AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Vahabovanın “Azərbaycan orta əsr silahları (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” monoqrafiyası 2019-cu ildə çapdan çıxıb.
Kitabın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov, rəyçisi isə tarix elmləri doktoru Nərgiz Əliyevadır.
Kitab haqqında fikirlərini “1905.az” portalı ilə bölüşən Sevinc Vahabova bildirib ki, hazırda hamısı Azərbaycana aid olmasa da Azərbaycan Tarixi Muzeyinin fondunda 700-ə yaxın silah saxlanılır. Bu kitabda isə sırf Azərbaycana aid silahların az bir qismi haqqında məlumatlar öz əksini tapıb.
Müəllif qeyd edib ki, bizim silah ustaları başqa millətlərin nümayəndələrindən fərqli olaraq adlarını, möhrünü istehsal etdiyi silahın üzərində qeyd etməyiblər, çox zaman öz damğalarını vurmaqla kifayətləniblər. Biz hazırlanma texnologiyası və istehsal edildiyi material (Dəməşq poladı – S.V.) əsasında həmin silahın Azərbaycana məxsus olduğunu müəyyənləşdiririk. Rus müəlliflərinin özləri də yazır ki, biz bura gələndə yerli əhalinin topu, qılıncı və başqa silahları var idi. Amma bunlar hamısı əl işi idi. Sadəcə Türkmənçay müqaviləsindən sonra Azərbaycanda Rusiya silah zavodlarının (Tula, İjevsk – S.V.) məhsulları daha çox satılmağa başladı.
Hərb tarixi baxımından bu mövzu tarix elmləri doktoru Mehman Süleymanov, tarix üzrə fəlsəfə doktorları Səbuhi Əhmədov, Nərminə Əmirbəyova tərəfindən təqdiq edilsə də monoqrafiya tarixşünaslığımızda XVIII-XIX əsrlərdə Azərbaycan silahının araşdırılmasına həsr olunmuş ilk xüsusi tədqiqat işidir.
Kitabda Azərbaycanın bütün növ silahlarının təsnifatı, izahı, şəkilləri verilib, onların hazırlanma üsulları, istifadə qaydaları təhlil edilib. Monoqrafiya muzeyin maddi mədəniyyət nümunələri arasında mühüm yer tutan silah kolleksiyası əsasında hazırlanıb.
Tədqiqat işində MÜDAFİƏ SİLAHLARI bölümündə dəbilqələr, yaraqlar, qalxanlar, əlavə müdafiə elementləri olan qolçaq və bazubəndlər, SOYUQ SİLAHLAR bölümündə kəsici-batırıcı silahlar, batırıcı silahlar, zərbə silahları, zərbə-doğrayıcı silahlar, soyuq silah istehsalı tarixi, ODLU SİLAHLAR fəslində isə toplar, tüfənglər, tapançalar, odlu silah istehsalı haqqında müfəssəl məlumatlar öz əksini tapmışdır.
“Azərbaycan orta əsr silahları” monoqrafiyası Azərbaycan xalqının tarixini saxtalaşdırmağa əsassız müddəalarla çıxış etməyə can atan şəxslərə və müəyyən dairələrə qarşı tutarlı, obyektiv tarixi gerçəkləri əks etdirən elmi faktlardan biri kimi mühüm əhəmiyyət daşıyır.
1905.az