Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Səfir Katsuya Vatanabe Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitonun Yaponiya-Azərbaycan əlaqələrinin daha da inkişaf etdirilməsi ilə bağlı arzusunu dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev minnətdarlığını bildirərək, onun da xoş arzularını Yaponiyanın İmperatoruna çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin 30 ildən artıqdır ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirdi, qarşıdan gələn illərdə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.
Azərbaycan Prezidenti ilə görüşdən böyük şərəf hissi duyduğunu deyən Katsuya Vatanabe xoş sözlərə görə minnətdarlığını bildirdi. O, ölkələrimiz arasında dostluq və xoş münasibətlərin mövcud olmasında dövlətimizin başçısının rolunu xüsusi qeyd etdi.
Səfir COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.
Katsuya Vatanabe öz növbəsində qeyd etdi ki, ölkəsi yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də ölkələrimiz arasında əməkdaşlıq üçün böyük imkanlar var. Səfir Azərbaycan-Yaponiya əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini dedi.