“2017-ci il Azərbaycan kitabının tarixində necə qaldı və 2018-ci ildən gözləntiləriniz”, bu sualla yazıçılara, kitab nəşri və satışı ilə məşğul olan şəxslərə müraciət etdik:
Şair-yazıçı Rafiq Yusifoğlunun fikrincə 2017-ci ildə əksəriyyəti müəlliflərin öz hesabına yetərincə maraqlı kitablar nəşr olunub: “2017-ci ilin yadda qalan nəşrləri kimi “Ədəbi proses -2016″, “Abbas Səhhət. Biblioqrafiya”, İsa Həbibbəyli. “Ədəbi şəxsiyyət və zaman”, Qabilin əsərlərinin 7 cildliyi, Qəzənfər Paşayev. “Hüseyn Kürdoğlunun poetik dünyası”, Xasay Cahangirovun seçilmiş əsərlərinin birinci cildini qeyd edib. “Düşünürəm ki, ən yaxşı kitabları Dövlət nəşriyyatları çap etməli, müəllifə qonorar ödəməlidir. Yaxşı kitab nəşr etməyin hələlik ən yaxşı yolu budur”.
Yazıçı Natiq Məmmədli 2017-ci ilin Azərbaycan kitabının tarixində əvvələki illərin davamı kimi qaldığına diqqət çəkib: “Düzdür, “Qanun” nəşriyyatı müxtəlif ictimai yerlərdə yarmarkalarını davam etdirir, Bakıda növbəti beynəlxalq kitab sərgisi də keçirildi, “Azərkitab” bu il fəaliyyətini bərpa etdi, amma bütün bunlar azdır və kütləvi hadisə kimi qiymətləndirilə bilməz. Bizim cəmiyytdə kitaba maraq kütləvi şəkildə azalmaqda, daha doğrusu yoxa çıxmaqdadır. Uzun illərdir davam edən deqradasiyanı bu il də gördük, gələn il də görəcəyik. Kağıza ƏDV-nin tətbiq edilməsi onsuz da baha olan nəşriyyat xərclərini daha da artırmış, bu da kitabın qiymətinə öz təsirini göstərmişdir. Kitaba maraq yaratmaq üçün orta məktəblərdən başlamaq lazımdır. Yeni nəslə oxuma zövqü aşılamaq üçün sistemli iş aparılmalıdır, amma hələ ki bizə yalnız danışmaq qalır”.
Bukinist mağazasının əməkdaşı Elson Hacıyev 2017-ci ili Azərbaycan kitabı üçün uğursuz saymır: “Əlbəttə ümumi çətinliklər hər bir sahədə olur və olacaq amma bunlara baxmayaraq kitablar həmişə bağçadan başlayaraq ali məktəb və ya iş həyatı boyu insanın kamilləşməsinə xidmət edir və buna görə də 2017-ci ilə də kitablar üçün uğursuz il demərəm, 2018-ci ilə də nikbin baxıram. Oxucular əsasən dünya ədəbiyyatına, psixologiya və tarixə aid kitablara üstünlük verir. Əsas odur ki həyatı başa düşək. Müxtəlif kitablardan bəhrələnmək lazımdır və əlbəttə, kitabların təbliğatı həmişə gündəlik vərdişə çevrilməlidir. Oxunan qəzetlər də, radio-televiziya da bu işə çox böyük təkan verməlidir”.
“Akademkitab” mağazasının müdiri Əliağa Cəfərov öz fəaliyyətlərindən danışaraq təkliflərini oxucularla bölüşüb: “1956-cı ildən Azərbaycan əhalisinə xidmət göstərən “Akademkitab” ölkə oxucuları arasında özünəməxsus imic qazanmışdır. Respublikada fəaliyyət göstərən demək olar ki, bütün nəşriyyatlarla əlaqələr qurmuşuq və nəşr edilən ən son kitabları oxucu-alıcılara çatdırırıq. Təkcə bu il “Akademkitab” da 17 kitab təqdimatı və imza günü keçirilmişdir. 2017-ci ildə oxuculara təqdim edilən kitabların həm sayında, həm keyfiyyətində böyük irəliləyişlər olmuşdur. Azərbaycan kitabına töhfələr verən yeni kitab nəşriyyatları yaradıldı. 2018-ci ildə arzu edərdik ki, nəşr edilən kitabların çeşidi, keyfiyyəti daha da artırılsın. Bizim əsas istiqamətlərimizdən biri ali məktəblərin dərsliklərlə təmin edilməsidir. Buna görə istərdik ki, Azərbaycan dilində yeni-yeni dərsliklər yazılsın, nəşr edilsin, tələbələrimiz tam təmin edilsinlər”.
