APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 9-da saat 14.35 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Nəticədə Silahlı Qüvvələrimizin 1990-cı il təvəllüdlü, Ağdam rayonundan hərbi xidmətə çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlu döyüş mövqeyində düşmən atəşinin qarşısını alarkən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərimizin doğmalarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.