Azərbaycan neftinin qiyməti son 3 ilin maksimumuna çatıb.
AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 1 faizədək bahalaşaraq 70,54 dollar olub. Bu, son 3 il 1 ayda qeydə alınan ən yüksək qiymət göstəricisidir.
Belə ki, “AzəriLayt”ın bir barreli sonuncu dəfə 2014-cü il dekabrın 5-də 70,60 dollara satılıb. Həmin gündən sonra ucuzlaşmağa başlayan Azərbaycan neftinin bir barrelinin qiyməti 2015-ci ildə 38-70 dollar arasında dəyişib.
“AzəriLayt”ın bir barreli 2016-cı il yanvarın 21-də minimuma – 28,82 dollar/barrelə enib. Daha sonra nisbətən bahalaşan Azərbaycan nefti 2016-cı ildə 28-57 dollar/barrel arasında dəyişib.
2017-ci ilin əvvəlində isə 57 dollara satılan “AzəriLayt”ın bir barreli ilin ortalarında 46 dollara geriləsə də dekabrda 69 dollaradək bahalaşıb.
Qeyd edək ki, Azərbaycan neftinin bir barreli 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollara, 2008-ci ilin iyulunda isə maksimuma çataraq 149,66 dollara satılıb.