühüm geopolitik mövqeyə, strateji əhəmiyyətli faydalı qazıntıların böyük ehtiyatlarına malik olan dövlətlərdir. Ortaq tarix, mədəniyyət və din iki dövlət arasında münasibətlərin yüksək səviyyədə saxlanmasını şərtləndirən amillərdir. İran öz ərazisinə (1648 min kv.km) görə Yaxın və Orta Şərqin ən böyük dövlətidir, açıq dənizə çıxışı var. Bu amil İranın dünyanın bir çox ölkələrilə iqtisadi əlaqələrini asanlaşdırır. 8 milyard ton tədqiq olunmuş neft ehtiyatları baxımından İran dünyada öncül yerlərdən birinə sahibdir. Beləliklə, etiraf etmək lazımdır ki, ən müxtəlif sahələrdə uzunmüddətli Azərbaycan-İran münasibətlərinin inkişaf etdirilməsi üçün çoxsaylı zəminlər mövcuddur. Lakin əməkdaşlığın real perspektivlərindən danışmazdan əvvəl, ötən illərin təcrübəsinə və iki ölkə arasında münasibətlərin tarixinə nəzər yetirmək faydalı olardı.
İran Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. Diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılıb. Diplomatik münasibətlər yaradılmamışdan əvvəl də tərəflər bir – birlərinə yüksək səviyyədə maraq göstərib. 1990-cı ildə İran İslam Respublikasının prezidenti Əli Əkbər Haşimi Rəfsəncani Azərbaycana səfər edib. 1992-1993-cü illər müəyyən səbəblər üzündən tərəflər arasında gərginlik mərhələsi hesab olunur.
1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsindən sonra İranla qonşuluq və əməkdaşlıq siyasəti yeridilib və kifayət qədər gərgin münasibətlər normallaşmağa və inkişaf etməyə başlayıb. İran İslam Respublikasının Prezidenti Haşimi Rəfsəncani 1993-cü ilin oktyabrında, 2004-cü ilin avqustunda İran Prezidenti Məhəmməd Xatəminin, 2005-ci ilin dekabrında, 2006-cı ilin iyununda, 2007-ci il avqustunda, 2010-cu ilin noyabrında İran Prezidenti Mahmud Əhmədinecatın Azərbaycan Respublikasına səfəri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1994-cü ilin iyununda, 1996-cı lilin mayında, 1997-ci ilin dekabrında, 2002-ci ilin mayında, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci ilin yanvarında, 2007-ci il oktyabrında, 2009-cu ilin martında İran İslam Respublikasına səfərləri iki ölkə arasında qarşılıqlı münasibətlərdə mühüm mərhələ hesab olunur.
Prezident İlham Əliyev beynəlxalq miqyasda nüvə enerjisi məsələsinin kəskinləşdiyi dövrdə dəfələrlə İrana qarşı sanksiya tətbiq edilməsinin əleyhinə çıxdığını və Azərbaycan ərazisindən heç bir dövlətə qarşı istifadəyə yol verilməyəcəyini bildirib.
Azərbaycan və İran zəngin karbohidrogen ehtiyatlarına malik ümumi su hövzəsində – Xəzər dənizində əməkdaşlıq edirlər. Əlbəttə, hər iki dövlətin Xəzərdə öz maraqları və layihələri mövcuddur. Cari ilin sentyabrında Azərbaycan və İranın, digər Xəzəryanı dövlətlərin iştirakı ilə Xəzər dənizin hidrometeorologiyası, su bioloji resurslarının qorunması və onlardan rasional istifadə, eləcə də dənizdə fövqəladə halların aradan qaldırılması ilə bağlı mühüm sənədlər imzalanıb.
Azərbaycan və İranın siyasi, iqtisadi, regional əməkdaşlıq, neft-qaz, elektrik enerjisi, qaz mübadiləsi, nəqliyyat sahəsində əməkdaşlığının böyük imkanları və perspektivləri mövcuddur. Şimal-Cənub nəqliyyat dəhlizi nəinki İran və Azərbaycan, bütün bölgə üçün önəmlidir.
Münasibətlərdə zaman-zaman müşahidə edilən problemlərə rəğmən, Azərbaycan və İran həm ikitərəfli iqtisadi və ticarət manasibətləri, həm də regional əməkdaşlıq baxımından tərəfdaş dövlətlərdir. Qeyd edilən sferalarda dövlətlərimizin qarşılıqlı faydalı əməkdaşlığı şübhə doğurmur.
Son illərdə Azərbaycan-İran münasibətləri inkişafın daha aktiv fazasına daxil olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasına 2014-cü ilin aprelindəki rəsmi səfəri məhsuldarlığı ilə yadda qalıb. Səfər dövründə İranla Azərbaycan arasında «Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu», «Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu», «Ordubad» və «Marazad» Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş» imzalanıb.
Noyabrın 12-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasına ilk rəsmi səfərə gəlib. Prezidentlərin görüşündə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuat üçün bəyanatında qeyd etdiyi kimi: “Bizim siyasi, iqtisadi əlaqələrimiz, konkret layihələrin icrası, eyni zamanda, bölgədə sabitliyin möhkəmlənməsinə xidmət göstərəcək və göstərir”.
Daha sonra prezidentlərin iştirakı ilə baş tutan ikitərəfli sənədlərin imzalanma mərasimi olub. “Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə İranın Enerji Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə İranın İqtisadi İşlər və Maliyyə Nazirliyi arasında iqtisadi və texniki əməkdaşlıq üzrə Anlaşma Memorandumu”, “Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında poçt sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan və İran hökumətləri arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında sərhəd çaylarının nizamlanması və sahillərin mühafizəsi tədbirləri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Noyabrın 13-də prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-İran biznes forumunda iki ölkə arasında qarşılıqlı sərmayə qoyulması imkanları, infrastruktur layihələrinin icrası mexanizmi, sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub, iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsinə qaldırılmasının vacibliyi vurğulanıb.
İran Prezidentinin Azərbaycana rəsmi səfəri, prezidentlərin təkbətək, eləcə də geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüşləri, imzalanan birgə sənədlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub və yüksələn xətt üzrə inkişaf edir.
Gündüz Nəsibov