“Dağlıq QarabağAzərbaycanın tarixi torpağıdır. “Qarabağ” sözünün mənşəyi Azərbaycana məxsusdur. Bu, Qara Bağ deməkdir, bunun erməni dilində heç bir mənası yoxdur”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Parisdə UNESCO” style=”line-height: 1.6em;”>UNESCO Baş konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışında deyib. Onun sözlərinə görə, ermənilər bu ərazidə XIX əsrin ortalarında məskunlaşıblar: “Çar Rusiyasının XX əsrin əvvəllərinə təsadüf edən xəritələrinə baxsanız görəcəksiniz ki, Ermənistanın bugünkü ərazisinin, bütün şəhərlərinin və kəndlərinin, bütün toponimlərinin mütləq əksəriyyətinin adları öz mənşəyini Azərbaycan dilindən götürüb. Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaradılıb. Bu respublikanın qəbul etdiyi ilk qərarlardan biri Yerevanı Azərbaycandan Ermənistana vermək oldu. Ermənistanın bugünkü paytaxtı XX əsrin əvvəlində əhalisinin 80 faizini azərbaycanlılar təşkil edən bizim tarixi İrəvan şəhərimizdir. Bu gün bu şəhər tamamilə etnik təmizlənməyə məruz qalıb. Beləliklə, tarix və beynəlxalq hüquq bizim mövqeyimizi dəstəkləyir və sizin də təsəvvür edə bildiyiniz kimi, bu məsələ Azərbaycan üçün, Azərbaycanın hər bir vətəndaşı üçün bir nömrəli məsələdir. Bu faciəvi hadisələrə və bu günədək davam edən işğala baxmayaraq, Azərbaycan transformasiyada böyük uğura imza ata bilib”.
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycanda demokratik təsisatlar yaradılıb, müasir siyasi və çoxpartiyalı sistem qurulub: “Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir. Dünya Bankının qiymətləndirməsinə əsasən 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir. Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir.
Azərbaycan iqtisadi inkişaf sahəsində böyük irəliləyiş əldə edib. Buna üzərimizdə olan qaçqın və məcburi köçkün yükünə rəğmən nail olunub. Ötən onillikdə iqtisadi inkişaf dünyada ən sürətlilər sırasında idi – 300 faizdən çox. İnsan kapitalına sərmayə yatırmaqla biz 10 il müddətində yoxsulluğun səviyyəsini əhəmiyyətli dərəcədə – demək olar ki, 50 faizdən 5 faizə qədər azalda bildik. İşsizlik səviyyəsi hətta 5 faizdən azdır. Bizim çox az xarici borcumuz var, ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Ümumdünya Davos İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı qlobal rəqabətliliyinə görə 40-cı yerdədir. Beləliklə, iqtisadi islahatlar bizə maliyyə ehtiyatlarımızı toplamağa, onları sosial inkişafa və infrastrukturun inkişafına yönəltməyə imkan verdi.
Biz gələcəyə, təhsilə investisiya yatırırıq. Azərbaycanda məktəblərin ümumi sayı 5 minə qədərdir. Bunların 3 mindən çoxu ötən on il ərzində inşa edilib. Biz demək olar ki, yüz faizlik savadlılığa nail olmuşuq. Bu da öz növbəsində bizim gələcəyimizin çox güclü intellekt mənbəyidir. Ötən on il ərzində tikilmiş 500-dən artıq xəstəxana və digər səhiyyə müəssisəsi insanlarımıza müasir tibb xidmətlərindən faydalanmaq imkanı verir. Beləliklə, insan kapitalının inkişaf etdirilməsi bizim üçün həmişə ciddi qəbul edilən prioritet məsələ olmuş və olmaqda davam edir”.
Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynayır
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan sivilizasiyalararası və mədəniyyətlərarası dialoqda çox fəal rol oynayır: “Biz mədəniyyətlərarası dialoq mövzusunda keçirilən üç forumda UNESCO-nun rəsmi tərəfdaşımız olmasından və Azərbaycanın Şərq ilə Qərbin qovuşuğunda yerləşən, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən, lakin, eyni zamanda, dünyəvi cəmiyyəti və hökuməti olan, Avropa Şurasının və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan bir ölkə kimi nadir rol oynamasından qürur hissi duyuruq. Biz bu çox əlverişli fürsətdən istifadə edərək insanları, sivilizasiyaları bir-birinə daha da yaxınlaşdırmağa çalışırıq. Biz 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirakını təmin edən “Bakı prosesi” adlı forum təşəbbüsünü irəli sürdük. Bu, tərəfimizdən atılmış birinci addım idi. Sonra 2009-cu ildə biz əksini etdik. İslam ölkələrinin mədəniyyət nazirlərinin görüşünə Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərini dəvət etdik. Bu gün mədəniyyətlərarası dialoqa heç zaman olmadığı qədər böyük ehtiyac var. “Bakı prosesi” təşəbbüsünü irəli sürəndə dünyadakı vəziyyət tamamilə fərqli idi. Bu gün etimadsızlığın səviyyəsinin artdığını görürük. Müvafiq tədbirlər görməsək, dini zəmində qarşıdurmaların hamımız üçün daha da böyük problemlərə gətirib çıxaracağını görürük. Lakin biz sülh şəraitində yaşaya bilərik və düşünürəm ki, Azərbaycan kimi ölkələrin nümunələri bunu əyani şəkildə göstərir. Bizim ölkəmizdə bütün dinlərin nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar. Hökumətimiz, dövlətimiz nəinki məscidlərin tikintisinə, həmçinin kilsələrin, pravoslav və katolik kilsələrinin, sinaqoqların yenidən qurulmasına və inşasına sərmayə yatırır. Qafqaz regionunda ən qədim kilsələrdən birinin Azərbaycanda, qədim
Şəki şəhərinin yaxınlığında yerləşməsindən fərəhlənirik. Eyni zamanda, 743-cü ildə tikilmiş ən qədim məscidlərdən birinin Azərbaycanın qədim Şamaxı şəhərində yerləşməsindən qürur hissi keçiririk. Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini bayramları eyni masa arxasında qeyd edirlər. Buna görə də multikulturalizm bizim üçün bu gün müzakirə olunan, sadəcə, işləyib-işləməməsindən, həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, bir ideya deyil. Multikulturalizm bizim adət-ənənəmizdir.
Bu gün multikulturalizm təkcə ənənə deyil, bu, dövlət siyasətidir və bizim həyat tərzimizdir. Bu, mümkündür, çünki bizim bu sahədə topladığımız çox vacib təcrübəmiz var. Bunun bir nümunəsi bu il Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsidir. Çox qəribədir ki, Avropadan başqa bütün qitələrin öz oyunları var idi. Olimpiya Oyunlarının ana vətəni qədim Yunanıstan olub, sonra Baron de Kuberten Oyunları burada – Fransada bərpa etmişdir. Lakin Avropanın heç zaman özünəməxsus Oyunları olmamışdı. Beləliklə, Avropa Olimpiya Komitəsinin müsəlman ölkəsində Avropa Oyunlarının bərpası ilə əlaqədar müdrik qərarı multikulturalizm və tolerantlıq ideyalarının hamımız üçün əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Oyunlar uğurla keçirilib və Avropanın 50 Olimpiya Komitəsini təmsil edən 6 mindən çox atlet Oyunlarda iştirak etmişdir. Biz 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcəyik. Ola bilsin ki, uzun illər ərzində Azərbaycan və Bakı bu iki yarışın bir məkanda keçiriləcəyi yeganə yer olaraq qalacaq. Biz qarşılıqlı anlaşmaya töhfə verməyi davam etdirəcəyik, çünki multikulturalizm qarşılıqlı anlaşmaya, qarşılıqlı hörmətə əsaslanır. Siz digər dinlərə öz dininizə rəğbət bəslədiyiniz kimi hörmət etməlisiniz. Siz qonşunuzdan milliyyətini, kilsədə, sinaqoqda və ya məsciddə ibadət etməsini soruşmadan onunla yanaşı yaşamalısınız. Yalnız bu halda biz potensial riskləri azalda bilərik. Biz artan gərginlikləri aradan qaldıra bilərik. Əfsuslar olsun ki, dünyada vəziyyət bizim istədiyimiz istiqamətə doğru dəyişmir. Biz səylərimizi birləşdirməliyik. Biz Azərbaycanda qitələri, sivilizasiyaları bir araya gətirmək üçün üzərimizə düşən vəzifəni yerinə yetiririk. Konfransın sədrinin qeyd etdiyi kimi, gələn il biz xüsusilə multikulturalizm, dini və etnik tolerantlıq məsələlərinin müzakirəsini nəzərdə tutan BMT-nin Sivilizasiyaların Alyansının qlobal forumuna ev sahibliyi edəcəyik. Bu məsələdə UNESCO-nun nadir rolunu vurğulamaq istəyirəm. Biz UNESCO-nun fəaliyyətini və Baş direktoru xanım İrina Bokovanın güclü rəhbərliyini dəstəkləyirik. Azərbaycan UNESCO-ya şərəfli fəaliyyətində dəstək olmaq üçün əlindən gələni edəcək”.