Əziz həmvətənlər!
Mən sizə dünya azərbaycanlılarının kədər və hüzn, tarixi yaddaş günü qeyd olunan 31 mart soyqırımı münasibəti ilə müraciət edirəm.
Erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı soyqırımı siyasətinin iki yüz ildən artıq tarixi vardır. Bu mənfur siyasətin qayəsi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur. Müəyyən tarixi dövrlərdə bəzi aparıcı dünya dövlətlərinin planlarına uyğun gələn bu siyasəti reallaşdırmaq üçün ardıcıl olaraq ideoloji, hərbi və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Xalqımızın tarixi kobud surətdə təhrif olunmuş, erməni tarixçiləri və ideoloqları toponimlərimizi, mədəniyyət abidələrimizi öz adlarına çıxmaq üçün davamlı səylər göstərmişlər. Onilliklər boyu davam edən soyqırımı siyasəti total ideoloji təcavüz, terror, hətta ayrı-ayrı vaxtlarda tammiqyaslı hərbi əməliyyatlarla müşayiət olunmuşdur.
Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra tarixi torpaqlarımızda ermənilərin kütləvi şəkildə məskunlaşdırılması, 1905-ci və 1918-ci illərdə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar, 20-ci illərdə Zəngəzurun ermənilərə verilməsi, Qarabağ ərazisində erməni muxtariyyətinin yaradılması, 1948-1953-cü illərdə soydaşlarımızın Ermənistandan deportasiyası vahid strateji planın tərkib hissəsi idi. Ötən əsrin 80-ci illərinin sonunda SSRİ rəhbərliyinin təhriki ilə Ermənistanın Azərbaycana yeni ərazi iddiaları irimiqyaslı müharibə, 20 faiz Azərbaycan torpaqlarının erməni hərbi birləşmələri tərəfindən qəsb edilməsi, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə nəticələndi. 1992-ci ilin fevralında törədilmiş Xocalı faciəsi isə insanlığa qarşı çevrilmiş, öz qəddarlığına və anasızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır. Davakar erməni millətçilərinin və onların ideoloqlarının xalqımıza qarşı cinayətlərinin tam olmayan siyahısı belədir. Yüzillər boyu davam edən bu şovinist və davakar siyasət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb olunmuş, on minlərlə soydaşımız vəhşicəsinə öldürülmüş, minlərlə maddi və mənəvi mədəniyyət abidələri vandallıqla dağıdılmışdır. Keçən dövrdə mütəmadi olaraq erməni xalqının geniş dairələri azərbaycanlılara qarşı nifrət ruhunda tərbiyə olunmuş, kütlənin şüurunda “türk-azərbaycanlı” düşmən obrazı yaradılmış, bu məqsədə xidmət edən “mədəni-milli cəmiyyətlər”, terrorçu təşkilatlar şəbəkəsi qurulmuşdur.
Öz müvəqqəti və aldadıcı uğurlarından vəcdə gəlmiş və bu vəziyyəti hüquqi cəhətdən təsbit etməyə çalışan erməni şovinist millətçiləri beynəlxalq hüquq normalarına meydan oxuyur, dünya dövrlərini və beynəlxalq ictimaiyyəti işğal faktı ilə barışdırmağa çalışırlar. Azərbaycan xalqına, Azərbaycan dövlətinə qarşı ideoloji təxribatlar, məkrli siyasi-diplomatik kombinasiyalar davam etdirilir, bu məqsədlə strukturlaşmış erməni diasporunun və erməni lobbisinin geniş imkanlarından daim istifadə olunur. Hazırda Ermənistan rəhbərliyi və erməni diasporu dünya ictimaiyyətini dezinformasiya yolu ilə aldatmaq praktikasını davam etdirərək, “əzablar görmüş erməni xalqı” obrazını şüurlarda möhkəmləndirməyə cəhd edir. Bütün məqbul və qeyri-məqbul vasitələrdən yararlanmaqla əsl soyqırımı haqqında həqiqətləri təhrif etməyə, təcavüzkarla onun qurbanının ünvanını dəyişməyə çalışırlar.
1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur. Həmin gün soyqırımı qurbanlarının anma tədbirləri keçirilir, dünya ictimaiyyətinin diqqəti xalqımıza qarşı aparılan cinayətkar siyasətə cəlb olunur. Həm də qeyd olunmalıdır ki, xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində son illərdə dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur.
Yalançı “genosid” haqqında yorulmadan dünyaya car çəkən və bundan siyasi-maliyyə dividendləri qazanmaq, hansısa “kompensasiyalara” nail olmaq üçün istifadə edən davakar erməni millətçilərindən fərqli olaraq, biz azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünyaya çatdıran zaman bu kimi məqsədlər güdmürük. Hesab edirik ki, müasir dünyada başqa dövlətlərə qarşı ərazi iddiaları, bütöv xalqlara nifrət ideologiyası, dövlətlər və xalqlar arasında mübahisəli məsələlərin hərb yolu ilə həlli cəhdləri qəbuledilməzdir. Eyni zamanda, bütün dünya əsl soyqırımı haqqında həqiqətləri bilməli, bu gün baş verən hadisələrin kökləri və mahiyyəti açılmalı, yanlış stereotiplər dağıdılmalıdır. Biz müstəqilliyin verdiyi imkanlardan, insanlarımızın vətənpərvərliyindən, ölkəmizin malik olduğu maddi və mənəvi sərvətlərindən faydalanaraq, cəmiyyətimizin və dövlətimizin tərəqqisinə nail olmaq, vətəndaşlarımız üçün firavan və təhlükəsiz həyat təmin etmək əzmi ilə yaşayırıq.
Soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında hörmətlə baş əyərək, xalqımıza səadət, cəmiyyətimizin tərəqqisi və milli vəzifələrimizin həlli yolunda uğurlar arzulayıram.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
“Azərbaycan” qəzeti, 30 mart 2003