“İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri tərəfindən guya hərbi təlimlərin keçirilməsi barədə məlumatların yayılması ermənilərin növbəti təxribatıdır”.
Bunu APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Müdafiə Nazirliyi bəyan edib ki, ağır iqtisadi, hərbi, demoqrafik və sosial şəraitdə yaşayan qondarma qurumun təlim adı altında keçirdiyi tədbir yalnız öz ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə təşkil edilən bir şoudur: “Bir neçə köhnə hərbi texnikanın, bir taqım şəxsi heyətin və təsərrüfat işlərindən zorla ayrılaraq poliqona gətirilən dinc sakinlərin cəlb olunması ilə keçirilən bu toplantı döyüş meydanındakı bacarıqsızlıqlarını gizlətmək niyyətində olan cinayətkar hərbi rejim rəhbərliyinin növbəti uğursuz cəhdidir. Ancaq bu kimi və buna bənzər istənilən tədbirlər kriminal-hərbi rejimin düşdüyü ağır vəziyyətdən çıxmasına kömək etməyəcək. Bu məsələdə yalnız bir narahatedici məqam var. O da beynəlxalq hüquq normaları və prinsiplərinə məhəl qoymayan erməni tərəfinin sistematik hal almış təxribat xarakterli bu cür əməllərinə beynəlxalq qurumların biganə yanaşmasıdır”.