“Atəşkəs olduqca kövrəkdir, Ermənistan vəziyyətə nəzarət edə bilmir və status-kvo bu cür davam edə bilməz”.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyibş
İşğal olunmuş ərazilərdən bütün işğalçı qüvvələrin çıxarılmasının vacibliyini vurğulayan dövlət başçısı Avropanın indi üzləşdiyi miqrasiya problemi nəticəsində yaranan humanitar böhranı Azərbaycanın 20 il əvvəl yaşadığını qeyd edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyi üçün Ermənistana sanksiyaların tətbiq olunmamasından təəssüfləndiyini bildirib.
“Münaqişənin tezliklə həll olunması regionun sabitliyinə xidmət edəcək”, – deyən prezident İlham Əliyev bildirib ki, bu çətin vəziyyətə baxmayaraq, Azərbaycan uğurla inkişaf edir.
Son 25 ildə ölkədə çox güclü siyasi və iqtisadi islahatlar həyata keçirilib, bütün azadlıqlar təmin olunub.
“Biz Ermənistanla atəşkəs müddətini ölkəmizin inkişafına sərf etmişik”, – deyən dövlət başçısı Azərbaycanın hazırda qlobal enerji layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.