Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ixtisaslaşdırılmış institutlarının dəstəyi ilə Bakıda “Azərbaycan multikulturalizm modeli: etnomədəni müxtəliflik” mövzusunda beynəlxalq konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Milli Məclisin deputatları və aidiyyəti dövlət orqanlarının əməkdaşları, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına üzv olan gənclər təşkilatlarının rəhbərləri, AMEA-nın Qafqazşünaslıq, Hüquq və İnsan Haqları institutlarının aparıcı elmi işçiləri, İsrail, ABŞ və Böyük Britaniyadan olan siyasi təhlilçilər, jurnalistlər və tədqiqatçılar iştirak edirlər. Bundan başqa, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin üzvləri, erməni əsilli tarixçi-alim Artur Ağacanov və ictimai fəal Rima Sarkisova, eləcə də Azərbaycan Alban-Udi Xristian İcmasının üzvləri, yerli və xarici KİV-lərin nümayəndələri də tədbirə qatılıblar.
Konfrans iştirakçıları əvvəlcə Dövlət Komissiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən nəşr edilən əyani vəsaitlərlə tanış olublar.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, işçi qrupunun rəhbəri İsmayıl Axundov konfransı açaraq onun məqsədi, müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və uğurlu siyasətin mühüm tərkib hissələri olan tolerantlığın və etnomədəni müxtəlifliyin qorunub saxlanılması, mədəniyyətlərarası dialoqun rolunun artırılması, multikulturalizmin nümunəvi Azərbaycan modelinin təbliği və təşviqidir.
Beynəlxalq konfransda Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin baş məsləhətçisi Etibar Nəcəfov “Multikulturalizm Azərbaycan Respublikasının dövlət siyasəti kimi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənov “Azərbaycan multikulturalizminin siyasi və hüquqi əsasları”, Mərkəzin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut “Azərbaycan multikulturalizmi Ermənistan monoetnikliyinə cavabdır”, “Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması”nın idarə heyətinin üzvü, erməni əsilli tarixçi-alim Artur Ağacanov “Qarabağ erməniləri çoxmillətli suveren Azərbaycanın bir hissəsidir”, idarə heyətinin digər üzvü, ictimai fəal Rima Sarkisova “Azərbaycan multikulturalizmi tolerantlıq prinsiplərinə sadiqliyin əyani nümunəsidir”, amerikalı siyasi təhlilçi, beynəlxalq jurnalist Piter Teys “Azərbaycanın işğal olunmuş ərazilərində etnomədəni irsin dağıdılması”, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun aparıcı elmi işçisi Moisey Bekker “Ermənisayaq” multikulturalizm” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Azərbaycan dövlətinin müvəffəqiyyətlə gerçəkləşdirdiyi və beynəlxalq aləmdə rəğbətlə qarşılanan mədəniyyətlərarası dialoq, tolerantlıq və multikulturalizm siyasətinin ümumbəşəri dəyərlərin qorunmasında və beynəlmiləl münasibətlərin genişləndirilməsindəki yeri və rolu barədə danışılıb.
Monoetnik və təcavüzkar Ermənistanda hökm sürən ksenofobiyanın, faşizmin və ifrat şovinizmin dövlət siyasəti səviyyəsinə qaldırılması, həmçinin sürətli inkişafın, xalqlararası dostluğun və əməkdaşlığın rəmzinə çevrilmiş bölgə ölkələrinə separatçılıq və milli ayrı-seçkilik kimi təhlükələri “ixrac” etməsi cəhdləri və bunun ümumi sabitlik, əmin-amanlıq üçün doğurduğu qorxulu fəsadlar barədə dünya ictimaiyyətinin diqqətinə ünvanlanmış məlumatlar paylaşılıb.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı Azər Səlimovun “Ermənistanın Azərbaycana qarşı uğursuz təxribat-pozuculuq cəhdləri”, Böyük Britaniyanın London İqtisadiyyat Məktəbinin tədqiqatçısı Mikaela Nikolettanın “Azərbaycanda etnik müxtəliflik”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Turan İsmayılovanın “Ermənistanda ifrat millətçilik və ayrı-seçkilik”, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobilinin “Tarixə baxış: Alban Apostol kilsəsinin erməniləşdirilməsi cəhdləri”, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı Nəsibə Mirzəyevanın “Gürcü kilsələrinin erməniləşdirilməsi məsələsi”, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu rəhbərinin müavini Eldar Səmədovun “Azərbaycan xalqının qəhrəman övladlarının Vətən uğrunda şücaət nümunələri” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Ermənistanın təcavüzkar, qeyri-konstruktiv və dağıdıcı fəaliyyətinin ifşa olunması ilə bağlı konkret və əsaslı faktlar əyani şəkildə göstərilib.
Məruzələrdən sonra mövzu ətrafında aparılan müzakirələrdə Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və başqaları çıxış edərək Ermənistan hakimiyyətinin dağıdıcı fəaliyyəti barədə belə müzakirələrin, bu müzakirələrin nəticələrinin dünya ictimaiyyətinə çatdırılması baxımından konfransın önəmini yüksək qiymətləndiriblər. Həmçinin Azərbaycan dövlətinin multikultural siyasətinin təbliği baxımından bu tədbirin əhəmiyyəti xüsusi vurğulanıb.
Dövlət Komissiyasının katibi, işçi qrupun rəhbəri İsmayıl Axundov səmərəli müzakirələrin aparıldığı konfransda səslənən məruzələrin vahid bir nəşrdə toplanılaraq müxtəlif dillərə tərcümə edilib yayılacağını söyləyib.