Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinə start verib. Aprelin 20-də bununla bağlı Azərbaycan Memarlıq və İnaşaat Universitetində tədbir olub.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Ermənistan silahlı qüvvələrinin aprel təxribatları zamanı həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbiri universitetin prorektoru Arif Şərifov açdı. A.Şərifov AVCİYA-nın “Sərsəng harayı” layihəsindən və onun məntiqi davamı olaraq millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə qəbul olunan AŞPA-nın 2085 saylı qətnamə ilə bağlı məlumat verdi. Natiq qeyd etdi ki, Obama administarsiyasına ünvanlanan petisiyanın əsasını da həmin qətnamənin müddəaları təşkil edir. Qeyd olundu ki, AMİU bu petisiya layihəsini dəstəkləyir və indiyə kimi 988 nəfər bu müraciətə səs verib.
AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfüqarlı qeyd etdi ki, AVCİYA torpaqlarımızın Ermənistan tərəfindən işğalının nəticələrinin dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır. AVCİYA-nın prezidenti Elxan Süleymanovun ABŞ administrasiyasına ünvanlanan müraciəti də həmin fəaliyyətin tərkib hissəsidir. M.Zülfüqarlı gəncləri səsvermə prosesində fəal olmağa çağırdı və bildirdi ki, bu aksiya həm də erməni yalanlarının bütün dünyada ifşa edilməsinə yardım göstərəcək.
AVCİYA-nın nümayəndəsi Rüfət Muradov səsvermə qaydası ilə tədbir iştirakçılarını tanış edərək bildirdi ki, birgə səylərlə ümumi səslərin sayı qat-qat çox olacaq.