Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli müdafiə naziri Nurəddin Caniklinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA-nın məlumatına görə, dövlət başçısı N. Caniklini Türkiyə milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Prezident İlham Əliyev, eyni zamanda, Nurəddin Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və ona görə də Azərbaycan və Türkiyə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. Ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu deyib.
Dövlət başçısı qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən prezident İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir və bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.
N. Canikli isə Azərbaycan ilə Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq bildirib ki, məqsədimiz bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. N. Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırlayıb.
https://apa.az/dunya-xeberleri/asiya-olkeleri-xeberleri/erdogan-iraqin-simalinda-bas-veren-son-mesele-ohdesinden-gele-bilmeyeceyimiz-bir-sey-deyil-4166.html