TEAS PRESS Nəşriyyat evinin baş redaktoru Famil Cəfərli nəşriyyatın gördüyü işlərdən və gələcək hədəflərindən danışıb: “Biz bu il ingilis, rus, türk dilindən Azərbaycan dilinə 100-dən çox kitab tərcümə eləmişik. Elə xarici müəlliflər var ki, onları Azərbaycana ilk dəfə olaraq biz tanıtmışıq. TEAS PRESS Nəşriyyat evinin “YAY” bölməsi əsasən gənclər və yeniyetmələr üçün romanlar, “ÜÇ ALMA” bölməsi isə uşaq ədəbiyyatı nəşr edir. Bu il 300-dən çox çeşiddə kitab buraxmışıq. Bütün yaş kateqoriyalarında tərcümə və poliqrafik keyfiyyəti yüksək səviyyədə olan kitablarımız var. Biz həm yerli, həm də xarici müəlliflərlə işləyirik. Yerli müəlliflərdən Çingiz Abdullayev, Elxan Elatlı, Varisi misal göstərə bilərəm. Xarici müəlliflərdən isə bu il Nobel mükafatı alan yazıçı Kazuo İşiquronun əsərini ilk dəfə Azərbaycan dilində nəşr etmişik. Bədii ədəbiyyat bölümündən başqa tarix, biznes, motivasiya, akademik, elmi-kütləvi ədəbiyyat kateqoriyaları üzrə xeyli sayda kitablarımız çıxıb. Ümumilikdə 2017-ci ildə 115 adda xarici əsər bizim dilə tərcümə olunaraq nəşr olunub. Bunlar arasında dünya şöhrətli yazıçılar Saymon Sebaq Montefiorenin, Hans Morgentaunun, Luiza Heyin bestseller olmuş əsərlərini oxuculara ilk dəfə biz təqdim etmişik. Azərbaycan tarixi ilə bağlı Həsən Həsənovun 3 kitabını – “Bakı Qız qalası”, “Bakı tanrıçılıq kompleksi”, “Makedoniyalı İsgəndər və Atropat” əsərlərini Azərbaycan dilində ilk dəfə biz tərcümə və nəşr etdirmişik. Bundan əlavə kinoşünas Aydın Dadaşovun “Müasir Azərbaycan kinosu” kitabı artıq satışdadır. İlham Rəhimlinin “Azərbaycan Teatr Tarixi” isə yaxın günlərdə satışa çıxarılacaq. Oxucu marağına gəlincə, bu ilin sentyabr ayında Bakıda keçirilən Beynəlxalq kitab sərgi-yarmarkasında iştirak etdik. İndiki halda oxucu auditoriyası pis deyil, ancaq istərdik ki, daha çox olsun. 2018-ci il üçün isə yalnız onu deyə bilərəm ki, hədəflərimiz bu ilkindən daha çoxdur”.
Yazıçı Qan Turalı bildirib ki, ədəbiyyat üçün bir il çox qısa zamandır: “Bəzən bir il bir romanın hazırlığına belə kifayət etmir. Bu mənada bir ili hesabat üçün əsaslı xammal verən müddət saymaq da çətindir. Açığı, bu ili məncə biz daha sönük yaşadıq. Getdikcə adiləşən və hətta bayağılaşan kitab təqdimatları bu il də davam etdi. Burada belə kreativ ola bilmədik. Nəşriyyat və yayım şəbəkəsi ilə bağlı problemlər qalır. Hə, bir də, “Xalqın şairi” müsabiqəsi. İlin ədəbi hadisəsi budursa, deməli, çox hadisəsiz yaşamışıq. Gələn ilə bütün bu problemlərlə giririk. Və tərəqqiyə inanaq, inanaq ki, hər şey il ötdükcə daha gözəl olacaq”.
1905.az